Saxta "jurnalistlər" liseyə hücum çəkdi, direktoru söyüb “xox” gəldilər – Gəncədə KURYOZ OLAY

  • 10 avq 2019, 14:42

Dünən günorta saatlarında özlərini Azərbaycan Dövlət Televiziyasının (AZTV) internet xəbər portalının əməkdaşları və müxtəlif adda media rəhbərləri kimi təqdim edəən bir qrup şəxs Gəncə şəhər Sənayə və Texnologiyalar üzrə Peşə Təhsil Mərkəzinə hücum çəkiblər. Özlərini əsl "reket” kimi aparan və liseyin normal iş rejimini pozan şəxslər direktor başda olmaqla, qarşılarına keçən hər kəsi təhqir etməkdən belə çəkinməyiblər. Məqsədləri pul qoparmaq, direktor Şahin Məhərrəmovu şantaj və qorxu altına salmaq olub.

Bu barədə "Demokratik.Az” –a liseydən məlumat verilib. Hadisə barədə müvafiq "akt” tərtib olunub, "reket”lərin davranışları və qeyri-etik hərəkətləri liseyin təhlükəsizlik kameralarına da düşüb.

Direktorun saytımıza qısa açıqlamasına görə, jurnalist adına yaraşmayan və cinayət tərkibli əməlləri törədən şəxslərdən biri "AZTV.news” adlı saytın direktoru Seymur Məmmədov, "Xoca Nəsrəddin” adlı fəaliyyətsiz jurnalın təsisçisi Famil Cəfərov və digər şəxslər olub.

Liseyə qorxmadan hücum çəkənlər heç bir etik kodeks tanımadan Şahin Məhərrəmova və bir-birlərinə qarşı açıq küçə söyüşlərindən istifadə ediblər, gedib nəsə yazacaqları hədəsilə iş otağında direktoru şantajı da yaddan çıxarmayıblar. "Yazar reket”lər öz aralarında liseyin fəaliyyətinə heç bir aidiyyatı olmayan qorxulu "nağıllarla” direktoru və qeyrilərini xeyli bezdiriblər. Direktor və lisey əməkdaşları gələnləri dincliyə və etik qaydalara riayyət etməyə səsləsələr də baş tutmayıb. Səs-küy xeyli böyüyüb və digər "dəstə üzvləri" də direktora kənardan telefon zəngləri edərək hüzurunu pozublar.  

Məlumata görə, bir qrup şəxs mütamadi olaraq Gəncədə və regionun digər rayonlarında idarə və müəssisələrə, hətta sahibkarların yanına gedərək anoloji hərəkətlər törədirlər. Zənglər edərək uydurduqları yalanlarla media adına xələl gətirirlər.

Xoşagəlməz hadisəyə səbəb kimi, həmin "jurnalistlər”in öz aralarındakı maxinasiyaların və anlaşılmazlıqların olduğu deyilir. Bundan əlavə, olayda Famil Cəfərov və Qurban Alışanov adlı qondarma sayt rəhbərlərinin həmin liseyə ard-arda dilənçi "əməkdaşlarını" göndərməsi, bu məqsədlə digərlərinin adından da istifadə etməsi rol oynayıb. Amma, onların öz razborkaları üçün liseyin direktorunun otağını seçmələri polis araşdırması tələb edir.

Xatırladaq ki, bir müddət öncə də regionda saxta ”AZTV”-çilərin peyda olmasını, özlərini tərbiyyəsiz və kriminal ünsürlər kimi aparan şəxslərin mövcudluğunu tirajlamışdıq.

Təəssüf ki, aidiyyatı qurumlar hələ də "AZTV”-nin patentlik hüququnu pozmaqla bu adda bir neçə sayt yaradan və satan, eləcə də media çətiri altında açıq-aşkar cinayət əməli törədən digər şəxslərə qarşı zəruri tədbirlər görməkdə maraqlı deyil.

P.S... Demokratik.Az-da adıkeçən mütəşəkkil dəstənin ayrı-ayrı dələduzluq və digər cinayət xarakterli əməlləri barədə çoxsaylı müfəssəl məlumatlar var. Tezliklə tərəfimizdən rəsmi qurumlara növbəti dəfə müraciət olunacaq.

Demokratik.Az                                      
Oxşar xəbərlər