Vəkil Fariz Namazlıya qarşı təxribat

  • 03 noy 2016, 07:58
Bu gün vəkil Fariz Namazlını Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə çağırıblar. Səbəb kimi 20 oktyabr 2016-cı ildə Bakı Apellyasiya Məhkəməsində baş verən hadisəni göstəriblər. Belə ki, həmin zaman bir qrup şəxs məhkəmə zalında vəkilə hücum etmiş, ona xəsarət yetirməyə çalışmışdır.

28-ci Polis Bölməsində vəkilə məlum olub ki, həmin şəxslər DİN-in 102 xidmətinə və Yasamal RPİ-nin 28-ci PB-nə şikayət edərək vəkilin guya həmin şəxslərdən olan bir qadını döyməsi, ona xəsarət yetirməsini bildiriblər. Hətta həmin qadın tibbi ekspertizadan keçib və ekspert rəyinə görə qadına yüngül xəsarət yetirilib.

Vəkil isə bildirib ki, o heç kimə xəsarət yetirməyib, əksinə özü hücuma və hədələrə məruz qalıb. Məhkəmə zalında olan kamera görüntüləri də Polis Bölməsinə təqdim edilib, həmin görüntülərdə hadisənin hansı formada baş verməsi aydın görünür.

Oktyabrın 20-də hakim Mirzəli Abbasovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Rəsul Fazilovun barəsində olan hökmdən zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi və təqsirləndirilən şəxsin vəkili tərəfindən verilən apellyasiya şikayətləri üzrə keçirilən iclas zamanı vəkil məhkəmə iclasının qismən istintaqla aparılması barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin edərək prosesin qismən istintaqla aparılması barədə qərar qəbul edib. Bu isə zərərçəkmiş tərəfin və onun qohumlarının narazılığına səbəb olub. Zalda olan 50-yə yaxın şəxs vəkil Fariz Namazlıya hücum ediblər. Həmin şəxslər məhkəmə katibinin stolunun üstündə olan kompüteri yerə salıblar, ona hücum ediblər, ona xəsarət yetirməyə çalışıb. Məhkəmə nəzarətçiləri güclə onları sakitləşdərərək onları zaldan çıxara bilib. Hakim hadisənin aktlaşdırılması barədə göstəriş verib.

R. Fazilov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. O, hərbi xidmətdə olarkən posta girən bir nəfəri güllələməkdə təqsirləndirilir. Onun barəsində olan hökmdən ölən şəxsin hüquqi nümayəndəsi apellyasiya şikayəti verərək cəzanın ağırlaşdırılmasını istəyib. Təqsirləndirilən şəxsin vəkili isə apellyasiya şikayətində R. Fazilova bəraət qərarının çıxarılmasını xahiş edir.

azadliq.info
Oxşar xəbərlər