Cəlilabadda müsavatçılara hücum olub

  • 05 okt 2019, 14:01

Bu gün Azərbaycanın cənubunda Cəlilabad şəhərində Müsavat Partiyasının başqanı Arif Hacılıya və təşkilat üzvlərinə hücum edilib. Bu barədə Hacılı özü bildirib.

Onun sözlərinə görə, yerli fəallarla görüşdə 20-yə yaxın polis əməkdaşı və mülki geyimli şəxs toplantı keçirilən yerə hücum edib.

"Onlar bizdən toplantını dayandırmağı və otaqdan çıxmağı tələb etdi. Müsavatçılar çıxmaq istəmədi, mən də polisin nəzərinə çatdırdım ki, onların partiyaya aid olan tədbiri bu şəkildə dayandırmaq səlahiyyətləri yoxdu. Lakin polis qarşıdurmaya getdi. Bir neçə Cəlilabad müsavatçısı saxlanıldı. Sonra məlum oldu ki, mənimlə görüşə gələn Masallılı müsavatçılar polis şöbəsinə aparılıb", deyə Hacılı bildirib.

Müsavat başqanının içərisində olduğu avtomobil də hücuma məruz qalıb.

"Cəlilabaddan Bakıya gedərkən yolda bizi qırmızı "Mazda" təqib edib, ondan maşınımıza yumurta atıblar və təhdid ediblər", deyə Hacılı Turan agentliyinə bildirib.

Cəlilabad rayon polis şöbəsindən şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, oktyabrın 4-də Müsavat başqanlığına namizədlər Tofiq Yaqublu və Yadigar Sadıqlı Qəbələdə saxlanılıb, Xaçmazda isə Hacılı ilə görüşün iştirakçıları profilaktik söhbət üçün polisə çağırılıb.

Regionlarda görüşlər Müsavatın oktyabrın 12-nə təyin edilmiş qurultayına hazırlıq çərçivəsində keçirilir.

Oxşar xəbərlər