Göygöl polisi məktəblilərlə tədbir keçirib

  • 24 may 2019, 15:31
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Demokratik.Az-a verilən məlumata görə Göygöl Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 6 saylı tam orta məktəbində "Narkomaniyaya yox deyək”, "Erkən nikah və onun fəsadları”, "Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır” və "Uşaqlar və yol hərəkəti təhlükəsizliyi” mövzularında tədbir keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, rayon icra hakimiyyətinin, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışıb və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial -iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. "Gənclər xalqımızın gələcəyidir və onların  əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir”.
Dini radikalizmin fəsadlarından söz açan Yetkinlik Yaşına Çatmayanlarla Proflaktiki İşin Təşkili qrupunun inspektoru, polis baş leytenantı Elçin Məmmədov radikalizmin fəsadları və qarşısının alınması yollarından, eləcə də islam dininin düzgün səpkidə gənclərə çatdırılmasının vacibliyindən bəhs edib. O, cəmiyyətimizin, xüsusilə də gənclərin radikal dini təsirlərdən qorunmasında hər birimizin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb. RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş inspektoru, polis mayoru Cavanşir Orucov narkomaniyanın fəsadlarından, sağlam həyat tərzi istiqamətində maarifləndirmənin vacibliyindən, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən danışaraq bildirib ki, narkomanlıq cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdır, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır, cinayətkarlığın artmasına səbəb olur. Bu bəlaya düçar olan insanların sağlam həyata qayıtması isə artıq çətin olur. 
Daha sonra çıxış edən RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Mayis Məmmədov belə tədbirlərin keçirilməsində məqsədin gələcəkdə uşaqların yol hərəkəti qaydalarını daha rahat və asan şəkildə mənimsəmələri, indidən onlarda küçə, yol, səki, işıqfor barəsində ilkin anlayışların formalaşdırılmasından ibarət olduğunu bildirib. O, eyni zamanda həm müəllimlər, həm də valideynlər arasında maarifləndirici tədbirlərin təşkilinin uşaqların yollarda arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısını alan əsas amillərdən olduğunu vurğulayıb. 
Ekən nikahın fəsadlarından söz açan rayon icra hakimiyyətinin nümayəndəsi Ceyhun Hümbətov bildirib ki, gənc qızlar ailənin nə demək olduğunu dərk etsələr də, onlar erkən yaşda ərə getmək haqqında yox, mükəmməl təhsil almaq, hər hansı sahənin bacarıqlı mütəxəssisi kimi yetişmələri, milli-mənəvi dəyərlərimizə bələd olan, ədəbiyyatımızı, mədəniyyətimizi, tariximizi öyrənmələri, geniş dünyagörüşünə malik olmalarının qayğısına qalmalıdırlar. Birmənalı olaraq yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma halı valideynlər tərəfindən uşağa qarşı törədilən zorakılıq olmaqla, həm də övladının gələcəyi üçün təhlükə olduğunu, bunu edən valideynlərə qarşı qanunvericilikdə cəzaların nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Sonda çıxış edən RPŞ-nin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Abbas Paşa qeyd edib ki, gənclik və onun gələcək təlim-tərbiyə modelinin sağlam təməllər üzərində qurulması hər bir cəmiyyəti düşündürən məsələlərdir. "Bu baxımdan ümummilli lider Heydər Əliyevin Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır fikri öz aktuallığını hər zaman qoruyub saxlayacaq”.
Oxşar xəbərlər