Generalın adı 3 milyonluq mənzil qalmaqalında hallanır

  • 14 yan 2020, 09:16

Elçin Əliyev: "4 mənzil qayınatamgilə aiddir, qalan 8 mənzil bizim ailənindir”

İllərdir general Əliağa Hüseynovun adı Bakıda yaşanan mənzil qalmaqalından dolayı mətbuatın gündəmindən düşmür. Məsələ Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədəki binada Əliağa Hüseynovun həyat yoldaşının 4, qızının 8 mənzilə dair müqavilələrə istinadən məhkəməyə üz tutmalarından sonra yenidən diqqət mərkəzinə qayıdıb.  

Hazırda Əliağa Hüseynovun həyat yoldaşı Elmira Hüseynova və qızı Esmira Əliyeva Nəsimi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriblər. Apelyasiya şikayətinə yanvarın 24-də Bakı Apelyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq.

Binadakı 12 mənzilə aid müqavilələr Əliağa Hüseynovun həyat yoldaşının və qızının əllərində olsa da, faktiki həmin mənzillərdə və alqı-satqı müqavilələri ilə digər vətəndaşlar yaşayır. Həmin vətəndaşlar sabiq deputat, general Əliağa Hüseynovun onlara məxsus 12 mənzilə göz dikdiyini iddia edirlər.

"Yeni Müsavat”a bu qalmaqal haqda danışan sakinlər deyiblər ki, Əliağa Hüseynov kürəkəni Elçin Əliyev üzərindən onların mənzillərini əllərindən almağa çalışır:

"Əliağa Hüseynovun kürəkəni Elçin Əliyev respublika səviyyəli sələmçidir. Elçin Əliyev bina tikilərkən yeznəsi Rauf Kərimova 300 min dollar pul verib. Sonra bu məbləğ faizlərlə birgə 2 milyona qədər artıb. Rauf Kərimov Elçin Əliyevin bacısının həyat yoldaşıdır. Məbləği qəsdən şişirdiblər. Rauf Kərimov da, hazırda həbsdə olan İsa Məmmədov da binanı inşa edən ”İdeal -V" MMC-nin sahibləri olub, şəriklərdir. Onlar Rauf Kərimovla birgə Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədəki binanı inşa ediblər. Rauf Kərimov qaynı Elçin Əliyevdən tikinti aparılan zaman 300 min dollar sələmə pul alıb, İsa Məmmədova da deyib ki, Elçinə formal olaraq 12 mənzilin sənədlərini verək. Belə də ediblər. İndi də Elçin Əliyev 12 il sonra məhkəməyə müraciət edib ki, mənzilləri geri verin. Bu uzun bir işdir, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. İstintaq nəticəyə gəlib ki, Elçin Əliyevə verilmiş müqavilələr saxtadır. Amma həmin müqavilələri Elçin Əliyevdən alıb ləğv etməyiblər".

Vətəndaşlar deyir ki, Elçin Əliyevin məqsədi odur ki, bu məsələni qaldırmaqla camaatı İsa Məmmədovdan narazı salsın: "İsa da onun pulunu qaytarsın. Onun məqsədi budur”.

Vətəndaşlar deyir ki, Elçin Əliyevin bina inşa olunarkən Rauf Kərimova sələmə verdiyi pulun qayınatası, general Əliağa Hüseynova məxsus olduğunu düşünürlər. Eyni zamanda Əliağa Hüseynovun məhkəməyə təsir imkanlarının olduğunu və bunun qarşısının alınması üçün ölkə rəhbərliyinə müraciət ünvanlayıblar. 

"Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı Elçin Əliyevlə də əlaqə saxlayıb, ona yönəlik ittihamlara münasibətini öyrənib.  

"Mən o pulu verəndə kim olub yanımda? Mən pul verib ev almışam. İsa Məmmədov da həmin evləri götürüb başqa adamlara satıb. İsanın qardaşı da, oğlu da, dostu da şahiddir ki, üstümə xahişə, minnətə gəliblər ki, başqa evlərdə adamların sayı çoxdur, mən bunu satmışam, indi bir qələtdir eləmişəm” - deyə Elçin Əliyev bildirib. 

