Polis rəisinin qızını qaçıran Əliabbasın gördüyü yuxunun sirri nə idi? – ARAŞDIRMA

  • 20 iyun 2015, 19:24

Gün ərzindəki fəaliyyətimizə təsir göstərən bir faktor da yuxudur. Yuxunun insanın sinir sistemi və psixologiyasında özünəməxsus yeri var. İnsanın normal iş və həyat fəaliyyəti yuxunun normal, pozuntusuz olmamasından asılı olur. Təkcə gecə yox, günün müəyyən saatları, xüsusilə, istirahət saatlarında da insanlar yuxuya müraciət edirlər.

Yuxu həm insanın baş ağrısını aradan götürür, həm də insanın "başını ağrıdır”. Lap elə, məşhur Azərbaycan filmi "Yuxu”nun baş qəhrəman Əliabbas kimi. Yuxusunda polis rəsinin qızını qaçıran bu gəncin öz yuxusunu ətrafındakılara danışması ilə başına gələnləri yəqin ki xatırlayırsınız.

O zaman sual ortaya çıxır. Yuxunun insan üçün önəmi nədir?

Yuxu fəaliyyətinin insan həyatındakı təsirini daha yaxından öyrənmək üçün elə onların özünə müraciət etdik. Qəhrəmanlarımız Kamil Əmirli və Almaz Akif bizə yuxunun onların fəaliyyətlərindəki rolundan danışdı.

Kişi müsahibimiz Kamil Əmirli gün ərzində normal yatmasa işini və dərsini vaxtında həll edə bilməyəcəyini dilə gətirir. "Loru dildə belə bir ifadə var: key kimi olmaq. Vaxtlı-vaxtında yatmasam, bu hal son bir neçə aydır ki, məndə daha çox özünü göstərir. Sanki heç bir iş görə bilməyəcəyəm” deyə qeyd edən Kamil bəy normal fəaliyyətini tənzimləmək üçün 7 saata yaxın bir müddət yatmağa çalışdığını deyir. İstirahət saatlarında qəhrəmanımızın yatmadan dincəlməklə, yoxsa yatmaqla məşğul olduğunu soruşduqda isə, o, bunun gün ərzində gördüyü işlərdən asılı olduğunu bildirir. Dərsdən sonra işləmədiyi günlərdə dostları ilə görüşüb maraqlı vaxt keçirdiyini və ya tək olaraq maraqlı ərazilərdə foto çəkdiyini deyən K.Əmirli işdən yorğun gəldiyi vaxtlarda 1-2 saat yatmağa üstünlük verdiyini vurğulayır. Sonda qəhrəmanımız yatmaqdan asılı olmadan işlərini vaxtında görməyə və dərslərini vaxtında oxumağa çalışdığını bildirir.

Qadın qəhrəmanımız Almaz Akif də yuxunun onun fəaliyyətindəki yerindən məlumat verir. Qəhrəmanımız yuxusunu tam olaraq ala bilmədikdə özünü çox yorğun və halsız hiss etdiyini vurğulayır. İstirahətini yatmaqla təmin etdiyini bildirən Almaz xanım ən az 2 saat yatmasa, halsız olduğunu, yatanda beyinin dincəldiyini deyir. Sonda "Ümumiyyətlə, həyat şüarımı deyim: yuxu dünyanı xilas edəcək” şəklində A.Akif öz şüarını bizə çatdırır.

Yuxu insanın sinir sistemi fəaliyyətində də öz təsirini göstərir. Bunun haqqında ətraflı məlumatı nevropatoloq Aynur Zeynalovadan öyrəndik. Yuxunun sinir sisteminin fizioloji bir halı olduğunu deyən nevropatoloq insan həyatının 1/3-ni yuxuda keçirdiyini və yuxunun qidalanma kimi vacib olduğunu bildirir. O, böyük insanların normal yatma müddətinin 7-9 saat olduğunu və bundan bir neçə saat artıq yatmağın anormallıq olmadığını deyir. Uşaqların yuxu fəaliyyətindən bəhs edərkən A.Zeynalova yuxu zamanı boy hormonu olan somotatrop hormonunun artıq ifraz olunduğunu və uşaqların boyunun inkişaf etdiyini diqqətə çatdırır.

