Jurnalist Fikrət Fərəməzoğlu niyə həbs olunub?

  • 04 iyul 2016, 16:50

Bu gün jurnalist, JAM.AZ saytının rəhbəri Fikrət Fərəməzoğlunun həbsindən 4 gün keçir.Ötən müddətdə jurnalistin həbsinə dair rəsmi açıqlama olmasa da, bir sıra saytlarda iyunun 30-u jurnalistin mülki geyimli naməlum şəxslər tərəfindən həbs olunması, evində qısamüddətli axtarış aparılması, Fikrət Fərəməzoğluna məxsus Notebook-a da əl qoyulması kimi iddialı xəbərlər yayılıb."Report"un yaydığı son məlumatda jurnalistin vəkili Nemət Kərimlinin açıqlamaları yer alıb.Vəkil "Report"a bildirib ki, Fərəməzoğlu hədə-qorxu yolu ilə pul tələb etmədə ittiham olunur. Barəsində də Nərimanov rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.Hədə-qorxuya məruz qalanın kimliyi və işin dəqiq detalları istintaq sirri olaraq hələ ki, açıqlanmır.Lakin Fikrət Fərəməzoğlunun həbsində müəmmalara yol açan maraqlı məqamlar da var.

"Demokratik.Az"-ın araşdırmasına görə,hələ iki gün əvvəl jurnalist Eynulla Fətullayevin rəhbərlik etdiyi Virtualaz.org saytı bu xəbərə "maraqlı" başlıq seçib:"Eldar Mahmudovun agenti tutuldu".

Bu kimi başlığın seçilməsi müəmmalardan biri-birincisidir.

Çünki həbs olunan jurnalistin hansısa siyasi-ideoloji istiqamətdə fəaliyyətinə rastlanmayıb. Olsa-olsa"JAM.Az"saytında iri məmurların və iş adamlarının hədəf seçilməsi,ciddi tənqidlərin dərci kimi hallara rast gəlinib. Və jurnalisti Eldar Mahmudovun agenti adlandıran reytinqli sayt rəhbəri bunları bilməmiş deyildi. Bəs Fərəməzoğlunun həbsindən iki gün sonra adıçəkilən sayt xəbərə niyə belə don geyindirib? Ya da "JAM.AZ"-ın "MTN casusu" olması kimi ciddi xəbəri Virtualaz-a kim ötürüb? Sayt bu xəbəri necə əldə edə bilib? Ciddi sualdır,cavabı ciddi olsa... 

Danılmaz olan bir həqiqət də var.Fərəməzoğlu indiyədək yazdıqlarına görə, çoxsaylı məhkəmə iddiaları qarşısında qalıb. İstər-istəməz onun həbsində ilk yada düşən və müzakirə yaradan mühüm məqam məhz onun yazılarıdır.

 Bugünə boylanan "müəmmalı" yazılar...

Xatırladaq ki,hələ 10 il öncə Fərəməzoğlu cinayət məsuliyyətinə cəlb olunub.Belə ki,"24 saat"qəzetinin baş redaktoru olan zaman DİN naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə bir il müddətində şərti olaraq

azadlıqdan məhrum edilib.

Demokratik.Az-ın araşdırmasına görə,2015-ci il də Fikrət Fərəməzoğlu üçün qalmaqallı il olub.

Həmin ilin iyununda Masallı rayonunun icra başçısı Rafil hüseynov da yerli məhkəmədə jurnalistə qarşı iddia qaldıraraq həbsini istəyib,məmur əsl istəyinə çatmasa da 5000 manat maddi təzminat tələbi üzrə tələbinə nail olub.


2015-ci ilin avqust ayında da yazılarına görə,Ağdam İHB başçısı Raqub Məmmədov JAM.Az-ın redaktoruna məhkəmə qərarı ilə həbs cəzası istəyib.Bu iddia da reallaşmayıb.Beləcə, Fərəməzoğlu icra başçılarının hədəfi ola bilib.

23 noyabr 2015-ci ildə Fərəməzoğlu Baş Prokurorluğa çağırılıb.Səbəb kimi JAM.Az-da"Kütləvi informasiya vasitələri haqqında” qanunun 10 və 11-ci maddələrinin tələblərinin kobud surətdə pozularaq müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında, eləcə də Baş Prokurorluqda istintaq olunan cinayət işləri üzrə həqiqətə uyğun olmayan, böhtan xarakterli informasiyalar düzgünlüyü yoxlanılmadan yayımlanması göstərilib. Jurnalistə "Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə müvafiq olaraq reallığa uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq olunub.Bununla belə,29 yanvar 2016-cı il tarixində JAM.Az-a Baş prokurorluq tərəfindən eyni məzmunlu xəbərdarlıq edilib...

17 may 2016-cı ildə Fikrət Fərəməzoğlunun Daxili İşlər Naziri cənab Ramil Usubova müraciəti olub.Müraciətin məzmunu da maraqlıdır.Fərəməzoğlu müraciətində «General Motors»un Azərbaycan nümayəndəliyinin rəhbəri Qalib Məmmədovla bağlı "JAM.AZ-da silsilə xarakterli tənqidi yazılarına diqqət çəkərək adıçəkilənin hədələri ilə üzləşdiyini bildirib.

(Qalib Məmmədov «General Motors»u kimin puluyla qurdu?-ŞOK TƏFSİLAT)

Sitat:.«Qərara alıblar ki, məsələni hüquqi müstəvidə davam etdirməsinlər. Əvəzində, zorbalığa əl atsınlar. Belə ki, onlar məni bir neçə plana əsasən həbs etdirməyə və ya cəzalandırmağa çalışacaqlar. Birinci plan budur ki, eyni rayondan olduğumuzu əsas gətirib, adamları mənimlə görüşüb pul təklif etməlidirlər. Bu zaman adını hələlik çəkmədiyim hüquq mühafizə orqanlarından birinin əməkdaşları həbsimi reallaşdırmalıdırlar. İkirnci plan isə birinci plan alınmadığı təqdirdə işə düşməlidir. Yəni, bu dəfə mətbuatdakı adamları vasitəsiylə pul təklifləri başlayacaq, ardından yenə həbs həyata keçiriləcək. Üçüncü plan isə bu variantların heç biri alınmadığı təqdirdə reallaşdırılacaq ki, bu dəfə Qalib Məmmədovun muzdla tutduğu adamlar məni küçədə, yaşadığım binanın qarşısında yaxalayıb, döyməli, qolumu, qıçımı sındırmalıdırlar».

Hələlik jurnalistin həbsinə dair dəqiq söz söyləmək çətindir.Amma həbsin siyasi xarakter daşımadığı artıq aydındır.Bu günlərdə həbsin səbəblərinin daha detaylı şəkildə rəsmi açıqlanacağı gözlənilir...

(mövzu diqqətimizdədir)

 

Demokratik.Az 




Oxşar xəbərlər