İkram Rəhimov “ölüm aksiyası” anonsu edib

  • 24 sen 2019, 21:42

Jurnalist İkram Rəhimov saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxansında sentyabrın 18-dən başladığı quru aclığı davam etdirdiyni bildirib. Penitensiar Xidmət jurnalsitin aclıq etməsi ilə bağlı məlumatı təsdiq etməyib.

"Bakı Apellyasiya Məhkəməsi cəzamı 3 ilə endirməklə növbəti qanunsuzluğa imza ataraq mənim həbsimi sifariş edənlərin istəklərinə uyğun qərar qəbul etdi. Son prosesdə – 18 sentyabr 2019-cu ildə baş tutan iclasda "ölüm aksiyamı” həyata keçirəcəyimi bəyan etdim. Həmin tarixdən, sentyabrın 18-dən "quru aclıq aksiyama” başlamışam və bu qısa müddətdə barəmdə qaldırılmış cinayət işinə, azadlığıma qoyulmuş qanunsuz məhdudiyyətlərə son verilmədiyi təqdirdə "ölüm aksiyamı” həyata keçirəcəyəm.”

Bu barədə realliq.info saytının həbsdə olan redaktoru İkram Rəhimovun ailəsinin sentyabrın 24-də Amerikanın Səsinə təqdim etdiyi müraciətində deyilir. Ailə müraciətin İkram Rəhimov tərəfindən göndərildiyini bildirib.

Baş redaktor ölümünə görə məsuliyyətin Azərbaycan prezidenrinin köməkçisinin və Dövlət Təhlükəsizliyi Xidmətinin üzərinə düşdüyünü bildirir.

"26 oktyabr 2018-ci ildə rəhbəri olduğum kütləvi informasiya vasitəsində "Əli Həsənova açıq məktub, özümü yerinizə qoya bilmədim” – başlıqlı yazıdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışam və məqaləni saytdan silmədiyim üçün barəmdə saxta ittihamlarla cinayət işi başlanıb. Məqalədə yazdığım həqiqətləri həzm edə bilməyən Əli Həsənov və onun qanunsuz şəbəkəsi həbsimi sifariş etməklə hər zaman olduğu kimi bu dəfə də bu qanunsuz əməllərinin ifşasından çəkinərək məni həbs yolu ilə susdurmağa cəhd etməkdədir,” İkram Rəhomovun ailəsinin təqdim etdiyi müraciətdə qeyd edilir.

Jurnalist müraciətini Azərbaycanda və ölkədən kənarda fəaliyyət göstərən bütün informasiya vasitələrinə, beynəlxalq təşkilatlara, Avropa Birliyinin təmsilçisi olan ölkələrin sərfirliklərinə, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinə, insan hüquqları və əsas azadlıqların müdafiəsi ilə məşğul olan təşkilatlara ünvanlayıb.

"Sizdən baş verənləri diqqətdə saxlamağınızı və haqsızlığa qarşı mübarizə aparmağınızı xahiş edirəm,” Rəhimovun müraciətində deyilir.

Ailə üzvləri sentyabrın 24-də İkram Rəhimovun evlərinə zəng edərək aclığı davam etdirdyini bildirib.

"Onun səhhəti çox ağırdır, ölümün pəncəsindən xiolas etmək lazımdır. Ölkədə jurnalistlərə qarşı qərəzli, sifarişli təqiblərə son qoyulmalıdır. İkramın həyatının xilas edilməsi üçün bütün insanlara müraciət edirik. Nəhayət ədalət bərpa edilməlidir,” jurnalistin ailə üzvü Amerikanın Səsinə deyib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildirblər ki, İkram Rəhimovun aclıq etməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Rəhimovun aclıq etməsi barədə hər hansı rəsmi müraciət daxil olmayıb,” Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən deyiblər.

Realliq.info saytının redaktoru İkram Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub və həbs edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, İkram Rəhimov tabeçiliyində olan şəxslərlə birlikdə `Realliq.info` və digər `reket` informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Məlumatda deyilir ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

2019-cu il iyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib.

Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində Rəhimovun işi üzrə hazırlıq iclası başlayıb. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı keçirilməsi, birinci instansiya məhkəməsinə verdikləri ifadələr saxtalaşdırıldığına görə şahid və zərərçəkmişlərin yenidən dindirilməsi haqqında vəsatət qaldırıb.

Vəkil həmçinin eyni səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizasının təyin edilməsini xahiş edib. Amma vəsatətlər təmin edilməyib.

Etiraz əlaməti olaraq Rəhimov avqustun 7-də məhkəmə zalında aclığa başladığını bəyan edib. O, sentyabrın 4-dək aclığı davam etdirib.

Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə jurnalistin həbs müddətinin 5,5 ildən 3 ilə endirilməsi barədə qərar qəbul edib.

İkram Rəhimovun ailəsinin sentyabrın 20-də Amerikanın Səsinə təqdim etdiyi səs yazısında bildirilir ki, 29 gün aclıqdan sonra ona vəd verilib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi, prosesə sədrlik edən Rizvan Səfərov işə obyektiv baxaraq ədalətli qərar çıxaracaq və barəsində olan cinayət işi ləğv olunaraq bəraət hökmü veriləcək.

"Mən aclıq aksiyamı dayandıranda demişdim ki, ədalətli qərar olmasa daha sərt addım atıb, quru aclığa başlamaqla öz ölüm aksiyamı həyata keçirəcəm. Bu mövqeyimdən çəkinməmişəm və sentyabrın 18-dən quru aclığa başlamışam,” o qeyd edib.

Artıq çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini jurnalistin təqibinə son qoymağa və onu həbsdən dərhal azad etməyə çağırıb.

Öz növbəsində rəsmi Bakı ölkədə media azadlığının tam bərpa edildiyini, insanların baxışlarına görə təqib edilmədiyini bəyan edir. Hökumət rəsmiləri bütün insanların qanun qarşısında bərabər olduğunu, azad mətbuatın dəstəklənməsi üçün daim yardımlar edildiyini bildirir.

Oxşar xəbərlər