Türk iş adamı Azərbaycanda bir qrupun “qurbanı” olub

  • 23 fev 2016, 09:09
Türkiyəli iş adamı Mithat Demirin mis almaq adı ilə 527 000 dollarının azərbaycanlılar tərəfindən əlindən alınması barədə "Bizim Yol" qəzetinin redaksiyasına etdiyi müraciətdən sonra pulu verdiyi Ayaz Salehovla müsahibə aparmışdıq. Salehov pulu aldığını təsdiqlədi və onu Yekaterinburqda OAO "Vista"ya ödədiyini söylədi. Yalnız M.Demirin öhdəliyini tam yerinə yetirmədiyi səbəbindən mis aldığı şirkətlə problem yaşadığını, nəticədə malı ala bilmədiyini dedi. Bununla belə Salehov Demirin hansı öhdəliyi olduğunu söyləmədi. İş adamı isə onun barəsində danışdığı öhdəlikdən xəbərsiz olduğunu deyir: "Yekaterinburqda bağladıqları sözləşməni "Özgüven Kablo" LTD-yə rəsmi kanaldan çatdırmayıblar. Türkiyə tərəfinin hər hansı müqavilədən xəbəri yoxdur. Malı alacaq tərəfin məlumatı olmadan o, öz-özünə müqavilə yazaraq imzalayıb. Müqavilə mövcuddursa belə, ondan kimsənin xəbəri yoxdur".  

M.Demirin polisə və qəzetimizə etdiyi şikayətdə uğursuz "mis əməliyyatı"nda Rəşad Sadıqov adında bir hüquq-mühafizə orqanı əməkdaşının olduğunu deyirdi. Sadıqovla da telefonla danışıb, barəsində söylənənlərə aydınlıq gətirməsini xahiş etdik. 

- Rəşad müəllim, türk iş adamı Mithat Demir qəzetimizə müraciət edərək bir qrup şəxsin onun əlindən yarım milyon dollarını aldığını deyir. Bildirdiyinə görə, qarşılığında mis almalı imiş, lakin pulu götürüb, malı isə vermirlər. Onu "dolandıran" adamların sırasında Ayaz Salehovla bərabər sizin də adınızı çəkir. Siz hadisələrin harasındasınız? 

- Mithat qəzetə müraciət edib, şəxsi işidir, bu, bir. İkincisi, orada Ayaznan məni niyə... Orada nə pul söhbəti var, kim kimin pulunu yeyib, kim kimin pulunu xərcləyib, başa düşmədim. Bu da təzə şeylərdir ki, Mithat danışır?  

- Ayaz müəllim pulu aldığını danmadı. Hətta əlyazması da mövcuddur, pulu aldığı barədə "dilindən kağız" verib. Siz Ayaz Salehovla Rusiyanın Yekaterinburq şəhərinə Mithat Demir üçün mis almağa getmisiz? 

- O özü çox gözəl bilir ki, o vaxt getmişəm, mənim işim düzəlməyib. Bunların hamısını ona telefonda izah eləmişəm. Gedəndə ona zəng vurdum ki, qardaş, məndə iş alınmadı, bu iş mənlik deyil. Bacarırsınızsa gedin alın, Allah xeyrinizi versin. 

- Yekaterinburqa Ayaz müəllimlə birgə getmisiz?  

- Bəli, birinci Ayaz müəllimlə Yekaterinburqa getmişəm. Gördüm ki, mənim "adamlarım" bu işə girişə bilmədilər, dedim "siz sağ, mən salamat". Biletimi alıb, təyyarəyə oturub gəldim. 

- O vaxtdan məsələdən kənara çəkildiniz?

- Çoxdan kənara çəkilmişəm, getməyimlə iki gün sonra qayıtmağım bir olub. 

- Pulun alınıb-verilməsində iştirak etmisiz? 

- Yox e, yox, yox. Orada mən iştirak eləməmişəm. 

