Xədicə İsmayılın cəzası 1 il azaldıldı

  • 08 avq 2016, 22:39
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə "Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın üzərindəki şərti cəzanın müddəti 3 il 6 aydan 2 il 3 aya endirilib. Bizimyol.info xəbər verir ki, qərarı X.İsmayılın ərizəsinə əsasən Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər kollegiyası verib. Bu hakimlər tərkibi ötən ilin sentyabr ayında vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla X.İsmayılın 7 il 6 ay azadlıqdan məhrum edilməsinə dair hökm çıxarmışdı.
Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə 25 may 2016-cı il tarixli qərarı ilə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb.
Xədicə İsmayıl mayın 25-də Ali Məhkəmənin qərarına əsasən, 3 il 6 şərti cəza ilə azadlığa buraxılarkən, onun üzərində iki maddə ilə ittiham saxlanılmışdı - 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma).
İyulun 1-dən Cinayət Məcəlləsinə dəyişikliklər qüvvəyə minəndən sonra jurnalist 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddə ilə ittihama xitam verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə ilə müraciət etmişdi. Ərizədə göstərmişdi ki, dəyişikliklə 192-ci maddənin dispozisiyası konkretləşdirilib. Əvvəl həmin maddədə «dövlət qeydiyyatına alınmadan fəaliyyət»dən bəhs olunurdusa, dəyişiklikdən sonra konkret göstərilib ki, söhbət vergi orqanında qeydə alınmaqdan gedir.
X.İsmayıla CM-nin 192-ci maddəsi ilə verilən ittihamda yazılıb ki, o, Azərbaycan Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmədən xarici mediada – "Azadlıq” radiosunda fəaliyyət göstərib və 2010-2014-cü illərdə 79 min 480 manat gəlir əldə edib.
X.İsmayılın ərizəsi qismən təmin olunub. Məhkəmə belə nəticəyə gəlib ki, qanunsuz sahibkarlıq ittihamına xitam verilməməlidir, çünki dəyişikliklərdən sonra da söhbət təkcə vergi uçotuna qeydə alınmadan yox, ümumiyyətlə, dövlət orqanında qeydə alınmadan sahibkarlıq fəaliyyətindən gedir. Amma dəyişiklikdən sonra bu maddə üzrə külli miqdarın 100 min manatdan yuxarı məbləğə aid edildiyi nəzərə alınaraq, jurnalistə verilən ittiham da 192.2.2 maddədən 192.1-ci maddəyə tövsif olunub. Ali Məhkəmənin bu maddə üzrə ona təyin etdiyi 3 il cəza isə 4 aya endirilib. Jurnalistə CM-nin 213-cü (vergidən yayınma) maddəsi ilə də təyin olunmuş 2 il cəza nəzərə alınıb, X.İsmayılın üzərində qəti olaraq 2 il 3 ay şərti cəza saxlanılıb. Amma şərti cəza ilə əlaqədar jurnalistə Ali Məhkəmənin təyin etdiyi 5 il sınaq müddəti elə olduğu kimi saxlanılıb.
Jurnalistin vəkili Fariz Namazlı deyir ki, qərardan apellyasiya şikayəti verəcəklər.

Rəşad VAQİFOĞLU
Oxşar xəbərlər