Evləri yanan məcburi köçkünlərə kirayə pulu verildi

  • 08 mart 2019, 09:43

Bu il 5 min məcburi köçkün ailəsi evlə təmin olunacaq; yanan yataqxanada məskunlaşan məcburi köçkünlərin köçürülməsi isə hələ ki nəzərdə tutulmayıb

Xəbər verdiyimiz kimi, martın 6-da Azərbaycan İncəsənət Universitetinin balansında olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları binada güclü yanğın baş verdi. Yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənib, 1953-cü il təvəllüdlü Əliyeva Eliza İdris qızı və 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu isə həlak olub. Daha 42 nəfər  bina sakini isə Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarının sayəsində təxliyə olunublar.

Yataqxanada yaşayan məcburi köçkün Elxan Mirzəyev "Yeni Müsavat”a bildirib ki, martın 6-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev sakinlərlə görüşüb və onunla birlikdə işğalda olan rayonların icra başçıları da hadisə yerinə gəliblər: "Onu da deyim ki, Rövşən Rzayev yanğın baş verən gecə də hadisə yerində idi. Həmin günü Nərimanov Rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları olmasaydı, ölü sayı 100-ü keçərdi. Çünki hər kəs pəncərənin ağzına çıxıb, orada qalmışdı. Çölə qaçanların isə hamısı nazik paltarda idi. FHN əməkdaşlarının sayəsində yanmayan mərtəbələrə daxil olub, camaat üçün paltar da çıxara bildik.

Martın 6-da gündüz saatlarında ”Qaçqınkom"un əməkdaşları yataqxananın yanmış olan  3-cü mərtəbəsində yaşayan sakinlərə pul payladılar. Hər bir ailəyə 300 manat verdilər ki, yataqxana təmir olunana qədər kirayə mənzillərə çıxsınlar. Yataqxananın digər mərtəbələrində elektrik enerjisinin verilişi bərpa olundu və camaat öz evində məskunlaşdı. Binanın həyətində yas çadırı qurmuşduq ki, rəhmətə gedənlərin hüzr mərasimini orada qeyd edək. Yanğın nəticəsində dünyasını dəyişən Surxay Əliyev və Eliza Əliyeva Laçın rayonundan məcburi köçkün idilər. Laçın rayonunun icra başçısı bildirdi ki, çadır qurmağa gərək yoxdur, onların yas mərasimləri Laçın mərasim evində keçiriləcək. Ona görə də çadırları sökməli olduq. Hazırda yas mərasimi Laçın mərasim evində təşkil edilib. Binada yaşayan sakinlərin köçürülməsinə gəlincə isə bu barədə bizə heç bir söz deyilmədi. Bildirildi ki, 3-cü mərtəbə təmir olunduqdan sonra məcburi köçkünlər evlərinə qayıda bilərlər. Əhali adından FHN və polis əməkdaşlarına təşəkkür edirəm ki, həmin gecə bizə yardım etdilər. Əks halda, hər kəs içəridə yanıb, külə dönərdi".

Məcburi köçkünlər bildirdilər ki, keçmiş "Qaçqınkom” sədri Əli Həsənovun zamanından fərqli olaraq, hazırda onlara göstərilən münasibət fərqlidir. Onu da qeyd edək ki, məcburi köçkünlərin yaşadıqları yataqxanalarda olan şəraitsizlik, elektrik xətlərinin köhnə olması səbəbindən tez-tez yanğın hadisələri baş verir. Yanğın nəticəsində bir çox hallarda ölüm faktları qeydə alınır. Bəs yataqxanalarda məskunlaşan məcburi köçkün ailələri nə zaman köçürüləcəklər?

"Pis vəziyyətdə yaşayan məcburi köçkünlərin mənzillərlə təmin olunması prosesi bu gün də davam etdirilir”. Bu fikri "Yeni Müsavat”a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev bildirdi. O qeyd etdi ki, hazırda Sumqayıt şəhərində məcburi köçkünlərin köçürülməsi prosesi gedir: "Köçürülmə prosesi mərhələli şəkildə aparılır. Yəni ən ağır şəraitdə yaşayan məcburi köçkünlər evlə təmin edilirlər. Əlbəttə ki, onlar köçürüldükdən sonra növbə yataqxanada məskunlaşan məcburi köçkünlərə də çatacaq.

Komitənin tərkibində komissiya yaratmışıq. Hətta bizə məlumat gəlsə də ki, həmin yer pis vəziyyətdədir, yenə də komissiyamız yerə baxış keçirib, araşdırma edir. Eyni zamanda sakinlərin mənzillərinin olub-olmaması, həqiqətən məcburi köçkün olması məsələsi də yoxlanılır. Bütün bu proseslərdən sonra  məcburi köçkün ailələri siyahıya salınır.   Bu il ərzində 5 min məcburi köçkün ailəsinin mənzillə təmin edilməsi nəzərdə tutulub.  Ötən il Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınmış ”Qobu Park" yaşayış kompleksinin açılışı oldu. Bu kimi komplekslərin tikintisi davam edir. Ümumilikdə ötən il ərzində 5700 ailə - təxminən 25 min məcburi köçkün evlə, mənzillə təmin edilmiş oldu".

Yanan yataqxanada məskunlaşan sakinlərin köçürülməsi məsələsinə gəlincə isə İbrahim Mirzəyev bildirdi ki, indiki anda hələ ki yataqxananın təmiri prosesi həyata keçirilir: "Cənab sədr bildirdi ki, binada təhlükəli mənzillərdə yaşayan ailələr bir ay müddətində kirayə evlərlə təmin olunacaq. Bu müddət ərzində yataqxanada təmir-bərpa işləri həyata keçiriləcək. Təmir-bərpa işlərindən sonra məcburi köçkünlər yenidən evlərinə qayıdacaqlar.  Cənab sədr bildirdi ki,  binada məskunlaşan bütün məcburi köçkünlər tez bir zamanda məcburi köçkünlər üçün tikilən qəsəbələrin birində evlərlə təmin olunacaqlar. Eyni zamanda sədr də bildirdi ki, ötən gün yanğın nəticəsində dünyasını dəyişənlərin ailəsi üçün üçotaqlı kirayə ev tutulub. Ailə artıq martın 6-dan etibarən kirayə evə köçürülüb. Yanan bina təmir olunana qədər həmin ailə Nərimanov Rayon İcra Hakimiyyətinin himayəsində olacaq”.

Bildirilib ki, yanğında dünyasını dəyişənlərin  dəfn mərasiminin bütün xərcləri komitə tərəfindən qarşılanıb.

Əli RAİS,
"Yeni Müsavat”

Oxşar xəbərlər