MIG-29 qəzası: cavablardan daha çox SUAL

  • 26 avq 2019, 12:43

Iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi qəzaya uğradı. Təyyarənin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları avqustun 20-də tapılaraq dənizdən çıxarıldı. Və şəhid pilotun nəşi bir gün sonra Ikinci Fəxri Xiyabanda dəfn edildi. Avqustun 22-də Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı ("qara qutu”dakı) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib. Hadisənin baş vermə səbəbi kimi təyyarənin Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşması göstrilib. ""Qara qutu”dan əldə edilən məlumatlara əsasən, pilot qəzanın qarşısını almaq məqsədi ilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.” Məlumatda belə deyilir. Müdafiə nazirliyinin məlumatında həmçinin deyilirdi ki, bəzi kütləvi informasiya vasitələrində aviasiya vasitələrinin gövdəsində yerləşən bort qeydiyyatçısında ("qara qutu”sunda) olan məlumatların oxunması üzrə ölkəmizdə mütəxəssislərin və xüsusi avadanlığın olmaması barədə əsassız iddialar yer alıb."Bildiririk ki, hər uçuşdan sonra "qara qutu”dakı məlumatlar peşəkar aviasiya mütəxəssislərimiz tərəfindən xüsusi laboratoriyada öyrənilir, təhlil edilir, uçuş barədə informasiya müəyyənləşdirilir və bunun nəticəsində hərbi pilotun qarşıya qoyulan tapşırıqları necə icra etməsi və aviasiya vasitəsinin texniki vəziyyəti barədə tam təsəvvür yaranır. Bütün bunları nəzərə alaraq, məlum məsələyə dair qeyri-peşəkar şərhlərə və əsassız iddialara son qoyulmasını məqsədəuyğun hesab edirik".Yeri gəlmişkən, təyyarənin qəzaya uğramasından sonra bu hadisənin təxribat olması ilə bağlı media orqanlarında və sosial şəbəkələrdə fikirlər yer alırdı. Bundan başqa "qara qutu”nun oxunmasından sonra isə həmin məlumatlar da bir çox insanlarda şübhələr yaradıb. Belə fikirlər var ki, MİQ-29 təyyarəsinin quş və ya quş dəstəsi ilə toqquşması nəticəsində qəzaya uğramasına dair məlumat şübhəlidir və nazirlik həqiqəti ictimaiyyətdən gizlətməyə çalışır. Mövzu ilə əlaqədar təhlükəsizlik məsələri üzrə ekspert Ərəstun Oruclu ASTNA-ya danışıb.

 

***

Ərəstun bəy, iyulun 24-də Azərbaycan Hərbi Hava Qüvvələrinin Xəzər dənizi üzərində təlim uçuşu keçirərkən dənizə düşən təyyarəsinin hissələri və pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi hadisədən 27-28 gün sonra tapıldı. Hadisə baş verən gündən demək olar ki, mediada, sosial şəbəkələrdə bəzi məlumatlar yayılmağa başladı. Həmin məlumatların bəzilərində təyyarənin vurulması ilə bağlı şübhələr var idi. Sizcə, bu məlumatların yayılmasının hansısa əsası ola bilərmi? Ümumiyyətlə bu hadisə təxribat ola bilərmi?

