Bakıda Gül bayramı fərqli formada keçirilir

  • 10 may 2017, 12:19

Görkəmli dövlət xadimi, mərhum Heydər Əliyevin doğum günü ilə bağlı hər ilin 10 mayda keçirilən Gül bayramı yeni formatda qeyd olunur
Demokratik.Az bildirir ki,bu gün Bakı şəhərinin bütün park, bağ və xiyabanlarında yaşıllaşdırma işləri və güləkmə mərasimi, abadlaşdırma iməcilikləri təşkil olunub.
Meriyadan sorğumuza verilən cavabda bildirilib ki, hər il mərhum prezident Heydər Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramı geniş ictimaiyyətdə böyük maraq doğurub və bununla bağlı şəhər İcra Hakimiyyətinə çoxsaylı vətəndaş təşəbbüsləri daxil olub. Bakı Şəhər İcra Hakimiyyəti müraciət edən ayrı-ayrı təşkilatların, tədbirə müstəqil şəkildə qoşulmaq niyyətində olan ictimaiyyət nümayəndələrinin və vətəndaşların bu prosesdə daha fəal iştirakını təmin etmək məqsədilə Gül bayramının yeni formatda keçirilməsi barədə qərar qəbul edib.
Bu gün geniş ictimaiyyətin və icra hakimiyyəti strukturlarının iştirak etdiyi Gül bayramında hər rayon özünəməxsus formada abadlaşdırma və güləkmə işləri aparır. Builki Gül bayramı təkcə bir park çərçivəsində gül-çiçəklərin, çələnglərin, dekorativ bitkilərin müxtəlif dizaynla təqdimatı ilə deyil, ictimaiyyətin, ayrı-ayrı təşkilatların, sıravi vətəndaşların geniş iştirakı ilə şəhərin bütün parklarında keçirilir. İnsanlar sərbəst şəkildə öz bacarıqlarını nümayiş etdirmək imkanına malikdirlər.
Xatırladaq ki, 2016-cı ildə də Gül bayramı prezident İlham Əliyevin göstərişilə fərqli formatda keçirlmişdi. Belə ki, dövlət başçısı tədbirin keçiriləcəyi vaxtın "Aprel şəhidləri”nin 40 mərasiminə düşdüyünü nəzərə alaraq, bayramın ləğvi haqda göstəriş vermişdi.
Qeyd edək ki, Gül bayramı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun təşəbbüsüdür.

 

Demokratik.Az

Oxşar xəbərlər