Heykəlin oğlu

  • 23 avq 2017, 08:46

Deputatxana yay tətilinə çıxıb, bir az da qanunlar yox, şezlonq üzərində uzandığı günlərimizdə bəzi şıltaq, dəcəl üzvlər gündəmdən düşmürlər.

Özünü günə verməklə gündəmə verməyin fərqi vardır. İkincilər xalqa daha yaxın tiplərdir. Elə biz jurnalistlər də gündəmdə qaralmağı sevən deputatlara min dəfə artıq hörmət bəsləyirik, çünki temaların öldüyü, mövzuların günvurmadan gicəlləndiyi bu isti avqust günlərində onlar bizim çörək ağacımızdır. Heç nə olmasa da, Tanzaniyada qəbilə başçısının yeddinci arvaddan olan beşinci oğlunun dümbülünü timsah dişləməsə, hətta Meksikada kimsə yol qəzasına düşməsə belə, deputatlarımız yazmağa, danışmağa mövzu verirlər.

Bu deputatlar bir az da anaları tərəfindən sıxışdırılan gözlüklü, aşırma şalvarlı, ağzıayrıq ibtidai sinif şagirdlərinə bənzəyirlər. Təsəvvür elə, uşaqlar həyətdə tozun içində topla eşələnir, velosiped sürür, nə bilim, sadəcə elə burunlarını qurtdalayır, sən isə qəddar ananın hardansa tapıb aldığı "Yay tapşırıqları” adlı qorxunc kitab üzərində işləməlisən. Eybi yoxdur. Əsas odur sentyabrda dərslər başlayanda məktəbin direktoru Oqtay müəllim Astanın gündəliyinə yağlı-piyli, quyruqları sallanan bir qəşəng "5" yazacaqdır. Deyəcək, sağ ol, hamı yatmışdı, ancaq sən oyaq idin, Qaçqınkom sədrinə dayaq idin, cəmiyyətimizə mayak idin, içməyə konyak idin. (Axırıncı çox zay qafiyə oldu, bilirəm, üzrlü sayın. Neyləyim, Anar müəllim AYB üzvlüyünə götürsə yaxşı qafiyə qoşmağı öyrənərdim).

Belə yay-qış demədən işləyən deputatlardan biri isə Rüstəm Xəlilovdur. Açığı, mən onun adını birinci dəfə eşidirdim, ancaq bu istidə gündəmə gəlmək elə neçə çağırış deputatlığa bərabərdir. Jurnalistlər yazdılar ki, Rüstəm müəllim atasına Sabirabadın Nizami kəndində, Füzuli küçəsi ilə Nəsimi küçəsinin kəsişməsində qızıl suyuna çəkilmiş heykəl qoyubdur. (Füzuli ilə Nəsimini versiya olaraq yazdım, dəqiq bilmirəm. Fikirləşdim yəqin Sabir və Nizami ilə başlayan söhbət belə davam etsə, poeziyamızın dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirməkdə vüsət göstərər, o tayda Zəlimxan müəllimin ruhu isə şad olar. İlahi, amin! Yazını bu yerdən oxumağa başlayanlar üçün də bir salavat çevirək!).

İnformasiyalarda Rüstəm müəllimin Sabirabaddan deputat olması yazılmamışdı, heç dəqiqləşdirmədim. Ancaq deyirlər, atası sovet vaxtı uzun müddət həmin kəndin kolxoz sədri olubdur, hətta Sosialist Əməyi Qəhrəmanı, Ali Sovetin deputatı-filan qoyulubdur. İndiki uşaqlar bilməz, o zamanlar çobanları, sağıcıları, kolxoz sədrlərini və başqa bu tip zəhmətkeşləri deputat qoyurdular, onlar da gedib əl çalıb gəlirdilər. Əl çalmağın bir neçə üsulu da var idi: "sürəkli alqışlar”, "gurultulu alqışlar”, "gurultulu və sürəkli alqışlar”, "alqışlar, hamı ayağa qalxır”. Məzə üçün yazmıram, bunlar hamısı "Pravda” və "Kommunist” qəzetlərində bitdə-bitdə yazılırdı. Allah Qorbaçovun və Raisanın evini yıxsın. Bunların hamısının kaseti rəhmətlik Rəşid Behbudovda var idi...

Harda qalmışdıq? Hə, Rüstəm müəllimdə. Bəzi korazehin, GMObeyinli (təzə kəşfimdir), əqrəba evliliyindən törəmə jurnalistlər hörmətli deputatı qınadılar, dedilər axı nə üçün o dədəsinə heykəl qoyubdur. Hətta o dərəcədə mövzunu qurdaladılar, yazdılar ki, SSRİ vaxtı ancaq iki dəfə əmək və ya elə sadəcə qəhrəman adı alan tiplərə öz vətənlərində büst qoyulurdu. Çünki Rüstəm müəllim söhbət təzə qızışanda "O heykəl sovetdən qalmadır” demişdi. Açığı, mən də buna şübhə ilə yanaşdım, çünki paxıllar yaydıqları xəbərə heykəlin fotosunu da əlavə etmişdilər, fotodan isə görünürdü ki, bu büst deyil, o məşhur lətifədəki söhbət olmasın, "lap əməlli başlı” heykəldir.

Məncə bu mövzunu qapamaq lazımdır, o kənddə o kişiyə heykəl qoymaq vacib idi. Çünki belə oğul yetişdiribdir! Heç nə danışmır, nə xalqı soğan əkməyə dəvət edir, nə müəllimləri çoban olmağa. Maşınla adam basdalayan nazir nəvələrini müdafiə çıxışları da yapmır. Vaxtlı-vaxtında gəlir, düyməsini basır, çıxır gedir kasıbçılığının dalıyca. Allah atasına rəhmət, atasının kənddəki heykəlinə də qəşəng ziyarətlər qismət eləsin.

Hələ məncə yoxdursa kənddə Gülabba müəllimə (deputatın atasının ismi-şərifidir) muzey də açılmalıdır. Açılışa o məşhur qrupu da çağıraq, gəlib "Həpi nyu iyə” oxusunlar. Bu hardan ağlıma gəldi, heç bilmirəm.

Zamin Hacı

Oxşar xəbərlər