- İlk növbədə bunu demək istərdim: təəssüf ki, Azərbaycanda bu hadisələrin sayı ölkənin hərbi aviasiya vahidlərinin sayına nisbətdə heç də az deyil və bundan müvafiq nəticələr çıxarılmalıdır. Qaldı təyyarənin Xəzərə düşməsinin səbəblərinə, məncə hadisə baş verdikdən sonra yayılan müxtəlif məlumatlara, fikrimcə, onların başlıca səbəbi şəffaflığın olmaması, Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələrinin zəifliyi və bu sahədə çevik informasiya siyasətinin yürüdülməməsidir. İnformasiya boşluğu, xüsusilə də belə hadisələr baş verdikdə, son dərəcə təhlükəlidir, çünki adətən həmin boşluq ən müxtəlif mülahizələr, şayiələr və əlbəttə ki, ictimai rəyi istiqamətləndirməyə, çaşdırmağa xidmət edən məqsədli dezinformasiyalarla doldurulur. Hadisə barədə ilkin məlumat veriləndən bu günədək mən hadisə ilə bağlı bütün məlumatları həm izləmişəm, həm toplamışam, həm də təhlil eləmişəm. Eyni zamanda, bu haqda nə mediada, nə də sosial şəbəkələrdə ictimai rəyə təsir edə biləcək heç bir məlumat paylaşmadım. Bu da səbəbsiz deyildi, çünki populuzm xatirinə və ya hansısa başqa bir motivlə ortaya atılan düşünülməmiş, qeyri-dəqiq mülahizə orduya, onun şəxsi heyətinə, nəhayət, ölkənin təhlükəsizliyinə ciddi xələl gətirə bilər. Amma etiraf edim ki, ortaya atılan bütün versiyalardan hərbi ekspert Üzeyir Cəfərovun irəli sürdüyü versiya mənə qalanlarından daha inandırıcı görünürdü. (Üzeyir Cəfərov Azərbaycanın hərbi təyyarəsinin Rusiyanın REM (Radioelektron müdafiə) sistemi vasitəsilə sıradan çıxarıla biləcəyi haqda ehtimal irəli sürmüşdü. - red.) Buna baxmayaraq, yenə də son anadək gözləməyə, təyyarənin çıxarılması ilə bağlı aparılan işlərin başa çatmasına qərar verdim. Yalnız bundan sonra artıq bütün mənzərə tamamlandıqda hadisə barədə öz bloqumda təyyarənin vurulması ehtimalını yazdım. Amma təkcə bunu yox, həm də ümumiyyətlə hadisənin ətrafında cərəyan edənləri. Etiraf edim ki, bu, bir aya yaxın gərgin gözləmək ağır bir çöküntü yaratdı, çünki heç nəyə baxmayaraq, Müdafiə Nazirliyindən sanballı və peşəkar bir açıqlama gözləyirdim, amma çox təəssüf ki, bu ümidlər də nəinki özünü doğrultmadı, əksinə, vəziyyəti bir qədər də mürəkkəbləşdirdi.

Sizcə, Müdafiə Nazirliyi bu məsələdə ictimaiyyətə kifayət qədər açıq idimi?

