Bakıda "Yanan bina"nın cinayət işində müəmma

  • 15 iyul 2016, 22:35
Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədi rayonu ərazisində hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə bağlı məhkəmənin hazırlıq iclası davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxslərin dindirilməsi davam etdirilib. 

Zərərçəkən Təyyar Çovdarov bildirib ki, yanğın baş verən zaman evdə qızı və 1 yaş  9 aylıq nəvəsi olub. "Bakı Qızlar Universitetində imtahanda idim, qızım zəng edib binanın yandığını dedi. Dedim ki, təcili uşağı götürüb evdən çıxsın. Ardınca qızım yenə zəng etdi ki, ata, çıxa bilmirik. Tez evə getdim. Mən binanın qabağına çatanda onları hələ də evdən çıxartmamışdılar. Qışqırırdım ki, qızımla nəvəm içəridədir, onları xilas edin. Bizə 4 saatdan sonra dedilər ki, içəridə heç kim qalmayıb, xəstəxanaları axtarın. Hər ikisi xəstəxanaya yerləşdirilsə də, nəvəm Ömər xəstəxanada dünyasını dəyişdi".

T.Çovdarov qeyd edib ki, binada yanğın zamanı ölüm hadisələrinin əsas səbəbi binanın pəncərələrinin şüşə bloklarla bağlanmasıdır. O, suallara cavab olaraq deyib ki, binanın yanğın çıxışı və yanğınsöndürmə balonları da olmayıb. Dəymiş ziyanla bağlı olaraq zərərçəkən deyib ki, evinə 74 min manatlıq ziyan dəyib. "Nəvəmin həyatını itirməsi ilə bağlı ziyanın isə dəyəri yoxdur. Xarici ölkələrdə bu cür hadisələrə görə 10 milyon tələb edirlər, amma mən Azərbaycan reallığını nəzərə alaraq, 100 min manat ödənilməsini istəyirəm". O əlavə edib ki, hazırda təqsirləndirilən şəxslərin günahkar olub-olmadıqları ona məlum deyil. "Hələlik məhkəmə başa çatmadığı üçün onların bu cinayəti törədib-törətmədiklərini bilmirik. Əgər məhkəmə bu adamları günahkar hesab edəcəksə, təzminatı onlardan istəyəcəm. Başqa günahkar məlum olacaqsa, tələbim ona qarşı olacaq".
Onun həyat yoldaşı Rəsmiyyə Mustafayeva isə göz yaşlarına boğularaq ifadə verə bilməyib və suala cavab olaraq bildirib ki, ərinin dedikləri ilə razıdır.

Zərərçəkən Səbinə Orucova bildirib ki, yanğın baş verən zaman işdə olub. "11.04-də anam zəng etdi ki, bina yanır. Azadlıq prospektində olarkən binanın yandığını gördüm. Anamı 30 dəqiqədən sonra binanın qarşısında tapdım. Vəziyyəti pis idi. Onu xəstəxanaya apardıq". S.Orucova qeyd edib ki, evi yüksək səviyyədə təmirli olub və bahalı əşyalarının hamısı yararsız hala düşüb. "Yanğınsöndürənlər mənimlə eyni vaxtda, təxminən 11.30-da binaya çatdı. Adamları xilas etmək üçün kran yox idi. Yanğınsöndürən maşınlar suyu yalnız 5-ci mərtəbəyə qədər vura bilirdilər".
Vəkillərin suallarına cavab olaraq zərərçəkən deyib ki, binaya bitişik olan qeyri-yaşayış sahəsinin üzərində binanın üzlənməsindən sonra zibil olmayıb. Təqsirləndirilən Miryusif Mahmudovun vəkili İlhamə Həsənovanın "əgər o qeyri-yaşayış sahəsi binaya bitişik olmasaydı, 10 metr aralıda tikilsəydi, həmin yerdə baş verən yanğın binaya keçərdimi" sualına cavab olaraq bu sahədə ekspert olmadığını deyib.  Hakim suala etiraz edərək çıxarılmasını istəyib. Miryusif Mahmudov da söz alaraq deyib ki, ittihama əsasən, bina həmin qeyri-yaşayış sahəsində zibilin yanması nəticəsində yanıb. "Həmin sahənin binaya bitişik tikilməsinin özü təhlükəsizlik qaydalarının pozulmasıdır. Amma təəssüf ki, istintaq bu məsələyə ümumiyyətlə reaksiya verməyib. Yəni həmin sahə binaya bitişik olmasaydı, oranın damında nəinki yanğın, hətta partlayış da olsaydı, binaya aidiyyatı olmayacaqdı. Ən azı, binanın hündürlüyünün üçdə biri qədər aralıda tikilməlidir. Bu tikintiyə kim icazə verib? Bunu da araşdırmaq lazımdır. Amma ilk gündən insanlara yanlış məlumat veriblər ki, vurulan üzlüklər tezalışan olduğu üçün binada yanğın olub. Elə hadisədən 1 saat sonra televiziyaya bu barədə müsahibə verənlər var idi. Ekspertiza material barədə rəyi bir neçə aya verirsə, bir saat ərzində necə müəyyənləşdirdilər bunu?"