- Pul kimə verilib? 

- Özləri çox gözəl bilirlər. Mithat da çox gözəl bilir, o birisi, bu birisi də. Bilirlər ki, kimin planıdır və kimə veriblər. Siz Ayaz müəllimlə danışmısız, sizə nə dedi? Dedi ki, Rəşadın orada bir işi var, yoxdu? 

- (Təbii ki, məndən söz alır, görsün Salehov nə deyib, ona görə danışsın) Sizin haqqınızda soruşmadım, özünüzdən soruşuram, xahiş edirəm dəqiq cavab verin. Mis almaq üçün Ayaz müəllimlə Rusiyaya getdiyinizi deyirsiniz. Orada iş alınmadısa, Salehov niyə sizinlə bərabər qayıtmadı?

- Onun öz "adamları" vardı, mənim öz "adamlarım". Mənim "adamlarım"la alınmadığına görə çıxıb gəlmişəm. 

- Mithat Demirlə görüşüb məlumat verdinizmi ki, siz artıq bu işdə yoxsunuz, kənara çəkilirsiz? 

- Bəli, mən ondan bir həftə sonra Bakıya gəldim. Dedim, Mithat müəllim, mənlik deyil də bu məsələ, başına dönüm. Mənim "adamlarım" malı çıxarda bilmədilər. Gedin, Allah işinizi avand eləsin.  

- Orada hansı şirkətlə danışıqlar aparırdınız? 

- Şirkətlə deyəndə ki, mənim "adamlarım" vardı, getmişdim onlarla danışmağa ki, bu malı biz camaata verə biləcəyik, ya yox? Təbii ki, burada hamı pul qazanmaq istəyir. Mən Yekaterinburqa pul qazanmağa getmişəm, özü də öz vəsaitimlə yola çıxmışam. Mithatın puluna getməmişəm, o, mənə nə yol pulu verib, nə də cib xərcliyi. Öz cibimin puluyla getdim, alınmadı, çıxıb gəldim.

- Haradan bilirdiniz ki, Yekaterinburqda elə bir şirkət tapacaqsınız, xərc çəkib getdiniz? 

- Deyir "könlü balıq istəyənin quyruğu suda gərək". Mən nədəsə qazanacağamsa, gedib kimdənsə pul ala bilmərəm. Əvvəlcə gedib baxaram, alınarsa gəlib yol xərcini alaram. 

- Sizcə Mithat bəy pulu verdiyi halda A.Salehov niyə ona malı vermir? 

- Orada müqavilə bağlanıb, sadəcə Mithat bəy müqavilə şərtlərinə riayət etməyib. 

- Hansı şərtlərə əməl etməliydi ki?

- Dərinliyinə qədər gedib izah edə bilmirəm, amma orada müqavilə şətləri var ki, Mithat bəy onlara əməl etməyib. 

- Adam 527 min dollar pul ödəyib, sifarişini verib, qarşılığında bir qəpiklik də malın sahibi deyil, daha nə öhdəliyi vardı ki? 

- Nə qədər pul ödəyib bilmirəm, sadəcə gərək düz danışaq, heç kim heç kimin pulunu "yeməyib".

- Dediniz ki, orada müqavilə bağlanıb...

- Bəli, bəli, bəli, bəli, bəli. Hələ iki bağlanmayıb, üçlü müqavilə bağlanıb. Azərbaycan-Türkiyə-Yekaterinburq zavodları.     

- Rəşad müəllim, o məsələlərdə kənara çəkildinizsə, bütün bunları detallarına qədər haradan bilirsiniz? 

- Mən kənara çəkilmişdim e, mənə oturmağa imkan vermirlər. Polis çağırır, müstəntiq dəvət edir. Burada bir işim olmaya-olmaya onun-bunun ağzından eşidə-eşidə artıq bilirəm ki, kimdə nədir. 

