"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..

  • 20 may 2019, 10:31

İddia olunur ki, Zaur Yusifov həmin yaranı Emin Səfərov qətlə yetirilən zaman alıb

"Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Səfərovun qətlində adı keçən kikboks üzrə dünya çempionu Zaur Yusifovun ilginc fotoları yayılıb. Oxu.az-ın yaydığı 2 fotodan birində Zaur Yusifov, digərində isə yaralı ayaq görünür. İddia olunur ki, Zaur Yusifov həmin yaranı Emin Səfərov qətlə yetirilən zaman alıb. Sayt fotoları Dövlət Miqrasiya Xidmətinin sabiq əməkdaşı Zaur Yusifovun saxlanılmasını sübutu kimi təqdim edib. Həmin fotoların müstəntiqin otağında çəkilməsi ehtimalı da var.

Sayt yazır ki, Z.Yusifov Emin Səfərova 60 bıçaq zərbəsi vurmaqda ittiham olunur. Z.Yusifova qarşı ifadəni cinayət işi üzrə digər ittiham olunan şəxs, Naxçıvan sakini, 24 yaşlı Həsən Mərdan oğlu Tağıyev verib. H. Tağıyev qətldən dərhal sonra həbs olunub. İlkin məlumatlara görə, qətl baş verən gecə Emin idmançı dostları ilə maşında olub. Z. Yusifovun atası Əli Yusifov avtomobilə yaxınlaşaraq Eminlə söhbət etmək istədiyini bildirib. Heç nədən şübhələnməyən Emin dostlarını buraxıb. Tək qalanda isə altı nəfər ona hücum edib. E. Səfərova 78 bıçaq zərbəsi vurulub. H. Tağıyevin iddia etdiyi kimi 60 bıçaq zərbəsini Z. Yusifov vurub. Digər 18 bıçaq zərbəsini kütləvi davanın iştirakçıları Z. Yusifovun göstərişi ilə vurublar. Z. Yusifov mayın 14-də H. Tağıyevin ifadəsi əsasında saxlanılıb. Zaur Yusifov Emin Səfərovun qətlini planlaşdırıb, atası Əli Yusifov, qardaşı Zamin Yusifov, bacısı oğlu Vüqar və 1995-ci il təvəllüdlü Həsən Tağıyev cinayəti icra ediblər. Zaur Yusifovun atası Əli Yusifov isə bu ittihamları rədd edib, deyib ki, qətli Həsən Tağıyev törədib. Bildirib ki, Həsən Tağıyev cinayəti özü törədib, onu bu cinayətə təhrik edən olmayıb. Həsən Tağıyevin oğlunun şagirdi olduğunu, Emin Səfərovun onu öldürəcəyi ilə hədələdiyini diqqətə çatdırıb. Bildirib ki, qətl törədilən zaman o, Emin Səfərovun maşınında olub, onunla söhbət edib. Məqsədi isə Emin Səfərovu onun oğlunun şagirdi Həsən Tağıyevə qarşı hər hansı bir addım atmaqdan çəkindirmək olub. Həmin zaman Həsən Tağıyev maşına minib. Tərəflər arasında dava olub, o da dava edənləri ayırmağa çalışıb. Bu zaman qolundan 2 bıçaq xəsarəti alıb. Maşından düşüb evə qaçıb, oğlanları Zaur və Zamin onu xəstəxanaya çatdırıblar.

Əli Yusifovun dediklərindən sitat: "Mənim oğlum Avropa çempionudur. Onun sələm verməsi ilə bağlı deyilənlər yalandır. Oğlum idman ustasıdır, müəllimdir. Həsən onun tələbəsi olub. 6-cı mikrorayona gəlib yoxlasınlar, 1 adam desə ki, mənim oğlum sələmə pul verib, ondan imtina edərik. Bu şərdir, böhtandır. Emin belində pistolet gəzirdi, deyirdi ki, burada mənəm, məndən başqa oğul yoxdur. ”Çölə" çıxandan sonra deyir ki, hamı mənim sözümlə oturub durmalıdır. Yalandan da deyirlər ki, guya Zaura deyib ki, sən sələmə pul vermə, camaatı incitmə. Belə şey olmayıb. 4 nəvəmin canına and içirəm ki, belə şey olmayıb. Yalan deyirlər. Mənim oğlum obyektinin təmirinə pul tapa bilmir, gedib yoldaşının qızıllarını qoyub lombarddan pul götürüb. Hər ay da lombarda pul ödəyir. Əlimizdə sənədlər var. Bu qədər yalan, şər, böhtan olmaz. Bizi 6-cı mikrorayonda çox adam tanıyır. Bilirlər ki, belə işlərdən kənar insanlarıq".

Emin Səfərovun anası Məlahət Səfərova isə "Yeni Müsavat”a  deyib ki, Əli Yusifov özünü və oğullarını istintaqdan kənar saxlamaq üçün yalan danışır: "Mən prokurorluğa da getmişəm. Əli Yusifov deyir ki, oğlu Zaur Eminin bıçaqlanmasında iştirak etməyib. Yalan danışır. Zaurun ayağında bıçaq xəsarəti var. Hadisədə iştirak etməyibsə, həmin xəsarət onun ayağında haradan əmələ gəlib? Mənim oğlumun bağırsaqlarını yerə tökənlər azadlıqda gəzməli deyil. Oğlumun qətlində Əli Yusifovun özü də iştirak edib. O, Emini aldadaraq qapılarının ağzına aparıb. Orada Zaur, Zamin, Vuqar, onun özü oğluma hucum çəkiblər, boynuna kəndir atıblar. Eminin boğazında kəndirin izi də qalıb. Bu qədər yalan olmaz. Emin tək olub, bunlar 4-5 nəfər”.

Məlahət Səfərova deyir ki, Əli Yusifovun obyektlərinə hücum olması, onların obyektlərinin yandırılması doğru deyil:"Bu adamlar oğlumu öldürüblər, indi də bizə qarşı belə yalanlar uydururlar. Oğluma qarşı cinayəti Həsən Tağıyev tək törətməyib. Onu həbs ediblər. O da deyib ki, bu cinayəti boynuna götürməsini ona Zaur Yusifov tapşırıb. Bundan sonra da Zaur Yusifovu da həbs ediblər. Zaurun atası əvvəldən yalandan deyirdi ki, guya hadisə olandan sonra Zauru evdən çağırıb, Zaur onu xəstəxanaya aparıb. Zaurun ayağında bıçaq xəsarətinin izi var. O, hadisədə birbaşa sifarişçi, iştirakçıdır. Həsən Tağıyev mənim oğluma 78 bıçağı tək vura bilməzdi. Onlar həmin bıçaqları oğluma bir yerdə vurublar”.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.

"Emin 444" ”Emin Masallinski" kimi də tanınıb və  kriminal dairələrdə avtoritetə malik olub. Belə ki, onun "qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) qruplaşmasının üzvü olduğu deyilir. Bundan başqa, Quli və Emin yaxın dost olub və 8 saylı cəzaçəkmə müəssisəsində birgə cəza çəkiblər.

"Yeni Müsavat”

Oxşar xəbərlər