İldırımötürən və eşşəklər

  • 31 mart 2017, 08:43

Bizim ölkədəki küyçülük və kampaniyaçılıq dünyaya örnək ola bilər. Milli azadlıq hərəkatının öncüllərindən, sirrli avtomobil qəzasında həlak olmuş Aydın Məmmədovun bir ifadəsi var idi: "Xalq üçün fərqi yoxdur, o liderini həmişə yüksəkdə görmək istəyir. Ya tribunada, ya da dar ağacında”. Həmin maksimalist yanaşma prinsipi indi də həyatın bütün sahələrində özünü göstərir. Bir də görürsən hansısa kitab dükanı xalq düşməni elan olundu. Ömrü boyu "Əlifba” kitabından başqa kitab üzü görməyənlər, onu da dövlətin xəttiylə almış və yarıya qədər oxumuş adamlar belə sıraya düzülüb dükanı daşqalaq edirlər, deyirlər heç ordan yarımadıq.

Yaxud, bizim qanunlara görə vətənin müdafiəsində həlak olmuş və şəhid statusu almış şəxslərə dövlət tərəfindən sığorta ödənişləri edilməlidir, ailəsi cürbəcür güzəştlərlə qorunmalıdır. Ancaq dövlət uzun illərdir bu ödənişlərdən yayınır. Şəhid ailəsinə 11 min manat "qan pulunu” qıymayanlar indiyəcən 111 milyonlarla dolları yoldan ötən itin-qurdun idman turnirlərinə axıdıblar. Vətəndaşlar isə buna etiraz etmək yerinə bir də görürsən düşdülər hansısa özəl bankın üstünə. Kimsə elan edir ki, filan bank şəhid ailəsinin kredit borcunu bağlamayıbdır. Heç dəqiqləşdirən olmur fakt belədir, ya yox. "Adə, hurrey” deyibən elliklə cumuruq bankın üstünə. Hamı bankı söyür, boykot eləməyə çağırır və sairə.

Bir atalar sözümüz bu tip vəziyyətləri gözəl ifadə edir: "Eşşəyə gücü çatmır, palanı döyəcləyir”. Elə eşşək demişkən, son günlərin əsas temalarından biri eşşəklərin azalması idi. Statistika komitəsi yalan-gerçək son illər 9 min eşşəyin azaldığını elan edibmiş. Bundan təsirlənən zəhmətkeşlərimiz eşşəklərin kolbasaya vurulduğunu, dönərə çevrildiyini yazıb şivən qopardılar. Təbii ki, sonra yenə hamımız o dönərləri yeməyə davam etdik, başqa çarəmiz nədir? Qarnımızı 1 manata başqa necə doldura bilərik? Minlərlə tələbə, aztəminatlı, fəhlə, işsiz var ki, onlar üçün 1 manatlıq dönər yeganə ət istehlakı menyusudur. Niyə biz bu durumdayıq, buna etiraz etmək yerinə, ən yaxşısı kampaniyaya qoşulub eşşək əti haqda söylənməkdir. Çünki "yenə bunlar yeyib doyublar, başqası gəlsə daha pis olacaqdır”.

Başqası demişkən… Bizim 82 yaşlı bir baş nazirimiz də vardır. Artur müəllim yalan olmasın, bizim eradan öncə baş nazir qoyulubdur, onun üstündə Yaponiyada bəlkə 42 baş nazir dəyişilibdir. Görkəmli yapist salnaməçi Yaqub Mahmudovun "Tarixi-nazir” əsərinə görə Artur müəllim bu vəzifəyə qoyulanda hələ Makedoniyalı İsgəndərlə Daranın döyüşü baş verməyibmiş. Ancaq bizim tema bu deyil, biz bunu pisləmirik. Əksinə, mən diqqəti ona yönəltmək istəyirəm ki, Azərbaycanda burnufırtıqlı uşaqlardan tutmuş qulağının dibindən bozbaş iyi gələn ağsaqqallara qədər hər kəsin lağlağı temalarından biri məhz bizim zavallı baş nazirdir. O, bir növ iqtidarın ildırımötürəni rolunu oynayır. Elə anlaşılmasın iqtidarı zərbələrdən qoruyur. Qətiyyən. Bizdə iqtidara zərbə vurası qüvvə onsuz da yoxdur. Artur müəllim azərbaycanlıların qürurunu yoxa çıxmaqdan qoruyur! Biz onu tənqid eləməklə bir növ kişilənirik, demək istəyirik, baxın, biz də nəsə söz dedik. Yoxsa onun heç bir gerçək səlahiyyət yiyəsi olmadığını, oyuncaq fiqur, dekorasiya olduğunu hamı gözəl dərk edir. Ancaq biz onu da söyməyək nə edək? Axı həqiqətən suçlu olanları tənqid etmək çox xatalıdır, onlar Artur müəllim kimi susmurlar, dərhal cavab verirlər, özü də çox pis cavab verirlər. Deməli indiki halda bu oyuncaq fiqur bizim başımızı qatmaq, gözümüzün qurdunu öldürmək üçün ən çox elə bizim özümüzə lazımdır. Hətta bir çoxları gizli də olsa ürəyinin dərinliyində iqtidara minnətdardır ki, nə yaxşı bu oyuncağı bizim əlimizdən almır, bizi gerçək təhlükələrlə üz-üzə qoymur.

Sözgəlişi, "Artur” adı qədim kelt dilində "ayı-adam” mənasını verirmiş. (Camaatdan niyə seçilməliyəm? Kampaniyaya töhfəmi verim). Vaxt gələcək uca millətimizə uzun illər etdiyi bu yaxşılıqlara görə Artur müəllimə ən yaxşı parklardan birində heykəl qoyulacaqdır. Ümid edirəm o gün hələ çox uzaqdadır.

ZAMİN HACI

Oxşar xəbərlər