Rusiyadan Azərbaycana gələnlər yoxlanılır

  • 22 yan 2016, 07:58

Samur postunda "donuz qripi"nə qarşı qabaqlayıcı tədbirlər görülür.

Rusiya Federasiyasının müxtəlif ərazilərində, o cümlədən qonşu Dağıstan Respublikasında əhali arasında "donuz qripi"nin müşahidə olunması, ölüm hallarının baş verməsi Dövlət Gömrük Komitəsinin ölkənin şimalındakı gömrük post əməkdaşlarının gücləndirilmiş iş rejiminə keçməyə sövq edib. Bu barədə Komitə sədri Aydın Əliyev postlara xüsusi göstəriş verib.

ANS TV-nin çəkiliş qrupu Qusarın Azərbaycan - Rusiya sərhədində yerləşən Samur gömrük postunda gomrükçülərin "donuz qripi"nə qarşı gördükləri təhlükəsizlik tədbirlərini izləyib.

Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunun rəis muavini Cavid Nadirovun məlumatına görə, Rusiya Federasiyasında "donuz qripi" virusu aşkarlanması barədə məlumat yayıldıqdan sonra qurum GK rəhbərliyinin xususi tapşırığına əsasən gücləndirilmiş rejimlə çalışır.

Bir neçə gündür Rusiyadan Azərbaycana gələn bütün nəqliyyat vasitələri postun girəcəyində dezinfeksiya edilir, avtomobillərin təkər və şin hissələri xüsusi məhlulla yuyulur və ölkəyə buraxılır.

Ölkəyə gələn sərnişinlər də unudulmayib. Piyada keçid xəttində dezo-baryer qoyulub, bütün sərnişinlər posta buradan keçib daxil olur. Bundan əlavə, burada piyada xəttində termovizion adlanan xüsusi aparat qoyulub, yüksək hərarəti olan insanlar keçəndə aparat cingiltili səs cixarir.

Cavid Nadirov məlumat verib ki, burada hələlik "donuz qripi"nə yoluxmuş xəstənin ölkəyə gəlişi müşahidə olunmayıb. Əgər olarsa, təcili olaraq Qusarin səhiyyə orqanları məlumatlandırılacaq.

Samur gömrük postunun rəis müavini Cavid Nadirov bildirib ki, təkcə Samur keçid məntəqəsində deyil, Xaçmaz Gömrük İdarəsinin Azərbaycan-Rusiya sərhədində yerləşən digər keçid məntəqələrində də gömrükçülər gündəlik olaraq gücləndirilmiş iş rejimində çalışırlar.

Demokratik.Az

Oxşar xəbərlər