Prokuror bu məsələ ilə bağlı arayış verən zaman bu, vəkillərin etirazına və hakimlərdən birinin sərt reaksiyasına səbəb olub. Hakim vəkil İlhamə Həsənovanı prosessual qaydaları, hüquq və vəzifələrini bilməməkdə ittiham edib. Zərərçəkən Nurlana Həmidova bildirib ki, hadisə zamanı evdə olmayıb, evdə olan şəxslər isə xilas edilib, təqsirləndirilənlərə qarşı heç bir tələbi yoxdur.
Zərərçəkən Vahabov İlqar da deyib ki, özü və uşaqları evdə olmayıb, yoldaşı isə yanğın başlayan kimi evdən çıxaraq məktəbə uşaqlarının yanına gedib. Ümumilikdə 43 min manat maddi ziyan dəyib.
Zərərçəkən Naibə Mahmudova bildirir ki, səhər evdə baldızının oğlu ilə olub. "Yanıq iyi hiss etdim, rezin iyi gəlirdi. Aşağı baxanda gördüm ki, binaya bitişik qeyri yaşayış sahəsinin üstündə iki kağız topası yanır. Orada zibil-zad yox idi. Yanan bir-birindən 40-50 santimetr aralı olan sıxılmış kağız topaları idi. Siqaret tüstüsü kimi ağ tüstü çıxırdı. Tez qışqırdım ki, su tökün. Özüm də mətbəxdən qazanda su gətirib yuxarıdan tökdüm. Amma tüstünün artdığını görüb evdən çıxdıq. Biz aşağı çatanda artıq bina alışmışdı".
O, suala cavab olaraq bu barədə istintaqa ifadəsində də dediyini bildirsə də, vəkillər bildirdilər ki, cinayət işi materiallarındakı ifadədə bu barədə qeyd yoxdur. Zərərçəkən əlavə etdi ki, hətta istintaq zamanı videoçəkiliş aparılıb və o, mənzildən həmin hissəni göstərərək sıxılmış vəziyyətdə olan topa kağızların yandığını bildirib. O, suala cavab olaraq əlavə edib ki, istintaqda dediklərini müstəntiq yazıb və ifadəni oxumadan qol çəkib.
Zərərçəkən Ərəstun Nemətov deyir ki, yaşadığı binanın yaxınlığında taksi fəaliyyəti ilə məşğul olur. "Gördüm ki, bizim binaya tərəf qaçanlar var. Gələndə gördüm ki, "Qadın məsləhətxanası"nın üstündə yanğın var. Camaata "su tökün!" deyə qışqırdım, qaçdım 16-cı mərtəbədən uşaqları götürüb liftlə düşürdüm aşağı".

Zərərçəkən Zəhra Babayeva bildirir ki, yanğın hadisəsində 2 yaşlı nəvəsi Ayxan Hüseynlini itirib. "Həmin gün işdə idim. Qızımgil evləri təmir olunduğu üçün 3 ay idi müvəqqəti bizimlə yaşayırdılar. Nəvəm evdə dayə ilə qalmışdı. Xəbəri eşidən kimi işdən evə gəldim. Nəvəmlə dayə hələ də içəridə idilər. Dayə ilə tez-tez əlaqə saxlayırdım. Deyirdi ki, uşaq çətin nəfəs alır, mən də boğuluram..."
Həmin günün həyəcanını yenidən yaşayan, çətinliklə danışan, göz yaşlarını saxlaya bilməyən Zəhra Babayeva bildirir ki, həmin gün itki az ola bilərdi. "Yanğının səbəbini deyə bilmərəm, amma ona əminəm ki, nəvəm də ölməyə bilərdi, sağ qala bilərdi. Mən saat 12-yə işləmiş binanın qarşısına çatdım. Binanın bizim mənzil olan tərəfi hələ yanmırdı. Kranla oradan adamları götürmək olardı. Var gücümlə qışqırırdım ki, orada nəvəm qalıb, yanında dayə var, onları xilas edin. Artıq dayə də cavab vermirdi. Bir müddət sonra qaldırıcı kran gətirdilər, ancaq kran 5-ci mərəbədən o tərəfə qalxmırdı. Nə qədər yalvarsaq da, qışqır-bağır salsaq da xeyri yox idi. Polis həddindən artıq sərt davranırdı, hətta qadınları itələyirdi. Oğlum onlara etiraz etdiyinə görə əlbəyaxa oldular, oğlumun başını yardılar. Orada qərargah kimi yerdə yüksək rütbəli şəxslərə xahiş-minnət etdim ki, uşağı xilas edin. Dedilər edəcəyik…"

