Məscid bol olarsa, basılmaz vətən..?

  • 01 iyun 2017, 20:09

NUH.az-ın baş redaaktoru

Kamran Məhərrəmli

 

( Mövzunun  aktuallığını nəzərə alaraq yenidən paylaşdım ) 

 

"Yeni Müsavat” qəzetinin baş redaktoru hörmətli Rauf Arifoğlu ilə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev arasında "məscidlərin sayı” ilə əlaqədar "polemika” barədə eşitsəm də təfsilatı ilə bu gün tanış ola bildim. Azinform.az-ın bu gün yaydığı videoya baxandan sonra münasibət bildirmək qərarına gəldim. Sözün düzü, məni nə Rauf bəyin, nə də Adil müəllimin personası deyil, "məscidlərin say” məsələsi maraqlandırır. Yəni bu xırda yazını hər iki hörmətli şəxsə cavab kimi qəbul etmək lazım deyil. Məni narahat edən "məscid bumu”dur.

Videogörüntüyə baxanda bəlli olur ki, Rauf bəy məscidlərin sayının daha çox olmasını və ən əsası bunun cəmiyyətimiz üçün faydalarını xüsusi olaraq qeyd edir...

Doğrudanmı, məscidlərin sayının az qala həndəsi silsilə ilə artması cəmiyyətimiz üçün bu qədər əhəmiyyətlidir..?

Məlumdur ki, əgər sovet dövründə Azərbaycanda onlarla məscid vardısa, indi respublikamızda demək olar ki, hər kənddə, hər yaşayış məntəqəsində məscid var. Onların sayı on minlərlədir. Yəni bu gün ölkəmizdə "tikinti-göydələn bumu”na bənzəyən "məscid bumu” yaşanır.

Axı, unutmaq lazım deyil ki, kəmiyyət artımı heç də həmişə keyfiyyət artımı ilə müşahidə olunmur. Son 20 ildə məscidlərin, mədrəsələrin, hacıların, məşədilərin sayı artdıqca korrupsiyanın, rüşvətxorluğun, əxlaqsızlıq yuvalarının, qadın alverinin, narkomanların, uşaqbazların, evlərimizi tele-efir vasitəsi ilə zəbt etmiş və əksəriyyəti "hacı-məşədi” titulu daşıyan, millətə "ağsaqqallıq-ağbirçəklik” dərsi keçən şou əhlinin sayının həndəsi silsilə ilə artmasını, büt(s)pərəstliyin və digər neqativ halların "çiçəklənməsini” necə izah edək? Bəlkə bunların arasında bir əlaqə var?

Müstəqillik dövründə məscidlərimizin sayı "onlarla” dan "on minlərə”dək artıb. Yəni 1000 dəfə. Bəs, mərhəmətin, ədalətin payı cəmiyyətimizdə heç olmasa 5-10 faiz artıbmı? Bəlkə əksinə, azalıb?

Məscidlərin tikildiyi kəndlərdə görəsən əxlaq, mənəvi dəyərlər, böyük-kiçiklik heç olmasa 20-25 il əvvəlki səviyyədə qalıbmı? Adına "Allahsız dövlət” dediyimiz, məscidlərin sayının çox az olduğu sovet dönəmindəkiləri heç olmasa qoruya bildikmi? Budurmu, bizim "Allahlı, məşədili, hacılı cəmiyyətimiz?”.

Mən sıradan bir müsəlman olaraq məscidlərin tikilməsinin əleyhinə deyiləm. Ancaq məscidlərin sayını aybaay, günbəgün artırmaq nə vaxtdan məqsəd olub? Pambıq, üzüm planıdır, məgər?

Vaxtilə məlum səbəblərdən məscidlərin olmadığı kəndlərdə kitabxanalar, mədəniyyət ocaqları var idi. Şəhərlərimizdə zavodlar, fabriklər işləyirdi. Və ən əsası kənddə-şəhərdə az-çox həyat qaynayırdı. Bəs bu gün vəziyyət necədir? Sanki cəmiyyətdə təhsil və mədəniyyət işçilərinin rolu arxa plana keçib. Və onların yerini mollalar tutub.

Görəsən, bu barədə hörmətli Rauf bəy nə düşünür?

Oxşar xəbərlər