Bələdiyyə sədri qandallandı

  • 22 noy 2019, 09:29

Baş Prokurorluqdan "Trend”ə verilən məlumata görə, dövlət başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələrin icra edilməsi məqsədilə şəxsi maraqlarını güdməklə dövlət məmurunun davranış qaydaları və etik normalarına riayət etməyən, korrupsiya cinayətləri törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zəruri tədbirlər həyata keçirilir. Quba şəhər bələdiyyəsinin sədri vəzifəsini icra etmiş Dəstəbəy Tərlanovun qanunsuz əməlləri barədə rayon sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində D.Tərlanovun xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxmaqla Quba bələdiyyəsinə məxsus 2.5 sot torpaq sahəsini bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaq sahəsi kimi rəsmiləşdirməklə fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmasını təmin etmək üçün rayon sakininin 1750 manat pulunu rüşvət kimi tələb edərək almasına, bundan başqa vəzifə səlahiyyətlərindən sui-istifadə edərək "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini qəsdən pozaraq tanışlıq münasibətləri olan ayrı-ayrı şəxslərə hərrac və müsabiqə keçirilmədən qanunsuz olaraq bələdiyyəyə məxsus 3090 manat dəyərində 0,06 ha torpaq sahəsini sataraq bələdiyyənin mülkiyyətindən çıxarmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. D.Tərlanov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

"Yeni Müsavat” bildirir  ki, dövlət başçısı  İlham Əliyev  son aylar keçirdiyi müşavirə və qəbullarda korrupsiyaya qarşı mübarizə mövzusunu ön plana çəkib.  Oktyabrın 15-də iqtisadi sektoru kurasiya edən  hökumət üzvləri ilə keçirdiyi müşavirədə prezident deyib ki,  korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə iqtidarı  tam qane edə bilməz. "Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər”,- deyə dövlət başçısı vurğulayıb.

Dövlət başçısı sonrakı günlərdə-həm 30 oktyabrda, həm 12 noyabrda yeni təyin olunan icra başçıları ilə söhbətində də bu məsələni konkret qoyub. Sitat:  "Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır”.  Hiss olunur ki, dövlət başçısı İlham Əliyev korrupsiyaya qarşı mübarizəni ölkədə başladılan geniş sosial-iqtisadi islahatların, o cümlədən  ciddi kadr dəyişikliklərinin tərkib hissəsinə çevirmək niyyətindədir. Bu proseslərin paralel aparılması bəzi aspektlərdən riskli olsa da, ortada İlham Əliyevin iradəsi olduğu aşkar görünməkdədir. Bu səbəbdən prezidentin atdığı addımlar sayəsində, özünün dediyi kimi, "islahatlara qarşı olanlar” "özlərini yığışdırıb” , bu səbəbdən onlar antikorrupsiya ilə bağlı sərt tədbirlərə müqavimət göstərmək iqtidarında deyillər.    

İddialara görə, yaxın vaxtlarda  daha bir sıra nazirliklərdə   mənimsəməyə və korrupsiyaya bulaşmış  şəxslər barəsində də ciddi tədbirlər  görüləcək. Hətta korrupsiyaya yol verən idarə müdirləri, şöbə rəisləri, ayrı-ayrı məmurların həbsi gözlənilir. Onu da qeyd etmək lazımdır ki, prezidentin yerlərdə vətəndaşların mənfi hallara qarşı fəal olmaq çağırışından sonra  hüquq-mühafizə orqanları vətəndaşların şikayət və müraciətlərinə xüsusi həssaslıq nümayiş etdirir.

"Yeni Müsavat”

Oxşar xəbərlər