25 il öncə xalq “Ümid var gələcəyə...” deyirdi

  • 08 iyun 2017, 08:29

25 il öncə iyunun 7-də ölkədə prezident seçkiləri keçirilirdi. Ölkə tarixində ilk dəfə idi ki, bu qədər namizədin qatıldığı bir seçki kampaniyası təşkil olunmuşdu.

7 iyundan ilyarım öncə Ayaz Mütəllibovun ASDP sədri Zərdüşt Əlizadəyə qalib gəldiyi seçki nə legitim, nə də obyektiv və dürüst idi. Çünki ölkənin ən böyük siyasi təşkilatı AXC normal seçki mühitinin olmamasına görə seçkini boykot etmişdi. Zərdüşt Əlizadə isə bu fürsətdən yararlanaraq, həm özünü və partiyasını tanıdırdı, həm də seçkiyə legitimlik donu qazandırırdı.


7 iyun seçkisində isə namizədlər çox idi: AXC sədri Əbülfəz Elçibəy, eks-spiker Yaqub Məmmədov, sabiq baş prokuror İlyas İsmayılov, akademik Nizami Süleymanov, AMİP sədri Etibar Məmmədov, parlament sədrinin müavini Tamerlan Qarayev, partiya sədri Rafiq Turabxanoğlu.


Seçkiyə iki gün qalmış E.Məmmədov və T.Qarayev namizədliklərini Elçibəyin xeyrinə geri götürdülər.

7 iyun seçkisinin favoriti Elçibəy idi. Administrativ resurslar da artıq yarı-yarıya onun rəhbərlik etdiyi təşkilatın əlində idi. Əgər Yaqub Məmmədov istefa vermiş olmasaydı, təbii ki, seçkinin favoriti o olacaqdı. Ancaq mayın 15-də ölkədə siyasi vəziyyət dəyişmişdi, AXC yerdə qalmış hakimiyyəti özü də istəmədən götürmüş, İsa Qəmbər parlamentin sədri seçilmişdi və prezidentin səlahiyyətlərini icra edirdi. 

Bununla belə, məğlub olmuş partokratların hansısa formada müqavimət göstərəcəyi bəlliydi. Onlar sürətlə toparlanmağa çalışdılar, ancaq işi sona çatdıra bilmədilər. Mayın 15-dən iyunun 7-nə qədər olan vaxt ərzində onların gücü əhaliyə fantastik və şirnikdirici vədlər verən Nizami Süleymanovun ətrafında sıx birləşməyə çatdı.


N.Süleymanov 33 faizlə seçki ikincisi oldu.


Sonradan Elçibəyin qələbəsinə kölgə düşürmək üçün çox iftiraya, böhtana əl atdılar, amma fakt o idi ki, ölkənin yeganə güclü və diri təşkilatı olan AXC-nin sədri seçkidə qalib gəlmişdi. Ayrı-ayrı rayonlarda seçki pozuntuları, hətta saxtakarlıq faktları ola bilərdi, amma bu, Elçibəyin ölkə üzrə qazandığı qələbənin şübhə altına alınması üçün kifayət deyildi.


O zaman Elçibəyin seçki kampaniyasının şüarı "Ümid var gələcəyə, səs verək Elçibəyə” idi və ölkəni xaosdan qurtara biləcək yeganə güclü təşkilat olaraq meydanda yalnız AXC qalmışdı.


Bundan 1 ay öncə Şuşa, ondan on gün sonra isə Laçın işğal olunmuşdu, ölkədə ciddi bir panika vardı. Düşmənin qarşısında dayanan yeganə hərbi qüvvə də AXC batalyonları, könüllülər, XTPD-çilər idi. Belə bir durumda Elçibəydən başqasının hakimiyyətə gəlməsi mümkün deyildi.
Gözlənilən oldu. Elçibəy seçkinin ilk turunda seçicilərin yarıdan çoxunun səsini qazandı. Nə ondan əvvəl, nə də sonra heç kəs bu qədər aşağı faizlə prezident seçilməyib. Ancaq bu, onun legitimliyinə təsir etmirdi.


Elçibəy legitim prezident idi. O, xalqın ona səs verməyən hissəsinin də etimadını qazanacağına ümid edirdi. Bundan ötrü "milli təsanüd” ideyası ortaya atılmışdı.


Həmin ideya siyasi baxışlarından asılı olmayaraq hər kəsin, bütün siyasi qüvvələrin dövlət quruculuğu işinə cəlb edilməsini, milli həmrəyliyə nail olunmasını nəzərdə tuturdu.

Məhz bu üzdən idi ki, istər 7 iyundan sonra, istərsə də daha sonrakı vaxtlarda keçmiş hakimiyyətlərin dönəmində yüksək vəzifələr tutmuş minlərlə kadr öz vəzifələrindən götürülmədilər.


Ancaq onlar səksəkə içində gözləyirdilər, partokratların əndişəsi bir il çəkdi, bir ildən sonra onlar hakimiyyətə gələn YAP-ın fəallarına çevrildilər və rahatlaşdılar.


7 iyun seçkisi ümid verirdi ki, bundan belə ölkədə siyasi hakimiyyət məsələsi yalnız seçki yoluyla həll olunacaq. Hər halda AXC-Müsavat tandemində belə bir qənaət, hətta bugünkü prizmadan qiymətləndirsək, əndişə vardı.


Əslində 7 iyundan bir-iki ay sonra yeni parlament seçkiləri keçirmək və hakimiyyəti bir az möhkəmləndirmək mümkün idi. Ancaq Elçibəy iqtidarı Qarabağda müharibə kampaniyasına start verdiyindən bu fürsət qaçırıldı. İl payıza dönəndə isə Elçibəy iqtidarı öz nüfuzunu bir qədər azaldığını hiss edərək seçkiyə getməkdən qorxdu.


Elçibəy seçkidə müxtəlif texnologiyalardan, o cümlədən saxtakarlıq və zorakılıqdan istifadə edərək hakimiyyət dövranını uzatmaq fikrində deyildi, dürüst seçkidə isə artıq AMİP-in ətrafında sıx birləşməkdə olan köhnə kommunistlər güruhu ya qalib gələcəkdi, ya da hökumətə şərik olacaqdı. Əlac münasib vaxtı, əlverişli şəraitin yetişməsini gözləməyə qalırdı.


O şərait isə yetişmədi. 7 iyunun 1 ilinin tamamında artıq AXC-Müsavat komandasının iqtidardan salınmasına 10 gün qalırdı.

Xalid Kazımlı

Oxşar xəbərlər