"Biz nə qədər normal yatarıqsa, o qədər də iştah, əhval-ruhiyyə, iş fəaliyyətində davamlılığımız-bunlar da öz fəaliyyətini yaxşı tənzimləyəcək” deyə nevropatoloq qeyd edir.

Yuxunun əmələ gətirdiyi pozuntular haqqında da məlumat aldıq. Bu zaman həkim yata bilməmək-insomniya, həddən artıq yuxuculluq-hipersomniya və yuxu paroksizmlərini adını çəkir. İnsomniyanın gecə yuxusunun pozulması olduğunu vurğulayan müsahibimiz onun istənilən yaşda yarandığını və yaranma səbəbinin stress, narahatlıq olduğunu bildirir. Aynur xanım heç bir səbəb olmadan yuxuya gedə bilməmək, ağrılardan, orqanlarda yaranan narahatlıqlardan yata bilməmək, bəzən gecə acmaq və qidalanmadan sonra yata bilməmək və ya ayaqlarda olan diskomfort durumla qalxıb gəzmək və uzandıqda narahatlığın yenidən yarandığı hiss edildikdə də(o, buna narahat ayaqlar sindromu deyildiyini bildirir)insomniyanın yarandığını deyir. Hipersomniyanın yüksək yuxululuq olduğunu qeyd edən həkim buna ictimai nəqliyyatda yuxulayan insanları misal göstərir. O, belə insanların bu halda yorğun və əhval-ruhiyyəsiz olduğunu deyir. Yuxu paroksizmlərindən-gecə yuxuda gəzmələr, danışmalar, qorxular və gecə kabusundan danışan müsahibimiz bunların yuxu pozuntusu olduğunu qeyd edir.

Aynur Zeynalova normal yuxu fəaliyyətini tənzimləmək üçün oxuculara yatan zaman işıq və səs səviyyəsini endirmək, gün ərzində idmanla məşğul olmaq, axşam vaxtları elektronik vasitələr-telefon, kompüter, televizor kimi vasitələri söndürmək, yatmazdan qabaq qidalanmamaq kimi məsləhətlər verdi.

Yuxunun insan psixologiyasındakı rolunu araşdırmaq üçün isə psixoloq Aysel Həsənovaya müraciət etdik.

A.Həsənova: Yuxu sözü 2 mənada istifadə olunur:1.yatma prosesi; 2.yatarkən görülən röyalar. Orqanizmin fiziki təlabatı olan yuxu 4 fazadan keçir: 1.Alfa ritmlər azalaraq teta ritmlərə keçir; 2.Dərin olmayan,yüngül yuxu. Ürək döyüntüləri azalır, bədən temperaturu aşağı düşür, gözlər tərpənmir. Ümumi yuxunun 45-55%-ni təşkil edir; 3.Asta yuxu,təxminən 20 dəqiqə davam edir; 4.Ən dərin asta delta yuxudur.Bu fazada insanı oyatmaq çətin olur. Yuxugörmələrin 80%-i bu fazaya düşür.(lunatizm,gecə qorxuları,enurez də bu fazada müşahidə olunur).

Psixoloq Aysel xanım yuxunun orqanizm üçün istirahəti təmin etdiyini, immuniteti bərpa etdiyini və mərkəzi sinir sistemini rahatlatdığını deyir. O, yuxunun gün ərzində əldə olunmuş məlumatların mənimsənilməsi üçün önəmli olduğunu bildirir. Psixoloq yatarkən görülən röyaların insanı hal-hazırda narahat edən məsələlər olduğunu da qeyd edir. Yuxunun insan psixologiyasında yaratdığı pozuntular barədə danışdığımızda A.Həsənova buraya dissominin-gecə yuxusunun pozulmasını aid edir və onun səbəblərinin nevroz, psixoz, beyinin orqanik zədələnmələri(ençefalit,epilepsiya) olduğunu da vurğulayır.

Bunların hamısından belə bir nəticəyə gəlirik ki, yuxu hər kəs üçün çox önəmli olmalıdır. Yuxusuzluğun yaratdığı problemlərdən, gün ərzindəki iş və həyat fəaliyyəti, sinir sistemi, psixologiyaya vurulan ziyanlardan uzaq olmaq üçün yuxunuzun qeydinə qalın.

Nurlan Səlim