Onun sözlərinə görə, qeyd olunan binadan alınan mənzillərin hər kvadrat metrinə görə pul ödəyib:

"Mən 1570 manatdan hər kvadrat metrə görə pul ödəmişəm. 3 milyona yaxın puldur. 4 mənzil qayınatamgilə aiddir, qalan 8 mənzil bizim ailənindir. Rauf da, İsa Məmmədov da bunu bilir. Dost-tanış hamısı bilir ki, o binada birinci alıcı mənəm. Araşdırsınlar, baxsınlar, müqayisə etsinlər. Mən mənzili neçəyə almışam, ikinci tərəf neçəyə alıb? İsa Məmmədov mənzilləri mənə satıb, pul əldə etmək üçün sonradan onlara 1000 manata, 900 manata kvadratı ev satılıb. Bu necə olub? Mən mənzilləri 2007-ci ildə almışam. İlk sənədlər mənə yazılıb. Mənzilləri binanın təməli qoyulanda almışam. Sonradan bu adam mənzilləri 2012-ci ildə təkrar  satıb. Buna görə də həbsə alınıb. Çünki 2012-ci ilə qədər həmin binada olan bütün mənzillər satılmışdı. Mən həftənin 5 günü İsanın yanında olmuşam. Bu problemlər 2-3 il öncə üzə çıxıb. Binanın təhvil-təslim aktı yox idi”.

Elçin Əliyev deyir ki, məsələ Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılarkən ona əlində olan 12 mənzilə aid sənədlərin dürüst olmadığına dair hər hansı bir məlumat verilməyib:

"Deyirlər ki, mən ötən 12 ildə harada olmuşam. Mən camaatla ötən 12 il ərzində niyə görüşməli idim? Mən camaatdan ev almışam? İşim kiminlə olub, onunla da görüşmüşəm. İsa Məmmədovla sonuncu dəfə müstəntiqlə birgə onun saxlanıldığı cəzaçəkmə müəssisəsində görüşmüşəm. Buna qədər də İsa Məmmədov azadlıqda olanda onunla görüşlərimiz olub. Mənə Türkiyədə evinin olduğunu, satıb pulumu verəcəyini deyirdi. Binəqədidə sement zavodu olduğunu deyirdi, onu verəcəyini vəd edirdi. Mən də ona demişdim ki, mənim pulumu qaytarmaq sənə sərf eləməz. Çünki mənzilləri mənə kvadratı 1500 manatdan, camaata isə 1000, 900 manatdan satmısan. Ona görə də mənzillərin pulunu camaata qaytar, gedib başlarına çarə qılsınlar. Sadəcə, münasibətimiz olduğuna görə mən ona maddi, mənəvi çox köməkliklər etmişəm. Sonra dedi ki, dostum Yasamalda evlər tikir. Sənə oradan mənzil verim. Mən də dedim ki, sən camaatı yola sal, mənimlə işin olmasın, mənim mənzillərimi ver”.

Elçin Əliyev qayınatası Əliağa Hüseynovun adının bu işə qarışmasının səbəbini belə izah edir: "Mənim adımı yazsalar, məni kim tanıyır ki? Sensasiya xatirinə qayınatamın adını hallandırırlar”.

Sələmə pul verməsi ilə bağlı iddialara da Elçin Əliyevin münasibətini öyrəndik.  

"Əgər 1 nəfər çıxıb desə ki, mən Elçindən sələmə pul almışam, pul vermişəm, mən həmin mənzillərdən imtina edərəm. Ümumiyyətlə, mənə görə sələmə pul verən bu həyatda yaşamamalıdır! Bu adam tutulandan sonra oğlu, qardaşı, dostu yanıma gəliblər ki, qurban olum, şikayət eləmə. Mən buna görə də əvvəldən şikayət etmədim. Pulu mən qazanmışam, pul məni qazanmayıb. Mən sözümü tutdum, amma qarşı tərəf Qurana and içib yalan danışdı. O vaxt mənzillərin kvadratı o ərazidə 2 min dollar idi, mən bir neçə mənzil aldım deyə, 1900 dollardan düşdü kvadratı. Bu sonradan adamlara həmin mənzilləri 1000 manatdan, 900 manatdan satıb. Yəni ”kor da bilir ki, balıq şordur". İsa əməllərinə görə həbsə alınıb. Mən bu işdə ən böyük zərərçəkənəm. Qaldırsınlar, kim ki, 2012-ci ilə qədər oradan ev alıb, hamının müqaviləsində qiymət kvadrata görə 2 min dollardır. Kimlər ki, 2012-ci ildən sonra alıb, o adamlarda qiymət real deyil, çox aşağıdır. İsa həbs olunandan sonra mən bildim ki, o, and-aman eləməsinə baxmayaraq məni də aldadıb".  

