Toğrul İsmayıl: “Türkiyə üçün S-400 məsələsi bitib”

  • 11 mart 2019, 09:57

Lavrov Ankaraya gedir - çamadanında nələr var?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 12-13 mart tarixlərində Türkiyəyə rəsmi səfər edəcək. Səfər zamanı rusiyalı nazir Antalya şəhərində hər iki ölkənin xarici işlər nazirlərinin sədrliyi ilə strateji planlaşdırma üzrə birgə qrupun VII iclasında iştirak edəcək. Nazirlərin görüşü zamanı Rusiya-Türkiyə prezidentlərinin növbəti görüşünə dair hazırlıq məsələləri də müzakirə olunacaq.

Bundan əlavə, Sergey Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu terrorizmlə mübarizə sahəsində əməkdaşlıq, Yaxın Şərq, Şimali Afrika, Cənubi Qafqaz, Mərkəzi Asiya, Ukraynadakı vəziyyət və Qara dəniz regionunda vəziyyət də daxil olmaq olmaqla beynəlxalq və regional məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, günlər öncə ABŞ prezidenti Donald Trampın Hindistan və Türkiyə ilə ticarətdə güzəştli rejimi ləğv etməyi planlaşdırdığı barədə xəbərlər yayılıb. Trend-in məlumatına görə, artıq müvafiq bildiriş Konqresə göndərilib. ABŞ liderinin sözlərinə görə, güzəştlərin qüvvədə olduğu son 45 il ərzində Türkiyə iqtisadiyyatı əhəmiyyətli dərəcədə güclənib və diversifikasiya olunub, əhalinin gəlirləri səviyyəsi artıb, yoxsulluq azalıb.

Ekspertlər bu və ya digər qərarların fonunda Lavrovun Ankara səfərinin təsadüf olmadığını bildirirlər.

Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl "Yeni Müsavat”a açıqlamasında öncə belə səfərlərin mütəmadi xarakter daşıdığını söylədi: "Bundan öncə də Türkiyə heyəti Moskvada idi. Burada əsas olan məsələ Suriyada baş verən hadisələrdir. Ortada İdlib məsələsi var. İdlibdə güvənli deyilən bölgə artıq Türkiyənin nəzarətindədir. Rəsmi Ankara burada Suriya rejiminin əməliyyat aparmasına qarşı çıxır, buradakı məsələnin sülh yolu ilə həll edilməsini tələb edir. Bu bölgə ilə bağlı Rusiya tərəfindən Türkiyənin maraqlarına tərs düşə biləcək açıqlamalar mütəmadi olaraq verilir. İki ölkə arasındakı ən həssas məsələlərdən biri budur. Belə səfərlərin mütəmadi hal alması bölgədəki həssaslıqdan doğur. Burada əsas olan məsələ iki ölkə arasındakı münasibətlərin bu həssaslıq nəticəsində zərər görməməsidir. Tərəflər mütəmadi olaraq belə görüşlər keçirirlər. Düşünürəm ki, bu görüşdə bir çox detallar danışılacaq. Təbii ki, burada əsas olan son zamanlar gündəmdəki məsələlər olacaq. Bu səfərin Amerika başda olmaqla Qərb ölkələri tərəfindən daha da etiraz doğuracağını zənn etmirəm. Çünki Amerika tərəfindən onsuz da etirazlar yetərincədir. Türkiyə ilə Rusiya arasında işbirliyinin getdikcə artması ABŞ-ı onsuz da ciddi narahat edir. Birləşmiş Ştatlar S-400 məsələsində təsirlərini daha da artırmağa çalışır. Türkiyənin bu silahları almaqdan vaz keçməsi üçün cəhdlər edilir.

Amma artıq sürəc tamamlanıb və silahları bu ilin sonuna qədər almaq nəzərdə tutulub. Türkiyənin bundan vaz keçməsi həm dövlət imicinə zərbə olar, həm də maliyyə baxımından ciddi zərərlər görə bilər. Rusiya Türkiyənin S-400 almaqdan vaz keçməsindən sadəcə, qazanan tərəf ola bilər. Çünki həm silahları əlində qalacaq və bunu başqa ölkəyə satacaq, həm də Türkiyədən ciddi şəkildə təzminat ala biləcək. Açığı, bu məsələnin bitdiyini düşünürəm. S-400-lərin alınması tamamlanıb və Türkiyə bundan asan-asan vaz keçən deyil. Digər tərəfdən, Amerikanın bölgədəki siyasəti Türkiyə və Rusiyanın maraqlarına ziddir. Nəticədə bu amil hər iki ölkəni bir-birinə yaxınlaşdırır. Bilirsiniz ki, ilk başda rəsmi Ankara Amerika ilə birlikdə hərəkət etməyə çalışırdı. Lakin ABŞ açıq şəkildə Türkiyənin maraqlarına zidd siyasət yürütdüyü üçün istər-istəməz Rusiya və rəsmi Ankara yaxınlaşmaq istəyi duydu.

Amerika siyasətində redaktələr etməsə, Türkiyə-Rusiya arasındakı ikili münasibətlər davamlı olacaq. Onu da qeyd edim ki, iki ölkə arasındakı münasibətlər təkcə Suriya ilə məhdudlaşmır. Münasibətlərdə Suriya kiçik bir nöqtədir. Burada daha geniş məsələlərin olduğunu unutmamalıyıq. Enerji, iqtisadi və digər sahələrdəki münasibətlər artıq ən yüksək həddə çatmaqdadır. Ən əsası, Türkiyə və Rusiya bölgənin iki ən güclü dövlətidir. Əgər iki ölkə əmin-amanlıq, sülh üçün çalışırsa, bu o deməkdir ki, bölgədə sakitlik, əmin-amanlıqdır. Əks halda iki ölkə arasında böhran bölgə dövlətlərinə də ciddi təsir edər. Təyyarə olayını hər kəs yaxşı xatırlayır”.

Politoloq Trampın qərarına da şərh verdi: "Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti olduqca fərqli politra izləyir. ABŞ-ın əsas maraqları olan maddiyyat məsələsi burada önə çıxır. Nəticədə praqmatik qərarlar qəbul edilir. Düşünmürəm ki, belə qərarlar nəticəsində Amerika-Türkiyə münasibətləri inkişaf edəcək. Digər tərəfdən, unutmamalıyıq ki, Türkiyə-Rusiya münasibətləri inkişaf etmək məcburiyyətindədir. İki ölkə qonşudur. Hər iki dövlət ağıllı başla hərəkət edərək münasibətləri bu səviyyədə davam etdirməlidir. ABŞ-Türkiyə münasibətləri yaxşı olanda Rusiya ilə Türkiyənin münasibətləri pisləşir, eləcə də, əksi olanda eyni hal yaşanır. Belə olmaması lazımdır. Türkiyə geniş şaxəli siyasət yürütməlidir. Düşünürəm ki, bunu da yürüdür. Rusiya ilə Ukraynana olan münasibət bunu deməyə əsas verir”.

"Yeni Müsavat”

Oxşar xəbərlər