- Amma siz əminliklə deyirsiz ki, onlar müqaviləni bağlayıblar, Mithat Demir şərtləri pozub ("Salehovla çəkici bir yerə vurursunuz", demək istəmədim-B.Y.). 

- Əminliklə deyəndə, heç kimin babalını yuya bilmərəm, aralarında olan söhbəti sizə deyirəm. 

- Siz nəyə görə Mithat Demiri günahkar bilirsiz? Bu adamın bu işdə haqsız olduğu tərəfini hələ heç kim mənə izah edə bilməyib, bəlkə siz deyəsiz? 

- Mən heç kimi günahkar bilmirəm, sadəcə onu deyirəm ki, hərə öz boynuna düşən işi görsün. 

- Mis almaq orada doğrudanmı çətin idi? Pul olan yerdə nə çətinlik? 

- Elə şeylər var ki, orada puldan başqa "adamınız" da olmalıdır, ağlınız da. Birdə ki hər şeyi telefonda demək olmur. 

- Əminsiniz ki, Salehov bu işi düzəldib, misi almışdı?

- İndi də düzəldib, kim deyir ki, düzəltməyib? İndiyə qədər mənə, o birisinə, Mithata da deyir ki, "qardaş mən bu məsələni həll eləmişəm". 

- Bəs niyə vəd elədiyi malı Türkiyəyə göndərmir? 

- Siz onlardan soruşun ki, müqaviləni axıra kimi yerinə yetiriblər, yoxsa yox. Mən bildiyimi, bu yaxınlarda qulağımla eşitdiyimi sizə deyirəm. Müqavilə bağlananda orada olmamışam. Məni Binəqədi polisinə də çağırdılar, ifadəmi aldılar. Axırda gedib özüm şikayət edəcəm ki, mənim hüquqlarımı pozurlar. Burada bir işim olmaya-olmaya Mithat, o birisi, bu birisi məni hər yerə çəkir.    
- İndi Allaha şükür. Hər yerdə kameralar, registratorlar var, bu işlə bağlı harasa getmisinizsə, nə iş görmüsünüzsə mütləq qeydə düşmüsüz. Haqlısınızsa da üzə çıxacaq, haqsızsınızsa da, niyə narahat olursuz ki?     

- Ölənləriniz rəhmətlik, razıyam.

- Sizin polis olduğunuzu deyirlər, doğrudur?

- Əşşi, bir söz deyim sizə, "oğru elə çığırdı ki, doğrunun bağrı yarıldı". Bu gün mən elə vəziyyətdəyəm. Elə qışqır-bağır saldılar ki... 

- Sualıma cavab vermədiniz, polis əməkdaşısınız? 

- Yox, yox, yox. Mən heç bir məsələdə iştirak etmirəm, xanım. O Mithat gedib başının çarəsini qılsın. Elə eləyəcək ki, gedib Türkiyə səfirliyinə şikayət edəcəm.

R.Sadıqovun türk iş adamına özünü polis kimi təqdim edib, bunu jurnalistlə söhbətində danmasının səbəbi anlaşılan deyil. Əlbəttə, hüquq-mühafizə orqanlarında bu məsələyə aydınlıq gətirilməlidir, çünki bir polis biznes fəaliyyətilə məşğul ola bilməz. Qanun buna yol vermir. R.Sadıqov bizimlə söhbətində mis məsələsindən uzaqlaşdığını desə də, M.Demir onun sona qədər hadisələrin iştirakçısı olduğu qənaətindədir. O ki qaldı Sadıqovun Yekaterinburqa öz vəsaiti hesabına getdiyi barədə söylədiklərinə, türk iş adamı bunun da doğru olmadığını söyləyir. Deyir ki, alınan hər ton mis qarşılığında göstərdikləri xidmətə görə A.Salehova 25 dollar verəcəyi barədə aralarında şifahi sözləşmə var. Bundan başqa 2 000 dollar da onların Yekaterinburqa səfəri üçün nağd pul verib. Əlavə olaraq içində istifadə olunmamış 500 dollar olan visa kartını təqdim edib. Özünün adına olan həmin kartdan Yekaterinburqda istifadə edilib və bunun qeydləri mövcuddur. Deyir ki, qanundakı boşluqlardan faydalananlar ona qarşı teatr qurub, oyun oynayırlar. İlkin danışıqlar aparılan firmanın təmsilçiləriylə də şəxsən danışıb, ona bildiriblər ki, qarşı tərəf heç bir səbəb olmadan mübahisə yaradıb, onlarla işbirliyinə imza atmaqdan imtina ediblər. Demir ümid edir ki, sorğu verməklə bərabər polis gedib məsələni Yekaterinburqda araşdıranda gerçəklər ortaya çıxacaq. 