- Xeyr, təəssüf ki, bu sualınıza müsbət cavab verə bilməyəcəyəm. Bu haqda bundan əvvəlki sualınıza cavabımda bəzi məqamları artıq qeyd elədim. Biz müharibə şəraitində olan, əraziləri işğal olunmuş və eyni zamanda da hərbi, siyasi və geosiyasi reallıqlar baxımından çox mürəkkəb coğrafiyada yerləşən ölkəyik. Müasir müharibənin son dərəcə önəmli komponentlərindən biri informasiya müharibəsidir, elə buna görə də bu sahədəki boşluqlar, qeyri-peşəkarlıq və səhlənkarlıq istənilən ölkə üçün daha böyük fəsadlar törədə bilər, nəinki ordunun döyüş meydanındakı uğursuzluğu. Bu mənada, son hadisə bir daha göstərdi ki, həm ordunun cəmiyyətə açıqlığı, həm də analitik-informasiya fəaliyyəti yenidən nəzərdən keçirilməli və bu sahədə təxirəsalınmaz addımlar atılmalıdır. Əlbəttə, mən çox yaxşı anlayıram ki, Müdafiə Nazirliyi Azərbaycan hakimiyyətinin informasiya və ictimaiyyətlə əlaqələr sahəsindəki yanlış siyasətinin çərçivələrindən kənara çıxa bilməz, amma eyni zamanda da nəzərə alınmalıdır ki, bu işin qısa zamanda qurulmaması hərbi vəzyyət aktiv fazaya keçdiyi halda bizə çox baha başa gələ bilər. Spesifik məxfi məsələləri çıxmaq şərtilə, qalan bütün hallarda ordu cəmiyyət üçün qapalı ola bilməz, çünki o, xalqın ordusudur və xalqın öz ordusundakı vəziyyət haqda bilgisi olmalıdır. Belə şəffaflığın ordunun fəaliyyətinə ziyan vura biləcəyini düşünmək isə ya məsələnin mahiyyətindən xəbərsiz olmağın, ya da orduda baş verən neqativ halları, bəzən isə cinayətləri gizlətmək istəyinin əlamətləridir. Məsələn, ordu cəmiyyət üçün açıq olsaydı, Hərbi Prokurorluq və bu məsələdə onunla əlbir olan bir sıra ordu rəsmiləri Tərtər qarnizonunun hərbçilərinə qarşı məlum əməlləri törədə bilməzdilər. Halbuki, həmin məsələdə ordunun, onun şəxsi heyətinin və xalqın dövlət və hakimiyyət orqanlarına etimadı darmadağın olunub, bu cinayətkar əməllərin təşkilatçı və icraçıları isə hələ də nəinki cəzasız, hətta yüksək dövlət vəzifələrində qalmaqdadır. Müharibə şəraitində orduya qarşı törədilən cinayətlərin cəzasız qalması silahlı qüvvələrin təkcə dövlətə etimadını sarsıtmır, həm də ordunun döyüş qabiliyyətini zəiflədir. Yenə deyirəm, ordu-cəmiyyət əlaqələri lazımi səviyyədə olsaydı, bu gün biz həm orduda, həm də cəmiyyətdə tamamilə fərqli bir əhval-ruhiyyənin şahidi olardıq. Amma təəssüf ki, müşahidə olunanlar bunun tam əksidir.

Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir ki, MiQ-29 tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı ("qara qutu"dakı) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib. Hadisənin baş vermə səbəblərinin öyrənilməsi göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. Bu məlumatlar da sosial şəbəkədə müzakirələrə səbəb olub. Böyük əksəriyyət bu rəsmi məlumata skeptik yanaşır. Sizcə, bu versiya ağlabatandırmı? Yoxsa, nazirlik nəyi isə gizlətməyə çalışır. Və ya gizlətməyə çalışırsa, niyə?

- Müdafiə Nazirliyinin yaydığı bəyanat fikrimcə təkcə skeptik qarşılanmadı, həm də pilotumuzun və təyyarənin itirilməsilə bağlı cəmiyyətdəki gərginliyi bir qədər də artırdı. Bəyanatın tələskən və qeyri-peşəkar hazırlanması açıq-aşkar görünür, üstəlik də gətirilən dəlillər nəinki inandırıcı görünmür, hətta bu quruma olan-qalan inamı da heçə endirir. Hər halda, mənim müşahidə etdiyim budur. Əvvəla, təyyarənin gecə saat 22 radələrində Xəzər dənizi üzərində quş sürüsü ilə toqquşması çox qeyri-ciddi səslənir. İkincisi, tutaq ki, həqiqətən belədir və deyildiyi kimi pilot bu toqquşma zamanı xəsarət alıb və təyyarəyə nəzarəti itirib, bəs təyyarənin fraqmentlərə parçalanmasının səbəbi nə olub, quş sürüsü? MİQ-29 kimi güclü korpusa malik olan döyüş təyyarəsinin quş sürüsü ilə toqquşmada fraqmentlərə parçalanmasına kimi inandıra bilərsiniz? Xüsusilə də indiki vaxtda, internetdə bu barədə saysız-hesabsız foto və videomateriallar, ekspert rəyləri və digər informasiya qaynaqları olduğu bir vaxtda. Bundan başqa, elə həmin internetdə 2008-ci ildə analoji məkanda qəzaya uğrayıb Xəzərə düşən eyni model təyyarənin çıxarılması səhnəsini əks etdirən görüntülər var və insanlar da onları son hadisədən yayılan görüntülərlə müqayisə edirlər. Həmin materialı bloq yazımda mən də paylaşmışam və orda 2008-ci ildə qəzaya uğramış MİQ-29 təyyarəsinin ön hissəsinin əzilməsinə rəğmən, onun korpusunun bütöv qalması əks olunub. Mən hələ onu demirəm ki, ABŞ, Rusiya, Böyük Britaniya kimi bu sahədə təcrübəsi və müvafiq elmi-texniki imkanları olan ölkələrdə "qara qutunun" öyrənilməsi azı 5-7 gün vaxt tələb etdiyi halda, bizdə buna 2-3 günə necə nail olublar? Özü də 25-26 gün suyun altında qalmış "qara qutunun" öyrənilməsindən əvvəl onun bərpası tələb olunduğu halda. Deyək ki, bu da mümkün olub, amma onda sual olunur ki, mediada dəfələrlə Azərbaycanda "qara qutunu" deşifrə eləmək üçün texniki imkanların olmadığı müzakirə olunanda Müdafiə Nazirliyi buna niyə vaxtında reaksiya vermirdi? Yuxarıda qeyd elədiyim kimi, yanlış və qeyri-peşəkar informasiya siyasəti nəticəsində yaranmış boşluğu belə yarıtmaz şəkildə doldurmaq cəhdi əks-effekt verməli idi və verdi də.

