Jurnalist Prokurorluğa çağrılıb

  • 03 fev 2016, 20:45
Jurnalist Sevinc Vaqifqızı yenə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağrılıb.

Jurnalist "Meydan TV"nin fəaliyyətilə bağlı dindiriləcək.

"MEYDAN TV-NİN İŞİLƏ BAĞLIDIR”

Jurnalist AzadlıqRadiosuna bildirib ki, fevralın 2-də idarənin müstəntiqi Əli Babayev onunla telefon vasitəsilə əlaqə saxlayıb və dindirməyə dəvət edib:

"Fevralın 4-də səhər saat 11-də idarədə olmağımı istədi. Bu gün evimizə zəng eləyib, deyiblər ki, "sabaha vaxtımız yoxdur, fevralın 5-də gəlsin"”.

Sevinc Vaqifqızı deyir ki, telefon danışığı zamanı idarəyə hansı işlə əlaqədar çağrıldığını soruşanda ona belə cavab verilib:

"Birinci dəfə özümə zəng eləyəndə soruşdum ki, "Meydan TV"nin işi ilə bağlıdır, yoxsa yeni nə isə var? Əli Babayev bildirdi ki, "Meydan TV" ilə əlaqədar. Əvvəllər çağıranda bizə bunu demirdilər. Bizi Mingəçevir işi üzrə dindirmək adı ilə çağırırdılar, sonra əsasən, "Meydan TV" ilə bağlı suallar verirdilər. Mingəçevir barədə çox az soruşurdular"

DİGƏR JURNALİSTLƏR DƏ ÇAĞRILIB


Jurnalist qeyd edir ki, bundan əvvəl iki dəfə Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, "Meydan TV" ilə əməkdaşlıq etmiş digər jurnalistlər də yenidən prokurorluğa dəvət olunub.

2015-ci il avqustun 20-də Mingəçevir şəhər Polis Şöbəsində 27 yaşlı Bəhruz Hacıyevin müəmmalı şəkildə dünyasını dəyişməsindən sonra bu şəhərdə etiraz aksiyaları keçirilib. Bir sıra media orqanlarının, o cümlədən "Meydan TV"nin əməkdaşları da aksiya barədə xəbər hazırlamaq üçün Mingəçevirə gedib. Rəsmi məlumatda Bəhruz Hacıyevin polis şöbəsində intihar etdiyi bildirilsə də, morqda çəkilən foto və videolarla cəsədin üzərində işgəncə izləri görünür. Həmin video Almaniyada qeydiyyatdan keçmiş və oradan yayımlanan "Meydan TV"yə göndərilib və saytın "facebook" səhifəsində yayılıb. Prokurorluq jurnalistləri dindirərkən həm də bu videonun "Meydan TV"yə necə gəlib çıxması ilə maraqlanıb. Saytın əməkdaşı, Almaniyada yaşayan Həbib Müntəzir materialı özünün yaydığı barədə açıqlama verib. Amma prokurorluqdan bildirilib ki, Həbib Müntəzirdən ifadə almaq üçün o, mütləq Azərbaycana gəlməlidir.

 

Demokratik.Az

Oxşar xəbərlər