“Terrorçu” sürücülər…

  • 12 mart 2017, 09:27

Gündə ölürük. Üç bir, beş bir. Bir-iki adam özünü asır. Bir-ikisinin sözü çəp gəlir hansısa hansınısa vurub öldürür. Sonra arvadını xəyanətdə suçlayan illərdir Rusiyada yaşayan kişi çıxır ortaya. Onun qeyrətə və vətənə gəlməsi günün ölülər siyahısını qətlə yetirdiyi qadınla "zənginləşdirir”. Hərdən elə olaylar da olur ki, üstündən günlər keçir, amma o nə yaddaşlardan, nə də gündəmdən çıxır. Sumqayıt-Bakı yolunda baş verən qəza kimi. 

Hamı səbəblərdən danışır,müzakirə eləyir, amma bilmirəm bilərəkdənmi ya bilməyərəkdənmi kimsə mətləb üstünə gəlmir. Çünki hərdən həqiqət eşidəndə durub bir birimizin yeddi arxa döyənini söyməyimiz var axı.

Neçə gündür o gənclərə baxıram. Hərəsinin bir həyat hekayəti var. Hamısını birləşdirən səbəb də var. Onların hər biri yarıda qalmış ömür, arzudur. Əlimizdən Allah rəhmət eləsin deməkdən başqa bir şey gəlmir. O üzdən qayıdaq mətləb üstünə. Yəni gündə üç bir, beş bir ölməyimizə. Biz niyə ölürük?!..
"Yol terrorunda”ölən gəncləriailələrindən bir sürücü aldı. Daha doğrusu sürücünün məsuliyyətsizliyi, qazanmaq həvəsi, sərnişin mikroavtobusunu idarə etmək bacarığının, sürücülük vəsiqəsinin olmaması. Bu ilk təəssüratdan doğan reaksiyamızdır. Əsla səbəb deyil.Çünki o sürücü insan və şəxsiyyət olaraq, hətta psixoloji durumuna görə belə qüsurlu adam idi yəqin. Sual bu ki, niyə bu qəbil adamlar var, çoxdur, günbəgün artır? Özü də təkcə nəqliyyat idarəetməsində deyil, bütün sahələrdə.Onlara niyə bu məmləkətdə üstünlük verilir? Hələ yeri gələndə özlərini müdafiə eləmək üçün şansları da olur. Bizsə biz onların günahı üzündən yavaş-yavaş ölürük, üç bir, beş bir...

Əvvəla, onlar o üzdən var ki, inkişafları üçün münbit şərait yetişib. Bu şəraitin yaranmasının ən ciddi səbəblərindən biri insan probleminin mövcudluğudur.

Baxın bizə yolda təhlükəsizlik qaydalarına əməl eləməyi öyrədirlər. Başa salırlar ki, keçidlərdən, körpülərdən, keçid zolağından istifadə eləsək yaxşıdır. Həm də biz bəlkə də yeganə millətik uşağımız oxumasın deyə pul xərcləyirik.

Oxumasın demiş elə bu oxumamazlığın üzündən bizim bəlkə də yüz minlərlə diplomlu savadsızımız var, özlərinə məhz sərnişindaşımada yer eləyiblər. Dindirəndə də deyirlər ki, diplom varee, amma iş verən yoxdur. Utanırsan dönüb deməyə ki, qardaş sənin diplomun var, amma başın da olsaydı yaman olardı, hələ bəlkə sənə iş tapmaq da problemə çevrilməzdi bu qədər.

Bir də bu utancaqlıq üzündən gəlir başımıza nə gəlirsə. Əminəm o gün o sürücü sərnişinlə maşını yükləyəndə kimsə səsini çıxarıb etiraz eləməyib. Utanıb. Düşünüb ki, kiminsə çörəyinə bais olmasın.

Amma sonradan həmişə belə olur ki, çörəyinə bais olmaq istəmədiyimiz həyatımıza bais olur. Bizi öldürür, üç bir, beş bir...
***

Bu gün Bakı şəhərində sərnişindaşımada işləyən bütün sürücülərə demək olar ki, potensial "terrorçulardır”. Bəzisi diplomlu və savadsız. Bəzisi diplomsuz və bacarıqsız. Bəzisi də həm diplomsuz, həm bacarıqsız, həm də sürücü vəsiqəsi olmayan. Bu qəbil adamlarla işləyənlərə gəlincə bəli, onlar üçün bu kateqoriya sürücülər sərfəlidir. Çünki istənilən maaşa razılaşıb, qoyulan planı doldururlar. Kefi istəyən dəliliyi eləməyə, sərnişini vecinə belə almamağa da tam hüquq verilir onlara. Çünki axşam şirkətin planı ödəməyin yolu bundan keçir. Şirkətin və sürücünün nə vecinə ki, biz gündə üç bir, beş bir ölürük...

***

Bir məqam da var. Baş verən o qəza təkcə sürücünün suçu deyil. Həm də etiraz eləməyən utanan, ya da bunu ümumiyyətlə bacarmayan sərnişinin günahıdır.

Minik maşınlarının arxa oturacağında əyləşən sərnişini görən amma bir-birinin belinə çıxmış sərnişinlə dolu avtobusları görməzdən gələn DYP əməkdaşlarının günahıdır.

Sərnişin avtobusları ayrı-ayrı iş adamlarına və onların yuxarıdakı himayədarlarına aiddir. Bu faciə həm də o xətlərin sahibi olan iş adamlarının və havadarlarının günahıdır.

Bu işdə məsuliyyət həm də o avtobusların içinə əlavə oturacaqları yerləşdirən ustadadır. Lazımi işi görüm pulumu alım, deyir çünki.

Günahkar bir də o adamlardırlar ki, sürətli yolların kənarına dəmir baryerlər çəkdirilməsinə icazə veriblər. Bu yüz faiz ya ucuz başa gələn işdir, ya da xeyli qazanc gətirən biznesdir.

Sadalanan ardıcıllığa fikir verdinizmi? Bütün müqəssirləri birləşdirən məqamlara: Pul, etinasızlıq,daha çox qazanmaq ehtirası, özündən başqa kimsəni düşünməmək, məsuliyyətsizlik və ən vacibi bir-birinə, ölkəsinə, vətəndaşına canı yanmamaq. Bu isə ölkədə və cəmiyyətdə insan probleminin apaydın göstəricisidir. Ən acınacaqlısı isə odur ki, belə olan halda biz hər gün və mütləq ölməliyik, üç bir, beş bir...

Jalə Mütəllimova

Oxşar xəbərlər