Deputatlar iclasa qatılmadı, spiker əsəbləşdi

  • 02 fev 2017, 13:14
Bu gün fasilədən sonra Milli Məclisin iclası spiker Oqtay Əsədovun narazılığı ilə başlayıb. O, zalda deputatların sayının az olmasından gileylənib: "Günün birinci yarısında deputatların çoxu burda idi, bəzi deputatlar indi iclasda yoxdur. Kimi dindirirsən, deyir ki, görüşüm, işim var idi. İndi necə edək? Günün ikinci yarısında qeydiyyat aparaq ki, kim burdadır, kim yox? Xahiş edirəm, gəlin bir-birimizə hörmət edək. Səni bura kimsə zorla deputat seçməyib ki? Bizim işimiz Milli Məclisdədir axı!” - deyə O.Əsədov bildirib.

İclasda bir sıra qanunlara dəyişiklik edilib. "Aviasiya haqqında” qanuna əlavə və dəyişikliklər layihəsinin müzakirəsində millət vəkili Qüdrət Həsənquliyev AZAL-I tənqid edib. O bildirib ki, bir həftə əvvəl tanışı olan bir azərbaycanlı İstanbuldan Bakıya uçacaq AZAL-a məxsus təyyarəyə bilet almaq istəyib. Ancaq kassada ona "AZAL”ın həmin vaxt uçacaq təyyarəsinə bilet olmadığı bildirilib və həmin gün Bakıya uçacaq "Türk Hava Yolları” şirkətinin təyyarəsinə bilet almaq təklif edilib: "Həmin şəxs Bakıda «AZAL»ın nümayəndəsi ilə əlaqə saxlayıb. Nümayəndə isə həmin təyyarəyə bilet olduğunu bildirib və elektron qaydada bilet sifariş edib. Mənim tanışım da həmin təyyarəyə sifariş edilmiş bileti alıb. O, 16.05-də Bakıya uçacaq təyyarəyə daxil olan zaman təyyarədəki yerlərin əksəriyyətinin boş olduğunun şahidi olub. Bu barədə təyyarədəki kitaba da qeydini yazıb. Türkiyə və Azərbaycan qardaş dövlətlərdir, belə hallara yol verilməməlidir. Biz bu kimi məsələlərə etirazımızı bildirməliyik”. 

Spiker Oqtay Əsədov isə "ola bilər ki, orada bir səviyyəsiz adam olub. Öz biletlərini satmaq istəyib və belə bir təklif edib. Bu, «AZAL»ın günahı deyil. Məsələ araşıdırılar” - deyə bildirib.

Azərbaycanda sənədli investisiya qiymətli kağızları buraxılacaq

 "Qiymətli kağızlar bazarı haqqında” qanuna edilən dəyişiklik edilib. Hazırda qüvvədə olan qanuna əsasən investisiya qiymətli kağızları sənədsiz formada buraxılmalı, ötürülməli və mərkəzi depozitarda saxlanılmalıdır. Dəyişikliyə görə, investisiya qiymətli kağızları sənədsiz və ya sənədli olmaqla, adlı formada buraxılacaq. Sənədsiz investisiya qiymətli kağızları mərkəzi depozitarda saxlanılmalıdır. İnvestisiya qiymətli kağızları sənədli formada buraxılan zaman dövlət qeydiyyatına alınması və emisiya prospektinin təsdiq edilməsi üçün sertfikatının nümunəsi tələb olunacaq.

Narkotik tərkibli bitkilərin yetişdirilməsi ilə cəzalar sərtləşdi

İclasda "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları"nda dəyişiklik edilib. Layihədə qeyd edilib ki, həmin siyahı ilə tərkibində narkotik maddələr olan bitkilərin külli miqdarının ölçü vahidi kimi həmin bitkilərin yalnız sayı müəyyən edilib. Lakin tərkibində narkotik maddələr olan bitkilərin xeyli miqdarı qanunvericilikdə müəyyən edilməyib. Dəyişiklik bu səbəbdən təklif edilir. 

Azərbaycanda bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər: tiryək xaşxaşı, yağlı xaşxaşın digər növlərinin 2-10 ədədi xeyli miqdar, 11 ədəd isə külli miqdarın aşağı həddi hesab ediləcək. Çətənə növlü bitkilərin 3-15 ədədi xeyli miqdar, 16 ədəd isə külli miqdarın aşağı həddi kimi qəbul edilir. 

Bundan başqa, yetişdirmək məqsədilə qanunsuz becərilməsi təşkil edilmiş, çoxillik xaşxaşın və yabanı bitmiş çətənənin kol-kosların 3-50 ədədi xeyli miqdar, 51 ədədi isə külli miqdarın aşağı həddi hesab ediləcək.

İqlim şəraitinə görə bitməyən və kultivasiyası qadağan olunan bitkilər: kokain kolunun 1 ədədi xeyli miqdar, 2 ədədi külli miqdarın aşağı həddi, katın 2 ədədi xeyli miqdar, 3 ədədi isə külli miqdarın aşağı həddi kimi qəbul ediləcək.

İndiyədək qədər İnzibati Xətalar Məcəlləsində satış məqsədi olmadan tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak miqdarında əkilməsinə, yetişdirilməsinə və ya toplanılmasına görə yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə nəzərdə tutulurdu.

Milli Məclis Cinayət Məcəlləsinə etdiyi dəyişikliyə əsasən, 200 manatdan 1000 manatadək cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilib.
 
Abidələrlə bağlı yeni qaydalar qəbul edildi

"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişikliyə əsasən, inşaat işləri görülərkən abidə aşkar edilərsə, işlər dayandırılacaq və iki ay müdddətində tədqiqatlar aparılacaq. Müvafiq orqanlara məlumat verildikdən sonra həmin orqanlar və elmi təşkilatlar tərəfindən iki ay müdddətində bu qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir.
Bundan əvvəl isə qanunda deyilir ki, inşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir. Bu halda inşaat və digər təsərrüfat işləri Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyi əsasında müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə davam etdirilə bilər.

Azərbaycanda publik hüquqi şəxslər qrant ala biləcək

Milli Məclisdə  "Qrant haqqında” qanuna dəyişikliyə əsasən publik hüquqi şəxs resipiyent ola biləcək. Donorla münasibətlərində qrant alan resipiyent sayılır. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən, habelə nizamnamələrində maliyyə hesabatlarının dərc etdirilməsi nəzərdə tutulan publik hüquqi şəxslərin həmin hesabatları auditor rəyi ilə birlikdə təqdim olunacaq. 

Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, dövlət büdcəsindən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vəsait ayrılan publik hüquqi şəxslər (dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsi, uşaq evləri sosial xidmət müəssisəsi, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi, məktəbəqədər təhsil müəssisəsi, ümumtəhsil məktəbi, ilk peşə-ixtisas təhsili müəssisəsi, orta ixtisas təhsili müəssisəsi, ali təhsil müəssisəsi, xüsusi təhsil müəssisəsi və ailə tipli kiçik qrup evi istisna olmaqla) illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına təqdim edəcəklər. Bu iki kateqoriyaya məxsus publik hüquqi şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və ya mətbu orqanda dərc etdirəcəklər. Onların bilavasitə və son nəticədə tabe olduğu publik hüquqi şəxs maliyyə hesabatlarını dərc etdirdikdə həmin qurumlar maliyyə hesabatlarını dərc etdirməyəcəklər.

Rəşad VAQİFOĞLU
Oxşar xəbərlər