Səngəçaldakı yanğın söndürülüb

  • 02 yan 2017, 12:54
Bakıda qaz xəttində baş verən yanğın söndürülüb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

*   *   *
11:10

Ötən il dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş vermiş qəzanın aradan qaldırılması üçün təmir işləri davam etdirilir.

SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin "Report"a verdiyi məlumata görə, qəza baş vermiş kəmərin istismara buraxılması üçün aparılan yoxlama işləri zamanı yeni nöqsan aşkar edilib və yoxlama işləri müvəqqəti olaraq dayandırılıb.

O bildirib ki, hazırda yeni nöqsanın aradan qaldırılması istiqamətində təmir işləri davam etdirilir.

*   *   *
09:59

2016-cı il dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində partlayış baş vermiş qaz xəttində yenidən partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, yanğınla nəticələnən partlayış bu gün saat 07 radələrində kəmərin eyni yerində qeydə alınıb.

Hadisədən dərhal sonra FHN-in canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

Ərazidə təhlükəsizlik tədbirləri görülüb, Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərinə qaz vurulması dayandırılıb.

Yanğın lokallaşdırılıb, tam söndürülməsi üçün tədbirlər davam etdirilir.
Oxşar xəbərlər