Qazaxda raket tapılıb

  • 07 noy 2019, 22:01

Noyabrın 7-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, Fərəhli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan APA-ya bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Qazax rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Qazax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həmin ərazidə əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan 57 mm-lik idarə olunmayan S-5M raketi aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketin ətrafında 500 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Oxşar xəbərlər