MTN generalı İrandan narkotik daşıyan dəstəyə himayəçilikdə
ittiham olunur; sabiq idarə rəisini məhkəmə önündə vuran boksçudan şok
iddialar
Ləğv olunmuş MTN-in generalı Akif Çovdarovun adı İrandan
Azərbaycana narkotik daşıyan dəstənin himayəçisi kimi keçir. Bu haqda hazırda məhbəs
həyatı yaşayan Astara rayon sakini Ramiz Qılman oğlu Babayev məktubunda ilginc
iddialar ortaya qoyub. Boks üzrə əməkdar idman ustası, əməkdar məşqçi, 1-ci dərəcəli
hakim, Boks üzrə Avropa və Dünya çempionatlarının mükafatçısı olan Ramiz
Babayev 1993-cü ildən 1997-ci ilə kimi Azərbaycan boksunun ən güclü
fiqurlarından biri olub.
Hazırda həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin
14 iyun 2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 206.3.2
(qaçaqmalçılıq təkrarçılıqla), 234.4.1 (bir qrup şəxslə əlbir olaraq narkotik
vasitələrin daşınmasını həyata keçirmək) və 234.4.3-cü (satış məqsədi ilə külli
miqdarda narkotik maddəni daşımaq) maddələri ilə ittiham olunaraq, 13 il müddətində
azadlıqdan məhrum edilib. Ailəlidir, 3 uşağı var. Ramiz Babayev jamaz.info-ya
göndərdiyi məktubunda qeyd edir ki, 7 avqust 2010-cu ildə Xətai Rayon Məhkəməsinə
özünün əmlakı ilə bağlı qərarı almaq üçün gedibmiş. Məhkəmənin önündə çaxnaşma
düşüb. Bir qrup adamın orada dayanmış maşınlara və adamlara hücum çəkdiyini
görüb: "Əvvəl heç nə başa düşmədim. Birdən gördüm ki, bibim oğluna bir dəstə
adam hücum edib, onu vururlar. Elə bildim ki, nəsə dava-dalaş düşüb, getdim
ayıram. Sonra gördüm ki, bibim oğlundan savayı, bir neçə adama da beləcə hücum
çəkib, döyürlər. Tez araya girib, onları aralamaq istədim. Hücum çəkənlər məni
də vurmağa başladılar. Bu dəm, mən də hücum edənləri vurmağa başladım. Üzərimə
bağıra-bağıra, üstəlik, nalayiq söyüşlər söyərək gələn yaşlı bir nəfər hücum çəkəndə,
ona da bir yumruq atdım, amma tutmadı. Azca əlbəyaxa olduq, araya salıb yaxşı
bir sillə çəkdim qulağının dibindən” - deyə əməkdar məşqçi məktubunda yazır.
Qeyd edir ki, bundan sonra bir dəstə adam onun üzərinə tökülüşüb, onu "zərərsizləşdiriblər”.
Və ardından da MTN-ə aparıblar.
Əməkdar məşqçi orada bilib ki, vurduğu adam MTN
generalı Akif Çovdarovdur: "Mənə dedilər ki, vurduğun sillənin hesabını
çox ağır şəkildə ödəyəcəksən. Elə dedikləri kimi də oldu. Düz, 6 ay məni MTN-in
təcridxanasında saxladılar. Demək olar ki, hər gün döyürdülər. Üstəlik, məni
narkotik maddə satmaqda ittiham etdilər. Boynuma qoymaq istədilər ki, guya mənim
üzərimdən 12 kq həşiş çıxıb. Həmin narkotiki də bir qrup adamla birləşib
İrandan gətirmişəm”.
Ramiz Babayev deyir ki, onu cəzalandırmaq üçün
dayısı İlqar Babaşovu, bibisi oğlu Vüsal Quliyevi və ən yaxın dostu Zahir
Qarayevi həbs ediblər: "Bizdən ”dəstə" düzəltmişdilər. İddia edirdilər
ki, guya biz birləşərək İrandan Azərbaycana narkotik daşıyırıq. Bunun hamısı
yalan idi. İşin içində iki məsələ var idi. Birincisi, Akif Çovdarovu vurmuşdum.
İkincisi, Akif Çovdarovun İrandan narkotik daşıyan adamı Rövşən Pərviz oğlunu
deşifrə eləmişdim. Bunu da MTN-də biləndən sonra daha şiddətlə döyməyə
başladılar".
Əməkdar boksçu məktubunda Rövşən Pərviz oğlunu
deşifrə etməsini belə nəql edir: "Astaraya, ata ocağına gedərkən
qohum-qonşular şikayət edirdilər ki, cavanlar məhv olurlar. Cavan uşaqlar
narkotikə qurşanıb, həyatlarını da, ailələrini də məhv edirdilər. Yaxınlarım məndən
xahiş edirdi ki, məsələni tanıdığım yüksək vəzifəli şəxslərə çatdırım. Onlar tədbir
görsünlər. Araşdırmağa başladım və öyrəndim ki, İrandan Azərbaycana narkotik
daşıyan konkret adam var. Onun Rövşən olduğunu öyrəndim və onunla görüşməyə
çalışdım. Nəhayət, günlərin birində qarşılaşdıq. Rövşəni bir xeyli tənbeh elədim.
Ondan tələb elədim ki, bu işlərindən əl çəksin. Cavabı bu oldu ki, ona heç kim
toxuna bilməz, çünki arxasında general dayanır. Bir qədər araşdırdıqdan sonra dəqiqləşdirdim
ki, Rövşəni himayə edən general Akif Çovdarovdur. Bu adam İrandan narkotik gətizdirirdi.
Əvvəlcə narkotik gətizdirdiyi adamı şirnikləndirirdi, bir neçə dəfədən sonra
adını MTN-ə verirdi ki, tutsunlar. Hazırda Rövşənin əli ilə həbsdə yatan
adamların sayı onlarladır”.
Ramiz Babayev yazır ki, məhkəmədə dəfələrlə Rövşən Pərviz
oğlunun gətirilməsini tələb etsə də, onun vəsatətlərinə məhəl qoyulmayıb: "Hətta
deyirdilər ki, o adamın adını çəkmə. Yoxsa daha ağır cəza alarsan”.
Sonradan məlum olub ki, Akif Çovdarov həbs edildikdən
sonra Rövşən Pərviz oğlu ölkədən qaçıb. Onun hazırda harada olduğu da bilinmir.
"Mən nə narkotik satmışam, nə də onun istifadəçisi
olmuşam. Günahsız yerə həbs olunmuşam. Elə ona görə də nə əfv ərizəsi yazıram,
nə də bu qəbildən olan hər hansı bir addım atmaq istəyirəm. Mən haqqımı tələb
edirəm. İşimi yenidən araşdırsınlar və o zaman günahsız olduğum üzə çıxacaq.
Ona görə də ölkə rəhbərliyindən, bu işə məsul olan dövlət qurumlarına müraciət
edərək, onlardan xahiş edirəm ki, mənimlə bağlı məsələyə yenidən baxsınlar və
azadlığa buraxılmağımı təmin etsinlər. Hansısa cinayətkar bir generalın hikkəsinə
qurban getmişəm” - deyə əməkdar boksçu məktubunda yazır.
"Yeni Müsavat”