Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı

  • 20 sen 2019, 23:09

"Sentyabrın 18-dən tam reabilitasiyam tələbi ilə quru aclığa başlamışam”.

Demokratik.Az bildirir ki, bu barədə realliq.info saytının həbsdə olan redaktoru və təsisçisi İkram Rəhimov ölkə KİV-lərinə müraciətində bildirib.

O, aclığı bərpa etmək qərarını "aldadılması” ilə izah edib. Rəhimovun sözlərinə görə, ona Apellyasiya Məhkəməsində işinə obyektiv baxılacağını vəd ediblər və bu səbəbdən o, başladığı aclığı dayandırıb.

"Amma Apellyasiya Məhkəməsi yalnız azadlıqdan məhrumetmə müddətini azaldaraq, məni törətmədiyim cinayətlərdə təqsirli bilib. Buna görə quru aclığı bərpa edirəm və tamamilə bəraət alana qədər aclığı qədər davam etdirəcəyəm”, deyə Rəhimov qeyd edib.

O, müraciətini telefonla qohumlarına oxuyub, onlar isə müraciəti KİV-ə təqdim ediblər.

Realliq.info saytının redaktoru İkram Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb. İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Etiraz əlaməti olaraq Rəhimov aclığa başlayıb və 30-cu gün – sentyabrın 5-də aclığı dayandırıb.

Sentyabrın 18-də Apellyasiya Məhkəməsi Rəhimovun hədələmə yolu ilə pul tələb etmək təqsirini təsdiq edib, CM-in 62-ci (qanunla nəzərdə tutulmuş ən az cəzanın tətbiqi) maddəsini tətbiq edərək, həbs müddətini 5,5 ildən 3 ilə qədər azaldıb.

Bu xəbərin ardından, bugün - Sentyabrın 20-də günorta saatlarında Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsi bildirib ki, Rəhimovun aclığa başlaması haqqında bəyanatı həqiqətə uyğun deyil. "O, qida və su qəbul edir", deyə Penitensiar Xidmətin nümayəndəsi qeyd edib.

Oxşar xəbərlər