BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
Noyabrın 21-də Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında 3 tələbə qızın zəhərlənməsi ilə bağlı yeni məlumatlar yayılıb.
Xatırladaq ki, onlardan biri – Fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib. 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı isə bu günlərdə xəstəxanadan evə buraxılıblar.
Zəhələnmənin səbəblərinə gəlincə, internet mediasında yayılan xəbərlərə görə, tələbə qızlar siçanlara verilən zəhərdən təsirləniblər. İddaya görə, dərmanlar xaricdən gətirilib və hadisədən bir neçə gün əvvəl yataqxana binasında istifadə olunub.
" Zəhərin kimyəvi təsiri elədir ki, təmas edən siçovul sürətlə onu həmin ərazidə olan başqa heyvanlara, o cümlədən toxunduğu canlıları, ərzaq və s. məhsulları yoluxdurur və toxunduğu hər şeyə güclü zəhərləyici təsir göstərir. Görünür, zəhərli heyvanlar tələbələrin istifadə etdiyi ərzağa təmas ediblər. Bu da yataqxanada hansı antisanitariya şəraitinin olduğunu göstərir”, – məlumatlarda iddia olunur.
O da qeyd edilib ki, bu cür zəhərin istifadə olunduğu yerlərdə karantin elan olunmalı, ərzaq məhsulları, geyim əşyaları yığışdırılmalıdır. Hətta insanların da bir müddət həmin ərazidə qalması məsləhət görülmür.
Qeyd edək ki, BDU-nun ötən əsrin 60-cı illərində istifadəyə verilən yataqxanasında cəmi 130 tələbə yaşayır. Həmin binada məcburi köçkünlər də məskunlaşıblar. Universitetin 3 yataqxana korpusu isə bir neçə il əvvəl sökülüb. Hazırda sökülməyən korpusda şərait bərbaddır, yaşamaq üçün məhdud yararlıdır. Binalarda siçan, siçovul, başqa həşəratlar qaynaşır, kommunal xətlər tez-tez sıradan çıxır.
BDU-nun yataqxana kompleksinin tikintisi təxminən 10 ildir gündəlikdə olsa da, bu istiqamətdə vəsait ayrılmayıb. Universitetin keçmiş rektoru Abel Məhərrəmov bu problemin 2019-cu ildə - BDU-nun 100 illik yubileyi ərəfəsində həll oluanacağını bildirmişdi. Məlumdur ki, yubiley tədbirləri başa çatdı və yataqxana tikiləcəyi ərazi hələ də bomboşdur.
Tələbələrin ehtiyacını ödəyəcək müasir şəraitli kompleksin tikintisi üçün 200 milyon manata qədər vəsait tələb olunsa da, nədənsə hökumət bu məsələni prioritet layihələr sırasına salmayıb. Yeri gəlmişkən, gələn ilin büdcəsində də problemin həllinin nəzərdə tutulması barədə açıqlama verilməyib.
Tələbələrin zəhərlənməsinin səbəbləri ilə bağlı yuxarıda qeyd olunan iddianın doğru olması ehtimalını Qida Təhlükəsziliyi Agenliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin açıqlamaları da artırır.
Belə ki, Qoşqar Təhməzli bu gün jurnalistlərə bildirib ki, Bakı Dövlət Universitetinin yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb.
Q.Təhməzlinin sözlərinə görə, BDU-nun yataqxanasında 3 tələbənin zəhərlənməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır: "Sonda Qida Təhlükəsizliyi Agentliyi ümumi açiqlama verəcək. KİV-də bu barədə bir sıra yalnış informasiyalar yayılıb. Bu hadisəni qida zəhərlənməsi halı olaraq qələmə verməyə çalışdılar. Ölümə səbəb qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir".
Beləliklə, AQTA sədri açıq şəkildə ifadə edib ki, tələbələr toksik zəhərlənməyə məruz qalıblar. Bu da kimyəvi maddələrin təsirindən zəhərlənmə deməkdir ki, mediada yayılan xəbərlər də elə bu barədədir.
Xatırladaq ki, həkimlər də zəhərlənən tələbələrin ağzından qan gəldiyini, bu əlamətin qida zəhərlənməsinə aid olmadığını bildirmişdilər.
Professor Adil Qeybulla "Axar.az" saytına açıqlamasında "Burada müəmmalı məsələ qızların hər üçündə də bir gün əvvəl qızdırmanın olmasıdır. Həmçinin onlar evdə huşsuz halda tapılarkən ağızlarından qan gəlməsi də müəmmalı məsələdir. Qida zəhərlənməsi üçün bu cür hallar xarakterik deyil" - o, bildimişdi.
BDU rəhbərliyi isə bu barədə müəmmaya hələ də aydınlıq gətirməyib. Universitetin ictimai əlaqələr şöbəsi "AzPolitika.info"-nun ünvanladığı sorğunu cavabsız qoyub.
Xatırladaq ki, hadisə baş verərkən zəhərlənən tələbələr Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər. Dərhal polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, qida nümunələri götürülərək laborator müayinəyə göndərilib. Fakta görə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
İddialarla bağlı BDU rəhbərliyinin də mövqeyini işıqlandırmağa hazırıq.