Deputat azğın saytların bağlanmasını istəyir

  • 05 apr 2016, 21:04
Deputat Elmira Axundova Ombudsmanın məruzəsində jurnalistlərin müdafiəsi ilə bağlı hissəyə toxunub"Söz azadlığının təmin edilməsi, informasiya əldə etmək azadlığı bölmələrində siz mətbuata təzyiqlərdən danışırsınız, jurnalistlərin müdafiəsinə qalxırsınız. Bu normaldır və təqdirəlayiqdir. Amma hesabatın heç bir yerində o məsələyə toxunulmur ki, KİV, xüsusilə bir sıra elektron saytlar son zamanlar kimlərinsə hesablaşması, rəqiblərə divan tutmaq, açıq reketçilik və pul qazanmaq məkanına çevrilib. Jurnalistləri müdafiə etmək lazımdır, bəs bizi, cəmiyyəti, deputatları, ictimai və dövlət xadimlərini bu cür jurnalistlərin qəddarlığından, azğınlığından kim müdafiə edəcək?

Düşünürəm ki, hökumətin jurnalistika və jurnalistlərə ayırdığı bu qədər qayğının nəticəsində bu gün qarşımızda başqa mənzərə olmalı idi. Biz əvvəllər Milli Məclisdə əlimizdə olmuş vasitəni, yəni İnformasiya üzrə müvəkkil vəzifəsini ixtisar etmişik və onun funksiyasını hörmətli Ombudsmanımıza vermişdik. Lakin bu qərarın qəbulundan bir neçə il keçməsinə baxmayaraq İnformasiya üzrə müvəkkilin fəaliyyəti hələ də görünmür. Bunun da bir sıra obyektiv səbəbləri var. Heç də hər şey hörmətli Elmira Süleymanovadan asılı deyil. Buna görə hesab edirəm ki, biz bu məsələyə ya yenidən qayıtmalı və İnformasiya üzrə müvəkkil vəzifəsini müstəqil qurum kimi bərpa etməliyik, ya da Ombudsman Aparatı daxilində Elmira Süleymanovaya əlavə səlahiyyətlər verərək bu fəaliyyəti canlandırmalıyıq. Bundan savayı biz müvafiq qanunlar vasitəsilə Mətbuat Şurasına daha geniş səlahiyyətlər verməliyik. Məsələn, bu və ya digər saytın fəaliyyətinin müvəqqəti dayandırılması, necə ki, Milli Televiziya və Radio Şurasına biz belə geniş səlahiyyətlər vermişik. Düşünürəm ki, həm Ombudsman Aparatı, həm də Mətbuat Şurası jurnalistikada baş alıb gedən bu cür neqativ hallara qarşı daha təsirli mübarizə aparmalıdırlar”.
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə son günlərdə cəbhədə baş verən hadisələr zamanı KİV-in fəaliyyətindən danışıb. O vurğulayıb ki, bu məsələdə jurnalistika da imtahan verdi və imtahan davam edir: "Bu dəfə Azərbaycan jurnalistikası üzərinə düşən öhdəlikləri əvvəlki illərlə müqayisədə yerinə yetirə bilir. Bir sıra məqamlar və xəbər saytları istisnadır. Bir sıra saytlarda xəbərlər dəqiqləşdirilmədən tələsik verilir. Lakin ümumilikdə KİV-lər gərgin vəziyyətdə normal iş fəaliyyəti ortaya qoyur, operativ işləyə bilir”.

Rəşad VAQİFOĞLU
Oxşar xəbərlər