14 saylı Tibbi Sosial Ekspert Komissiyasının sabiq sədri həbsdən azad edildi

  • 04 yan 2016, 18:19
11 il müddətinə azadlıqdan məhrum edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı Tibbi Sosial Ekspert Komissiyasının sabiq sədri İmran Məmmədov həbsdən azad olunub. İ.Məmmədov 2013-cü ildə Şabran rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciətindən sonra tutulmuşdu. Şikayətçi bildirmişdi ki, İmran Məmmədov ona əlillik dərəcəsinin təyin edilməsi üçün rüşvət tələb edir. 

İdarənin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən komissiyanın inzibati binasında məhkəmənin müvafiq qərarına əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallarla vətəndaşın müraciətində göstərdiyi xüsusatlar öz təsdiqini tapmışdı. Sabiq sədrin otağına yerləşdirilən gizli kamera ilə onun xidməti otağında Şabran şəhər sakini Mircabbar Hüseynovdan bacısı Yeganə Abdullayevaya ömürlük əlillik dərəcəsinin təyini üçün 1500 manat məbləğində pulu rüşvət kimi alması qeydə alınmışdı. Bundan başqa İ.Məmmədovun eyni məqsədlə ona müraciət edən M.Hüseynovun digər bacısı Qərənfil Abdullayevadan da 1000 manat məbləğində pulu təkrarən rüşvət kimi alması da gizli kameranın yaddaşına həkk olunmuşdu. 

Baxış zamanı İ.Məmmədovun xidməti otağından 3 min 600 manat pul, müxtəlif şəxslərin adına olan müayinə işləri və digər sənədlər, yaşadığı evdən isə 31 ədəd bankomat  kartları və 15 min 340 manat məbləğində pul aşkar edilərək maddi sübut kimi götürülüb. Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) 312.1-ci (rüşvət vermə) maddələri ilə ittiham edilən İ.Məmmədov 2014-cü ildə məhkəmə qarşısına çıxarılmışdı. 

Həmin ilin aprelində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə İ.Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.  2 illik məhkumluq həyatından sonra İ.Məmmədov həbsdən buraxılıb. 

E.HÜSEYNOV