Qız qaçırma: məhəbbətin qüdrəti, yoxsa cinayət...

  • 08 okt 2019, 09:52

Hüquqşünas: "Yetkinlik yaşına çatsa da, çatmasa da zorla qız qaçırılması adam oğurluğu kimi dəyərləndirilir”

Azərbaycanın bəzi bölgələrində ta qədimdən qız qaçırma ənənəsi mövcuddur. Ölkənin bir sıra bölgələrində elçiliklə qız almaq əvəzinə qaçırma yoluna üstünlük verilir. Belə hallar ya evlənmək istəyən gənclərin ailəsi izdivaca razı olmayanda baş verir, ya da qızın özü oğlana ərə getmək istəməyəndə onu zorla qaçırırlar.

Son zamanlar xüsusilə rayonlarda qız qaçırmalarının sayı artıb.  Hazırda qız qaçırmaq adam oğurluğu, cinayət kimi dəyərləndirilir. Azərbaycan Respublikası Cinayət Qanunvericiliyinə dəyişiklik olmasından sonra bu cür  hallar cinayət kimi dəyərləndirilir.

Məsələyə bu cür diqqət ayırılmasından sonra qız qaçırılması hallarında bir müddət durğunluq yarandı. Lakin son bir neçə ildə yenidən bu məsələ gündəmə gəlib. Xüsusilə bölgələrdə yaşanan bu vəziyyət zamanı ən təhlükəli məqam qaçırılan qızın yetkinlik yaşına çatmaması və razılığının olmamasıdır.

Tez-tez mətbuatda 18 yaşına çatmayan qızların özlərindən yaşca qat-qat böyük adamlar tərəfindən qaçırılması faktları yer alıb. Bununla bağlı qanunvericilikdə hansı cəzalar nəzərdə tutulub?

"Yeni Müsavat”a  açıqlama verən hüquqşünas Əlövsət Allahverdiyev bildirdi ki, qızların qaçırılması adam oğurluğudur. "Əvvəllər qızların demək olar ki, hamısı özləri oğlana qoşulub gedirdi. Təbii ki, bununla bağlı heç bir cinayət məsuliyyəti nəzərdə tutulmurdu. İndi də qızın razılığı ilə baş verən qaçırılma hallarında heç bir məsuliyyət nəzərdə tutulmur. Burada əsas məsələ qızın yetkinlik yaşına çatmasıdır. Biz belə hallarla da qarşılaşmışıq ki, qız könüllü şəkildə qoşulub qaçır, sonra isə deyir ki, məni zorla qaçırıblar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsinin birinci bəndinə əsasən evlənmək məqsədilə qız qaçıran şəxsləri 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Əgər sırf tamah məqsədilə bu hadisə baş verirsə, o zaman qaçıran şəxsi 8 ildən 12 ilə qədər həbs cəzası gözləyir. Bəzən belə də bir hal yaşana bilər ki, qızı qaçıran şəxs ona xəsarət yetirsin. Bu zaman qaçırılan şəxsin ölümünə səbəb olan şəxs 10 ildən 15 ilə qədər həbs oluna bilər. Təbii ki, bu cəza qaçırılma hadisəsi qızın razılığı olmadan baş verərsə, tətbiq oluna bilər. Bizim cinayət məcəlləsinə görə yetkinlik yaşına çatsa da, çatmasa da zorla qız qaçırılması adam oğurluğu kimi dəyərləndirilir”.

Oxşar xəbərlər