«Yanan bina işi» qalmaqalla yekunlaşdı

  • 15 dek 2016, 19:05
İlhamə Həsənova: «Gəncədə poliuretanla üzlənmiş binada yanğın törətməyə cəhd ediblər…»
Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədi rayonu ərazisində hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi üzrə proses keçirilib. Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə "Global Construction” və "Global Stone” MMC-nin təsisçilərindən biri, hazırda həbsdə olan Miryusif Mahmudovun vəkili İlhamə Həsənova hadisə zamanı çəkilən videogörüntülərin cinayət işi sənədlərinə əlavə olunması ilə bağlı vəsatət qaldırıb. Onun sözlərinə görə yanğın baş verən gün hadisə yerinə baxış protokolu məhkəmədə tədqiq olunarkən müəyyən edildi ki, hadisə yerinə baxış keçirilərkən "Sony” markalı videokamera ilə lentə alınıb. Vəkilin sözlərinə görə, bu görüntülər protokolun ayrılmaz tərkib hissəsi olasa da, istintaq tərəfindən iş materiallarına əlavə edilməyib. 

Vəkillər - İlhamə Həsənova, Cavid Rzazadə və Şahmar Məmmədov məhkəmə-tibbi, fiziki- kimyəvi, yanğın-texniki tədqiqatı aparan ekspertlərin məhkəməyə çağırılıb dindirilməsini tələb ediblər. Onlar bildiriblər ki, tədqiqatlar səlahiyyətli şəxslər tərəfindən aparılmayıb, rəylər aydın deyil və ekspertiza qarşısında qoyulan suallar tam cavablandırımayıb. 

Prosesdə "Dərnəgül Boru" Zavodunun direktoru Məhəmməd Abbasovun da məhkəməyə şahid qismində dəvət edilməsi ilə bağlı da vəsatət qaldırılıb. Məhkəmə vəsatətləri təmin etməyib.
Təqsirləndirilən M.Mahmudov qısa çıxış edərək, binanın qəsdən yandırıldığını və Xətai rayonunda yerləşən bina və Veteranlar Şurasının binasının yanmasının da bu hadisə ilə birbaşa əlaqəli olduğunu qeyd edib.

Vəkil İlhamə Həsənova iş materiallarına əlavə edilməsi üçün məlum yanğından üç gün sonra Gəncədə poliuretanla üzlənmiş binada yanğın törətməyə cəhd edən, əllərində "kanistr” olan 2 nəfər şəxsin gecə saat 03:00 radələrində yaxalanmasında iştirak edən Gəncə İcra Hakimiyyətinin keçmiş əməkdaşı Pərvin Kazımovun izahatını iş materiallarına əlavə etmək üçün məhkəməyə təqdim edib.
Daha sonra məhkəmə istintaqın tamamlanması məsələsini müzakirə edib. Müdafiəçilər məhkəmə istintaqının yekunlaşmasına etiraz ediblər. Vəkil C.Rzazadə bildirib ki, məhkəmə 6 ay ittiham tərəfinin sübutlarını araşdırıb: ”Məhkəmə müdafiə tərəfinin sübutlarına cəmi 6 dəqiqə sərf edib. Hesab edirik ki, müdafiə tərəfinin təqdim etdiyi sübutların araşdırılması üçün məhkəmə istintaqı davam etdiriliməlidir”.

Yanğın zamanı bacı və qardaşını itirən Feyzulla Bağırov məhkəmə istintaqının yekunlaşdırılması məsələsinə münasibət bildirərkən məhkəmənin düzgün istiqamət götürmədiyini deyib: "Mənim fikrim budur ki, məhkəmə düzgün istiqamət götürməyib. İş yenidən istintaqa yönəldilməlidir". Zalda oturanlar zərərçəkmişin fikrinı alqışla qarşılayıblar. Bundan sonra məhkəmə istintaqının tamamlanması ilə bağlı qərar qəbul edilib. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi dekabrın 20-də davam etdiriləcək.

Xatırladaq ki, yanğın hadisəsi ilə əlaqədar 8 nəfər təqsirləndirilir. Binaların üzlənməsində istifadə olunan "poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, "Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Rəsmi məlumatlara əsasən, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Oxşar xəbərlər