Prezident göstəriş verdi: Yeni evlər tikilir

  • 09 mart 2019, 14:15

Azərbaycanda sosial siyasət planlı şəkildə proqramlar üzrə həyada keçirilir və daimi xarakter daşıyır...

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. O bildirib ki, dövlət başçısı ilə vətəndaşlar arasında inam, etimad və etibar olduqda cəmiyyət və dövlət də inkişaf edir:

"Bunun başlıca səbəbi Prezidentin həyata keçirdiyi siyasət və onun xalq tərəfindən dəstəklənməsidir. Hakimiyyət-xalq vəhdəti buradan ortaya çıxır. Bunu zəruri edən şərtlər çoxdur və həmin şərtlər Azərbaycanda təmin olunub. Bunun hüquqi, sosial, iqtisadi əsasları var. Ancaq bu planda önə çıxan ilk növbədə Azərbaycan vətəndaşının rifahı, ölkənin həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır ki, bu siyasət daim Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir. Əgər biz bunu müxtəlif komponentlər üzrə qısaca səciyyələndirsək, görəcəyik ki, burada əhalinin sosial rifahı ilə bağlı qəti qərarlar qəbul olunur və onların həyat keyfiyyəti yaxşılaşdırılır.

Bir tərəfdən ümumi qaydada daimi sosial siyasət aparılır ki, bu həm də Ermənistanın işğalı nəticəsində meydana çıxan bir milyondan çox qaşqın və məcburi köçkünün, müharibə iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin həllidir. Digər tərəfdən fors-major hallar var ki, burada sosial problemlər daha çox qabarıq və gözlənilmədən ortaya çıxır. Yəni zəlzələ, torpaq sürüşməsi kimi və s. hallarda baş verən qəzalar nəticəsində sosial problemlər yaranır. Bunun həll olunması üçün yerində operativ qərarlar qəbul etmək lazım olur. Bu zaman təbii ki, ehtiyat resursları səfərbər etməklə problemin aradan qaldırılması yolları axtarılır. Bir ay bundan öncə zəlzələ baş verdi, İsmayıllı, Ağsu və Şamaxıda xeyli ev dağıldı və qəzalı vəziyyətə düşdü. Gördüyünüz kimi bu istiqamətdə operativ şəkildə Azərbaycan Prezidentinin göstərişi ilə bütün müvafiq qurumlar öz işlərini qısa müddətdə yerinə yetirdilər. Həmin hadisədən bir ay ötüb və cənab Prezident yenidən Ağsu və Şamaxıda səfərdə oldu. Artıq şahidi oluruq ki, onlarla ev tikilir. Hətta inşası başa çatmaq üzrə olan evlər var. Buna paralel olaraq bütövlükdə infrastruktur yenidən qurulur. Bu çox vacib amildir. Kommunikasiyaların qurulması isə ayrı bir məsələdir və düşünürəm ki, buna da xüsusi diqqət yetirilir".

 

Millət vəkili qeyd edib ki, ötən illər ərzində Azərbaycan Prezidentinin istər seçki təbliğatı-təşviqatı prosesində, istərsə də vaxtaşırı hökumətin hesabatı olduğu vaxtlarda daim önə çəkdiyi bir məsələ var:

"Bu, vətəndaşların rifahı, onların sosial problemlərinin həllidir. Azərbaycanda sosial siyasət planlı şəkildə proqramlar üzrə həyada keçirilir və daimi xarakter daşıyır”.

Oxşar xəbərlər