Zəhra Babayeva bildirir ki, nəvəsinin öldüyünü əvvəlcə ona deməyiblər. "Hamısını təcili yardımla göndərdilər. Deyirdilər guya yaxınlarına maşına minməyə icazə verəcəklər, amma qoymadılar. Kürəkənim deyir ki, zorla minmək istəyərkən qoluna elə köynəyin üstündən iynə vurub sakitləşdiriblər...

Getdim "Semaşko"ya, həkimin əlində siyahı vardı, gördüm nəvəmin adı var: Hüseynli Ayxan yazılıb və üstündən xətt çəkilib. Dedim, nəvəm hanı, niyə üstündən xətt çəkmisiniz bu adın. Yenə də demədi ki, ölüb, dedi burada olmayanların adının üstündən xətt çəkilib. Axırda nəvəmin meyitini Rəsulzadə qəsəbəsindən tapdıq. O bizim ilk nəvəmiz idi, onunla nəfəs alırdıq... 

Həkim ölüm kağızına yazıb ki, dəm qazından boğulub. O həkimi tapsam üzünə tüpürərdim ki, o uşaq dəm qazından necə boğula bilərdi ki? Bu bizi, bilirsinizmi, necə yandırır? Bizim binada qaz olub ki, qazdan boğulsun? Niyə düzünü yazmırlar ki, tüstüdən boğulub?"

Zərərçəkən Xətai Şahverdiyev yanğın nəticəsində bir nəfəri xilas edərkən qolundan xəsarət aldığını deyib: "Həmin şəxsə öz paltarımı geyindirib aşağı düşməyinə kömək etdim. 5-ci mərtəbədə halım pisləşdi. Qolumu şüşə kəsdi, həm də tüstüdən zəhərlənmişdim". 

Hələ bina üzlənən vaxt orada bir dəfə yanğın olduğunu deyən zərərçəkmişin sözlərinə görə, o zaman Binəqədi Rayon İcra Hakimiyyətindən tutmuş, digər orqanlara bu barədə şikayət edib: "Mən burada yüksək vəzifəli şəxsləri gözləyirdim. Çünki onlara vaxtında xəbərdarlıq eləmişdim. Binanı o şəkildə üzləməklə bizi gün işığından məhrum eləmişdilər. Qış vaxtı idi, binanı üzləmək üçün poliuretan materialları bağlamalarda aşağı yığmışdılar, yuxarıdan üstünə qığılcım düşmüşdü, alışıb yanğın olmuşdu. Şikayət elədim, gəldilər. Dedim ki, "siz bu binadakı adamları yandıracaqsız". Axır ki, yandırdılar da... Bizim bina yenə yanacaq, çünki təmir zamanı işıq sistemini düz çəkməyiblər".
Binanın 25a mənzilinin sahibi Zaur Mustafayev də zərərçəkmiş qismində ifadə verib. Bu mənzildən həmin vaxt orada yaşamış Yaşar Nəcəfov özünü pəncərədən atıb. Qeyd edək ki, vəkillər zərərçəkmişləri dindirərkən Yaşar Nəcəfovla bağlı məqamı xüsusi araşdırır, həmin şəxsin o binada nə vaxtdan yaşaması, özünü necə aparmasını soruşurlar. Zaur Mustafayev bildirib ki, Yaşar onun həmkəndlisi və uzaq qohumudur, onun ailəsini də yaxşı tanıyır: "Yaşar 2014-cü ilin sentyabr-oktyabrından orada qalırdı, biz ailəmlə qayınanamgildə qalırıq. Heç bir problemi olmayan insan idi. "Favorit Market"də işləyirdi. Bəlkə onun yerində olsaydım, mən də özümü atardım. Divarlardakı suvağa qədər yanmışdı. Qızdırıcıların dəmirləri kül olmuşdu".

 

Hadisə zamanı xəsarət almış yanğınsöndürənlər Rasim Ağayev və Mehdi Məsimli də olub. Onlar FHN əməkdaşlarına ünvanlanan ittihamlarla razılaşmayıblar. Bildiriblər ki, hadisə yerinə çağırışdan 15 dəqiqə sonra çatıblar, maşınlarda da su olub. Su vuran rezin boruların bəzilərini isə pəncərələrin sınmış şüşələri deşib.

Proses iyulun 19-da davam edəcək. 

Rəşad VAQİFOĞLU
Oxşar xəbərlər