Virtualaz.org bu məhkəmə çəkişməsi ilə bağlı yazıb ki, "İdeal -V” MMC tərəfindən çoxmərtəbəli bina inşa edilən zaman şirkətin təsisçisi İsa Məmmədov və direktoru Çingiz Məmmədov eyni mənzili bir neçə nəfərə satıblar.

20-yə yaxın mənzil sahiblərinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayətlərindən sonra onların hər ikisi həbs olunub. İsa və Çingiz Məmmədovların eyni mənzilləri ayrı-ayrı şəxslərə sataraq 3 milyon 206 min manat məbləği ələ keçirmələri müəyyən edilib. Törətdikləri cinayət əməlinə görə İ.Məmmədov 11 il, Ç.Məmmədov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Şirkətin təsisçisi və direktoru həbs olunduqdan sonra bina sakinləri tərəfindən "Nəsimi 19" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılıb. Sakinlər özləri şəxsi vəsaitləri hesabına binaya su, qaz, elektrik xətti çəkiblər, yarımçıq binanın təmirini başa çatdırıblar. Təzəcə hər şey qaydasına düşübmüş, amma bu dəfə də 2 yeni sakin ”ortaya çıxıb" və həmin binadan  birdən-birə 12 mənzilə sahib olduqlarını iddia edib. Yeni sakinlər mülkiyyət hüquqlarının tanınması ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət ediblər. Sakinlərin dediyinə görə, onların mənzillərinə iddialı olanlar keçmiş baş hərbi komissar, ehtiyatda olan general-leytenant, Milli Məclisin 4-cü və 5-ci çağırış deputatı Əliağa Hüseynovun həyat yoldaşı Elmira Hüseynova və qızı Esmira Əliyevadır. E.Hüseynova və E.Əliyeva bu binada üç ayrı mərtəbədə yerləşən 12 mənzilin sahibi kimi binanın texniki-tikinti ekspertizası bəhanəsi ilə Nəsimi Rayon Məhkəməsində mülki iddia qaldırıblar. Halbuki Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən həmin mənzillərdə məhkəmənin hökmü ilə təsdiq olunmuş sakinlər yaşayır... Ötən il sentyabrın 17-də Nəsimi Rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə hər iki şəxsin mülkiyyət hüququnun tanınması ilə bağlı iddiaya baxılıb. Məhkəmə iddianı rədd edib və 12 nəfər sakinin xeyrinə qətnamə qəbul olunub.

Sakinlər həmçinin bildiriblər ki, Korrupsiya Qarşı Mübarizə Baş İdarəsində 12 nəfərin müqavilələri  təsdiq olunub, qarşı tərəfin müqavilələri və mədaxil orderlərinin isə saxta olması aşkarlanıb. Bu məqsədlə də generalın kürəkəni Elçin  Əliyev adıçəkilən idarəyə çağırılıb. E.Əliyev "İdeal -V” və "Alyans-Z”-nin rəhbərliyi ilə üzləşdirilib. Üzləşmə nəticəsində məlum olub ki, generalın kürəkəni öz bacısının əri  Rauf Kərimova (Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluqda və mənimsəmədə təqsirləndirilərək 13 il 11 ay müddətinə azadlıqdan məhrum edilib-red.)  faiz qarşılığında 2005-2006-cı illərdə borc pul verib. Sonuncu  da "İdeal -V” MMC ilə müştərək  qaydada, D.Əliyeva küçəsində inşa olunan binanın 12 mənzilini aldığı borcun təminatı kimi qaynı Elçin Əliyevə verib. İstintaq zamanı məlum olub ki, E.Əliyev əslində həmin mənzilləri almayıb, real olaraq "İdeal -V” MMC və "Alyans-Z”-MTK-nın kassasına nağd pul ödəməyib, mənzillər ona faiz qarşılığına R. Kərimova verdiyi borcun təminatı kimi verilib. Həmçinin E.Əliyeva və E.Hüseynova adlarına tərtib edilmiş saxta müqavilələr E.Əliyev tərəfindən imzalanıb, mənzil satışında səlahiyyəti olmayan şəxs, İ.Məmmədov tərəfindən imzalanaraq onlara verilib.

"Yeni Müsavat”

Oxşar xəbərlər