Türk əsgərləri S-300-ə görə Azərbaycana gəlir

  • 22 mart 2019, 11:53

Türk əsgərlərinin S-400 müdafiə sistemləri üçün təlim keçməzdən əvvəl Azərbaycana gedərək S-300 müdafiə sistemini araşdırması doğru yanaşmadır. Axar.az xəbər verir ki, bunu Sputnik-ə açıqlamasında hərbi ekspert Sergey Xatilev deyib.

O, Ankaranın doğru yolda olduğunu bildirib: "Bəzi ölkələrdə S-300-ün PT, PM və digər versiyalarından istifadə edilir. S-300 PMU2-lər isə taktiki və texnika xüsusiyyətlərindən əlavə, istifadə edilən raketlər baxımından da digərlərindən fərqlənir. S-400 tamamilə fərqli bir sistemdir. Oxşar xüsusiyyətləri olsa da, tətbiqdə – siqnal qəbul etmə və ötürmə sistemi fərqlidir. Yəni bu sistem daha mükəmməldir”.

Xatilev Azərbaycandakı sistemlərin incələnməsinin Türkiyəyə başqa səbəblərdən də faydalı olduğunu deyib: "S-300-lərin ən sonuncu versiyasında raket mənzili 250 km-dir. Eyni raket S-400-də istifadə edilə bilər. S-400 raketlərinin bəzi versiyalarından S-300-də də istifadə edilə bilər. S-300-ü daha detallı şəkildə incələmək üçün digər bir səbəb də budur. Dolayı yolla, türklərin doğru olan hər şeyi etdiyini düşünə bilərik. Əvvəlki sistemi, onun güclü və zəif tərəflərini araşdırırlar. Yeni sistemə keçdiklərində tətbiq edə biləcəkləri imkan və qabiliyyətləri öyrənirlər”.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin "Yeni Şəfəq” qəzeti S-400-lər üçün təlim keçəcək türk əsgərlərinin Rusiyadan əvvəl Azərbaycana göndəriləcəyini yazıb. Xəbərdə təxminən 100 nəfərdən ibarət türk əsgərinin Azərbaycanda S-300 PMU2-ni araşdıracağı, daha sonra yay aylarında Rusiyaya gedəcəyi bildirilib.


Oxşar xəbərlər