Bu hadisədə maraqlı odur ki, qarşı tərəf özünü qətiyyən suçlu bilmir, əksinə pulu verəni ittiham edir və bunun üçün də heç bir sübut gətirmir. Ən azından qəzetin əməkdaşına bunu bildirməyiblər. Yazı çap olunmadan bir gün əvvəl iş adamı redaksiyaya zəng vuraraq ona gələn anonim zəngdən danışdı. Dediyinə görə gizli bir nömrədən onu arayan şəxs "məni sorğu-suala tutarsan, telefonu qapadacam, sadəcə məni dinlə", deyib. O da dinləyib. Xəttin o başındakı isə deyib ki, "bəs sənin pulların Yekaterinburqda kafe sahibi olan Kamal adında bir azərbaycanlıdadır. O adamlar pulu Ayazgilin əlindən alıblar". İş adamı bu adda birini tanımadığını söylədi. Mithat bəyə həmin zəngə inanıb-inanmadığını soruşduq. İnanmadığını, sadəcə hazırda sağlıqlı düşünə bilmədiyini, qəzetlə paylaşmağı vacib saydığı üçün məlumat verdiyini söylədi: "Para burdamı, yoxsa Yekaterinburqda və pullarımın mənə geri gəlmə şansı varmı, yoxmu, onu düşünürəm". Bu pulların geri dönməmək kimi bir şansı yoxdur, çünki ox yaydan çıxıb, Salehov pulları aldığını polisdə yazılı etiraf edib, "dilindən" verdiyi kağızda və qəzetə verdiyi müsahibəsində də təsdiqləyir. Sonra həmin pulu OAO "Vista" ya ödədiyini deyib. Əslində Salehovun pulu kimə ödədiyi və problemi kimin yaratdığı Demir üçün maraqlı olmamalıdır. Əsas odur ki, verdiyi pul A.Salehova çatıb. İstər onu Salehov şəxsən özü götürüb, istərsə də Yekaterinburqda ona çatdırıblar, bu, nə məsələnin mahiyyətini dəyişir, nə də onun məsuliyyətini azaldır. İkisi də birdir. Yəni bu pul alış-verişi iki nəfər arasında olan məsələdir, onu kimə verib, niyə verib, bu, Salehovun problemidir. Tanışı Telman Kazımov da bizimlə söhbətində əsas şahid kimi, bankdan götürəndən sonra pulu M.Demirin Salehovun ofisinə apardığı, bir dəfə xanımına, ikinci dəfə də özünə verdiyini söyləmişdi. Anonim zəngə gəldikdə isə, bizə görə bu arama, hətta gerçəkləri söyləmiş olsalar belə, diqqəti məsələnin məğzindən uzaqlaşdırmaq, bu işlə məşğul olanları çaşdırmaqdan ötrü düşünülmüş bir fənddir. Həm də A.Salehovun əlindən pul qapdıracaq birinə bənzəmədiyini cəmi bir dəfə söhbətdən anlamaq çətin deyil. 

Yazıda M.Demirin adını çəkdiyi Mənsur Məmmədova da zəng elədik, telefonunu açmadı...  
Bizimyol.info
Oxşar xəbərlər