Ərəb şeyxi Gəncədə avtoqəza törətdi - yaşlı qadın komaya girdi

  • 01 mart 2019, 22:52

Ərəb şeyxi Gəncədə ağır yol nəqliyyat hadisəsi törədib. