Musabəyovun bağlatdığı popkorn satışı yenidən açıldı

  • 17 may 2019, 09:39

"Mənim küçədə rəsm əsərlərinin, kitabların satışına etirazım yoxdur. Lakin yaxşı olar ki, onlara bir xüsusi yer ayrılsın, orada rahat fəaliyyət göstərsinlər”. Bu sözləri "Yeni Müsavat”a deputat Araz Əlizadə səyyar ticarətin yığışdırılması, şəhərin mərkəzində vaxtilə olan pasajın ləğv edilməsi barədə danışarkən bildirdi.

Deputat küçədə xırdavat alverinin, tum, konfet və s. satılmasının əleyhinə olduğunu açıqladı. Onun sözlərinə görə, bu ticarət Türkiyədə ola bilər: "Onlar əsasən Asiya ölkəsidirlər, hərənin öz adətləri var. Rəsm, kitab satışı bu gün Moskvada da var. Bizdə isə 90-cı illərdə yayılmağa başlamışdı. Ola bilsin ki, sakit yerlərdə etmək olar”.

A.Əlizadə pasajın yerində açıq havada restoranların açılmasını təbii hesab edir. Onun fikrincə, dünyanın çox yerində turistlər üçün yay mövsümündə bu cür şərait yaradılır.

Deputat həmkarı Rasim Musabəyovdan fərqli olaraq onu da dedi ki, küçədə popkorn satılmasının əleyhinə deyil.

Qeyd edək ki, deputat R.Musabəyovun sosial şəbəkələrdə yazdığı statusdan sonra bağlanan popkorn aparatları yenidən açılıb.

Azxeber.com-un yaydığı xəbərə görə, keçidlərdə popkorn aparatları yenidən fəaliyyətə başlayıb. Sadəcə, dəyişiklik satıcılar arasında olub. Belə ki, satıcı kimi orta və yaşlı insanlar işə qəbul edilib. Musabəyov isə popkorn satan uşaq haqda bu sözləri yazmışdı:

"”Azneft" meydanı yaxınlığında yeraltı keçid popkorn qoxusundan azad oldu. Müşahidə aparıb baxarıq nə qədər müddət davam edəcək.

Bu kiçik məsələ olsa da, ictimaiyyətin fəal reaksiyası onun önəmli olduğunu göstərir.

Bəzi müzakirə iştirakçıları ölkənin qlobal problemləri ilə məşğul olmağı və ikinci dərəcəli mövzulara vaxt ayırmamağı tövsiyə edirlər".

Deputat Aydın Mirzəzadə isə bildirmişdi ki, o uşağı oradan aparatı ilə çıxartmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi: "Əgər valideynlərin biri yox idisə və ya işləmək qabiliyyətləri yoxdursa, o ailəyə sosial yardım verilməsinə nail olmaq lazım idi.  Bütün bunlardan əvvəl isə yaxınlaşıb uşaqdan popkorn almaq lazım idi ki, verdiyimiz puldan ona həmin gün azacıq da olsa, pul qalaydı”.

Oxşar xəbərlər