ADAU rektorunun "trollaşdırma siyasəti" də ifşa olundu - YAZIŞMA

  • 19 dek 2019, 22:54

Azərbaycan Dövlət Aqrar Universitetində tələbə və müəllimlərin tyutorlar vasitəsilə sosial şəbəkə üzərindən "trollaşdırılması" barədə məlumat vermişdik. Rektorun bu yolla özünü sosial şəbəkə qəhrəmanı elan edib bu mərəzdən xüsusi sövq aldığını, heç bir rəsmi təlimatlarla uyuşmayan və ziyalı adı daşıyan birinə yaraşmayan bu virtual diqtənin tədris mühitinə də zərbə vurduğunu demişdik. Bu iddia artıq öz real təsdiqini tapıb, rektorun xanım köməkçisi Rüfanə Əliyevaya tabe olan geniş şəbəkənin "whatsapp" qrupu üzərindəki koordinasiyaları - əmredici yazışmalar faş edilib.

 

"Demokratik.Az"-ın məlumatına görə, ifşaedici detallar bir neçə gün əvvəl "adau-heqiqetleri. com" adı altında yaradılıb qısa zaman sonra deaktiv hala düşmüş sayt vasitəsilə ictimailəşdirilib. Adıçəkilən sayta giriş ötən gündən etibarən tam mümkünsüzləşdirilib.

Rektor köməkçisinin tyutorlar vasitəsilə İbrahim Cəfərova virtual dəstək əmri əttökəndir. Görün, rektor köməkçisi tyutorlara whatsapp "əmrlərində" nələri yazıb.

Sitat: "..Hər tyutor əvvəl olduğu kimi, yeni qruplar açmaq üçün 15 nəfərlik siyahı hazırlasın. Yaxşı olardı ki, 4-cü kurslardan az istifadə edəsiniz, onlar adətən demoqoq olurlar. 1-ci kursları olan tyutorlar isə 20 nəfərlik siyahı çıxardın, onlar təzədirlər, onlardan çox istifadə etmək lazımdır. Aktiv tələbələr əsasən like etmələri üçün lazımdır. Siyahını hazırlayın, iş sonu baş binaya çatdırın. Qrupları isə sabah tezdən açarıq. İlk öncə siyahılar və nömrələr. Çalışın demoqoq tələbələr olmasın. Kim bacarır daha çox tələbə siyahıya əlavə edə bilərlər. Günay, Hafizə, Tural bu sizə də aiddir. Dərs dediyiniz tələbədən seçin, sizə say demirəm, özünüz təyin edin. Kimin nə sualı olsa zəng edib soruşa bilərsiz. Uğurlar.."

Xanım köməkçi başqa bir rektorsayağı təkidində deyir. Sitat: "Müəllim elə indi yığdı məni, deyir 1 saata 80 like, onun da yarısı kənardandı. Bəs necə işləyirlər onlar. Məni pis vəziyyətdə qoyursunuz, tələbə kütləsi sizdə var, onları necə idarə edə bilmirsiniz..,"

Yazışmalarda əsasən rektorun yazdıqlarının paylaşılması və like edilməsinə təhriklər, sövqetmə mexanizmi yer alır.

Göstərilən fb linklərini tıkladıqda rektorun cari ilin oktyabr və noyabr ayındakı paylaşımları açılır və real nəticələr - ikrahedici şou xarakterli acı mənzərələr ortaya çıxır.

Biz müstəqil mətbuat orqanı olaraq ADAU-da baş verənləri zərərli "trollaşdırma" və biabırçılıq hesab edirik. Bu təhsil ocağında təkidlə fərdi fikir və ifadə azadlığının istismar edilməsini, rektorun virtual özbaşınalığını şiddətlə qınayırıq. 

Hesab etmək olar ki, ADAU rektoru təhsil ocağında tədris mühitini inkişaf etdirmək, ölkəmizə yararlı aqrar  mütəxəssislər hazırlamaq əvəzinə, virtuallaşaraq ictimai-siyasi fəaliyyətlə, fb çempionluğu ilə məşğul olur. Nəticədə, rektorun bu cür repressiv virtuallaşdırma siyasəti universitetdə tələbə və müəllimlər arasında sosial-psixoloji gərginlik, rektora pərəstişlik, şəxsi baxışlara çaşqınlıqlar yaradır.

Onu da bildirək ki, rektor bir neçə gün əvvəl tyutorları yanına çağıraraq sərt şəkildə danlayıb və ifşaedici yazışmaları kimin sayəsində yayıldığını öyrənməyə çalışıb. Olayı kollektivə xəyanət adlandırıb. 

Tyutorlardan birinin dediyinə görə, rektor qanunsuz əsaslarla işə aldığı tyutor xanımları qovacağı hədəsilə hamıya yeni virtual tapşırıqlar verərək öz ampulasında qaldığını nümayiş etdirib.

İnanırıq ki, yuxarılardan kimsə ADAU-dakı belə rəzil nöqsanlara DUR deyəcək, rektorun virtual davranışlarına yaxşıca çəki-düzən verəcək... 

Osman Nərimanoğlu 

Demokratik.Az  

 






Oxşar xəbərlər