“MTN qanqsterinin mədəsi çıxarılıb”

  • 24 avq 2016, 20:42

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barəsində açılmış cinayət işinin ibtidai istintaqı avqustun 30-da yekunlaşacaq. 


Bu barədə Bizimyol.info saytına onun vəkili Sadiq Rəsulov məlumat verib. O bildirir ki, bu barədə qeyd istintaq materiallarında göstərilib. "Ancaq Çovdarovun istintaq hərəkətlərinin aparılmasından narazıdır. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxsin səhhəti ilə əlaqədar ayrılan vaxtda istintaq materialları ilə tanış olması mümkün deyil. Ayrılan müddətdə hər gün 3-4 cildlə tanış olmaq tələbi qoyulub. Akif Çovdarovun səhhətində problem olduğu üçün bu mümkün deyil. Ona görə də istintaqın bu qərarından Səbail Rayon Məhkəməsinə şikayət etmişik. Müraciətimizə yaxın günlərdə baxılacaq". 

Qeyd edək ki, vəkil Akif Çovdarovun aclıq etməsi barədə də açıqlama verib. O qeyd edib ki, Akif Çovdarovun etirazı istintaqla bağlıdır. "Digər təqsirləndirilən şəxslərdən fərqli olaraq Akif Çovdarov xəstədir. İstintaq qərar qəbul edib ki, Akif Çovdarov hər gün 3-4 cildlə tanış olmalıdır və istintaq avqustun 30-da yekunlaşmalıdır. Akif Çovdarovun səhhəti isə buna imkan vermir. Ona görə də o, aclıq aksiyası keçirir, ona işlə tanış olmaq üçün şərait yaradılmasını istəyir. Hesab edir ki, istintaqın qərarı qanunsuzdur, qəsdən onun işlə tanış olmasının qarşısını almağa yönəlib. Deyir ki, mənə imkan verin ki, iş materialları ilə tanış olum” - deyə vəkil bildirir. Vəkil qeyd edir ki, Çovdrovun səhhəti həddindən artıq ağırdır. "Bu adamın xəstəlikləri hamıya məlumdur. Ekspert də rəy verib ki, onda işemiya, ritm pozğunluğu var. Ürək ağrılarından əziyyət çəkir və vəziyyti çox ağırdır. Həmçinin onda xərçəng xəstəliyi var və bağırsaqlarında yenidən iltihab gedir. Mədəsində xərçəng olduğu üçün Almaniyada mədəsi çıxarılıb qida borusunu birbaşa bağırsağına birləşdiriblər. Mədəsi ilə yanaşı bütün limfa vəziləri amputasiya edilib. Bununla bağlı Almaniyadan alınmış sənədləri də tərcümə edilmiş şəkildə həm istintaqa, həm də Penitensiar Xidmətə təqdim etişik. İstintaqın ekspertizası da bütün bunları təsdiq edib. Sonuncu dəfə ekspertizadan keçiriləndə müəyyən olundu ki, bağırsağında yenidən iltihab var. Ən maraqlısı odur ki, istintaq ekspertiza qarşısında sual qoyub ki, şəxs bu xəstəliklərlə həbsdə saxlana bilərmi? Səhiyyə Nazirliyi cavab verdi ki, bunu müəyyən etmək bizim səlahiyyətimizdə deyil. Halbuki təcrübədə dəfələrlə Məhkəmə Pataloji Anatomiya Birliyi belə bir rəy verib. Mən də bunun müəyyən edilməsi üçün təkrar ekspertiza keçirilməsi barədə vəsatət versəm də, təmin edilmədi. ” 

Vəkil bildirib ki, avqust ayının 3-dən rəsmi şəkildə həm Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə, həm də Bakı İstintaq Təcridxanasının özünə müraciət ediblər ki, Çovdarovun gündə bir neçə saat cinayət işinin materialları ilə tanış olmağa səhhətinin imkan verib-vermədiyi müəyyən edilsin. "Üstündən 21 gün keçməsinə baxmayaraq, bu günə qədər həmin qurumlar sorğuya cavab vermir. Halbuki qanunda göstərilir ki, zəruri araşdırma tələb olunmadığı halda, 10 gün müddətində cavab verilməlidir. Zəruri araşdırma da o sayılır ki, məsələn, 1982-ci ilin sənədini istəsəm, bu sənədi arxivdən tapmaq tapmaq üçün vaxt uzana bilər. Bu adam isə istintaq xəstəxanasında gözlərinin qarşısındadır, hər gün də müayinə edirlər. O zaman məktubun cavabını yazmağa nə qədər vaxt lazımdır ki, 21 gün keçib hələ də cavab vermirlər. Baş prokurorluq da deyir ki, mən qərar qəbul etmişəm ki, sən gündə 4 cildlə tanış olmalısan. Bu adam deyir ki, səhhətim onsuz da pis idi, ayın 19-dan aclıq aksiyası keçirdiyim üçün daha da ağırlaşıb, ona görə də gündə 4 cildlə tanış olmaq imkanım yoxdur. Baş prokurorluq isə deyir ki, bizə bu barədə məktub daxil olmayıb. Ona gör də, hər günə 4 cildlə tanış olduğu barədə qeydiyyat gedir. Sadiq Rəsulov deyir ki bununla bağlı şikayətə həftə ərzində Səbail Rayon Məhkəməsində baxılmalıdır. "Məhkəmə bizim şikayəti təmin etsə, iş materialları ilə əvvəlki qaydada tanış olacağıq. Olmazsa, işi avqustun 30-da yekunlaşdırıb göndərəcəklər məhkəməyə”. Qeyd edək ki, mediada cinayət işinin Bakı Hərbi Məhkəməsində göndəriləcəyi ilə bağlı məlumatlar yer alıb. Vəkil bildirir ki, bu, dəqiq deyil və sadəcə ehtimal edilə bilər. "Çovdarova qarşı irəli sürülən ittihamlarda hərbi cinayətlərlə bağlı maddələr də var. Məsələn, ittihamlar arasında Cinayət Məcəlləsinin 341-ci (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddəsi də yer alır. Həmçinin general hərbi rütbə olduğu üçün işin hərbi məhkəməyə göndərilməsi də sadəcə ehtimaldır. 

Sadiq Rəsulov vurğulayıb ki, A.Çovdarov ittihamları qəbul etmir. Onun Eldar Mahmudovun əleyhinə dolayısı ilə, birbaşa ifadələr verməsi haqda məlumatlara gəlincə, vəkil vurğulayıb ki, bu, istintaq sirri olduğu üçün heç nə deyə bilməz. Eldar Mahmudovla Akif Çovdarovun üzləşməsi ilə bağlı deyilənləri isə vəkil təkzib edib. O, əlavə edib ki, Akif Çovdarovun ailə üzvlərinin - oğlunun, qızının və digər yaxınlarının ölkədən çıxışına qadağa qoyulsa da, əmlakları müsadirə olunmayıb. "Əmlaklarının əllərindən alınması isə məhkəmə qərarı ilə mümkündür. Belə məhkəmə qərarı isə yoxdur. Xatırladaq ki, ötən ilin sonlarında MTN ətrafında baş verən hadisələrdən sonra, bu qurumdakı bir çox vəzifəli şəxslə yanaşı, Akif Çovdarov da həbs edilib. A.Çovdarova vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, qanunsuz azadlıqdan məhrum etmə və digər maddələr üzrə ittiham irəli sürülərək barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. 

Rəşad VAQİFOĞLU
Oxşar xəbərlər