Rəşad Atakişiyevin dəfni də bir çox suallar ortaya çıxardı. Media dəfnə buraxılmadı. Qaynatası Qabil Hüseynli müxalifətçilərin dəfndə iştirakının arzu olunmadığını dedi. Bütün bunlar sizcə, nəyə görə baş verirdi?

- Allah Rəşad bəyə rəhmət eləsin, onun doğmalarına, yaxınlarına və hamımıza səbr versin. Rəşad Atakişiyev hamımız üçün çox ağır və əvəzsiz itkidir. Qabil Hüseynlinin həmin müraciətində isə müxalifət partiyaları deyilməmişdi, baxmayaraq ki, sətiraltı hansı partiyaların nəzərdə tutulduğu aydın görünürdü. Əlbəttə, bu məsələyə ən dəqiq izahı Qabil müəllim özü verə bilərdi, amma bu gün onun və ailəsinin yaşadıqlarını nəzərə alaraq deyə bilərəm ki, yəqin hələ bunun zamanı deyil. Bəlkə də həmin müraciətdə partiyalardan vida mərasiminə aksiya şəklində, başqa sözlərlə kollektiv şəkildə qatılmamaq xahiş olunurdu, çünki bu halda dövlət orqanlarının da qeyri-adekvat və aqressiv reaksiya verə biləcəyi istisna deyildi. Hər bir halda, istənilən qurumun hüzr və ya vida mərasimini hərhansı şəkildə aksiyaya çevirmək və ya ondan siyasi piar kimi yararlanmaq cəhdləri mənəvi normalara ziddir və bu səbəbdən də yolverilməzdir. Digər tərəfdən də istər toy, istər bayram, istərsə də matəm mərasimlərinə yanaşmada siyasi ayrı-seçkilik cəmiyyətin əsaslarını laxladır, onun yüzilliklər boyu oturuşmuş dəyərlər sistemini zədələyir. Bunu da təəssüflə qeyd etməliyəm ki, ölkənin siyasi kəsimində istər xeyir, istərsə də hüzr məclislərinə siyasi prizmadan baxış, yanaşma ənənəsi nə qədər xoşagəlməz olsa da, artıq faktdır və bu da belə yanaşma sərgiləyənlərin fərdi məsuliyyət və fərdi mənəviyyat məsələsidir. Nəhayət, illər boyu tanıdığı, yaxın olduğu insanların çətin günündə yanında olmayanların ictimai diqqət çəkən hüzr və anım mərasimlərinə qatılması siyasi konyukturanın mənəvi dəyərlər üzərində üstünlük təşkil etməsindən xəbər verir və burda da ürəkaçan bir şey görmürəm. Eyni zamanda, həmin müraciətə görə Qabil Hüseynlini təhqir hədəfinə çevirmək ölkənin siyasi kəsimindəki qeyri-sağlam tendensiyaların dərinləşməsindən xəbər verir. Qaldı medianın dəfn mərasiminə buraxılmamasına, yəqin bu, hadisənin geniş rezonans doğurmasının hakim dairələrdə narahatlıq yaratması ilə bağlıdır və elə bu səbəbdən də mövzunun təcili gündəmdən çıxarılması üçün belə qeyri-normal addıma əl atıblar.

