Bu da sənə “türk əsri”...

  • 10 apr 2017, 08:19

Aprelin 7-də İsveçin paytaxtı Stokholmun terror vəhşətini yaşamaq növbəsi çatdı. Bir yaramaz qaçırtdığı yük avtomobilini dinc insanların üstünə sürdü, 4 nəfər öldü, 15 nəfər yaralandı. Polisin açıqlamalarına görə terroru törədən 39 yaşlı Özbəkistan vətəndaşı imiş.

Aprelin 3-də Rusiyanın Sankt-Peterburq şəhər metrosunda bomba partladılır. 11 nəfər ölür, onlarla ağır yaralı var. Terroru törədən özbək əsilli Qırğızıstan vətəndaşı Əkbərcan Cəlilov çıxır.

Daha öncə, yanvarın 1-nə keçən gecə Türkiyənin İstanbul şəhəri qorxunc hadisə ilə üzbəüz qalır. Bir nəfər "Reyna” gecə klubuna girib camaatı gülləbaran edir. 39 nəfər ölür, 80 nəfərə qədər yaralanır. Terrorçu az sonra yaxalanır, bu da milliyyətcə özbək Əbdülqədir Maşaripov olur.

Bunlar yalnız son 4 ayın statistikasından seçmələrdir, öncəki illərə nəzər salmağa ehtiyac duymadım – məncə bu da bəsdir. Diqqət elədinizsə, bu terrorçular əsasən Orta Asiyadan çıxan türk əsilli tiplərdir. Avropada, Asiyada, elə Türkiyənin özündə nə qədər türk soylu terrorçular ortaya çıxmaqdadır. Halbuki, son 30-40 ilin dünya terror tarixində türk terrorçular demək olar yox idi. Dini fanatiklərin sırasında ümumiyyətlə rast gəlinmirdi, islamçı fanatiklər əsasən ərəb, afrikalı, uzağı əfqan mənşəli olurdular.

Kimsə hələ 90-cı illərdə demişdi ki, 21-ci əsr türk əsri olacaqdır. Al, bu da sənə "türk əsri”... Bunu nəzərdə tutmuşdular? Tarixin ironiyası gərək bizim türkdilli xalqların başında çatlayaydı.

Özü də ən pisi odur ki, bəşəriyyətə təkcə ayrıca terrorçular bəxş etmirik, hara baxsan bir türk dövlətinin başında zalım hökmdar görürsən. Yeganə ümid yerimiz və fəxrimiz Türkiyə idi, indi onda da demokratiyanın "d” hərfi belə qalmayıb. Hakimiyyəti qanuni yolla, seçkiylə ələ keçirmiş islamçılar AKP-nin rəhbərliyi altında orda bir xilafət, islam dövləti qurmaqdadır. Dünyanın bütün başqa ərazilərində sınanmış metod Türkiyədə də təsdiqini tapdı: dindarlara hətta qanuni yolla da hakimiyyəti vermək olmaz, çünki sonra onu əllərindən heç cür almaq olmur. Bir az da ironik və paradoksaldır, çünki bu dindarlar adətən yaşadığımız dünyanın fani, puç olduğunu, əsas ilahi hakimiyyətin "o biri dünyada” qurulacağını vəd edirlər. Əgər belədirsə, bəs bu dünyadakı hakimiyyətdən niyə ikiəlli yapışırlar? Əlbəttə, dini hökmlər nağıl olduğu üçün istənilən sərfəli formada təfsir eləyirsən, söhbət bağlanır. Nə çox "qayırma hədislər” (Mirzə Cəlil)...

Orta Asiyadan, Özbəkistandan terrorçular çıxmasına isə xüsusi diqqət etməyə ehtiyac var. Ora uzun illər diktator İslam Kərimovun zülmü altında inləmiş bölgədir. İnsanlara zorla pambıq əkdirirlər, qul kimi işlədirlər. (İndi bu pambıqçılıq və əl əməyi bizdə də əcaib formada təbliğ olunur, nəticələrini öyrənmək üçün Azərbaycanın yaxın keçmişinə, o cümlədən Özbəkistanın indiki gününə baxmaq yetərlidir. Əlbəttə, biz istəmirik 5-10 il sonra xəbər lentlərində "Avropanın İks şəhərində terroru törədənin Saatlıdan olduğu ortaya çıxdı” tipli başlıqlar oxuyaq). Heç Kərimovun ölümündən sonra da özbəklərin islahat aparacağı üfüqdə görünmür, təzə diktator Mirziyayev isə iqtisadi durumu yaxşılaşdırmaq üçün özbəklərə toyuq saxlamağı məsləhət görür.

Avropalılar, mütərəqqi Qərb uzun illər İslam Kərimovun repressiyasına dözdü. Təsəvvür edin, orda az qala cəmi 1 nəfər müxalifətçi vardı – Məhəmməd Saleh – birtəhər xaricə qaça bilmişdi, ancaq Kərimov onun 2 qardaşını 17-18 il türmədə saxlamışdı. "Samosa köpək oğludur, ancaq öz köpək oğlumuzdur” debil siyasəti burda da tam işlədilmişdi. ABŞ Əfqanıstana dəhliz və sair hansısa geopolitik marağına görə Kərimovun pisliklərinə göz yumurdu.

Bir-iki il qabaq dünya mediası "TeliaSonera” telekommunikasiya şirkətinin Özbəkistan hakimiyyətinə rüşvət verməsi, ümumən çirkli əlaqələri haqda yazmışdı. Təsadüfə bax ki, həmin "TeliaSonera” elə İsveç şirkətidir, mərkəzi ofisi Stokholmda yerləşir. Aprelin 7-də Stokholmda maşını insanların üstünə sürən özbək terrorçu bəlkə də məhz "TeliaSonera”nın İslam Kərimovla mazaqlaşmaları mühitində, bundan gübrələnərək yetişmişdi. Əslində bayaq yazdığım "təsadüfə bax” ifadəsinin yersiz, artıq olduğunu düşünürəm.

Zamin HACI

Oxşar xəbərlər