Maraqlı məsələlərdən biri də odur ki, ölkə telekanallarından biri ayın 17-də MİQ 29 təyyarəsinin quşlara çırpılması ilə bağlı videosüjet təqdim edir. (https://www.facebook.com/realtvxeber/videos/vb.1564050067038839/1939180709516225/?type=2&theater). Bundan 2 gün sonra qara qutu tapılır. Daha sonra isə eyni versiya səsləndirilir. Yəni quşlarla çırpılma. Bu da əvvəlcədən hazırlanmış ssenari olmasına dair bir çox insanda şübhə yaradıb. Sizcə, bütün bunlar təsadüfdürmü?

- Hadisəni araşdırarkən nə media və internet resurslarında, nə də statistikada məhz MİQ-29 təyyarəsinin quş sürüsü ilə toqquşaraq qəzaya uğraması haqda fakta rast gəlməmişəm. Belə bir reportaj olubsa, deməli, onun arxasında müəyyən məqsəd olub və həmin məqsədin də nədən ibarət olduğunu biz Müdafiə Nazirliyinin məlum bəyanatında gördük artıq. Şəxsən mənim həmin bəyanatdan sonra təyyarənin vurulduğuna olan-qalan şübhələrim də dağıldı və bunu da bloqumda yazmışam. Bu gün daha böyük əminliklə deyə bilərəm ki, Azərbaycan Ordusunun MİQ-29 təyyarəsi ölkəmizə düşmənçi münasibət bəsləyənlər tərəfindən məqsədli şəkildə sıradan çıxarılıb. Bu düşmənçiliyi edənlərin kimlər və ya hansı ölkə olduğunu aydınlaşdırmaq isə artıq hüquq-mühafizə orqanlarının işidir.

- Ümumiyyətlə, bu hadisə Azərbaycana nəyi öyrətdi? Azərbaycan hansı dərsləri çıxarmalıdır? Və bu kimi halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

- Düşünürəm ki, ölkənin siyasi və iqtisadi sahələrdəki uğursuzluqlarından indiyədək hansı dərslər götürülübsə, bu hadisədən də həmin nəticələr çıxarılacaq. Ölkədə sistem böhranı öz pik nöqtəsinə çatmaqdadır, amma bunun kimisə narahat etdiyinin heç bir əlaməti görünmür. İqtisadi inkişaf adı altında inhisarçılığın artması, əhalinin daha sürətlə yoxsullaşması, ölkənin siyasi sisteminin çökməsi, cəmiyyətdəki zorakılıq, mənəvi aşınma kimi neqativ halların artması fonunda islahatlar imitasiya olunur. Azərbaycan torpaqları işğal altında olan ölkədir və belə ölkədə orduya mövcud münasibət yolverilməzdir, amma eyni zamanda, bu münasibətin dəyişəcəyini də gözləmirəm, çünki şəxsi, ailə, qrup və klan maraqlarının dövlət maraqları üzərində birmənalı üstünlük təşkil elədiyi ölkədə nəyinsə dəyişəcəyini, hansısa ağır hadisədən zəruri nəticə çıxarılacağını gözləmək ən yaxşı halda sadəlövhlük olardı. Odur ki, məncə hər şey zamanın öhdəsinə buraxılacaq, zaman da bu gün baş verənləri tezliklə unutduracaq.

nışıb.

Oxşar xəbərlər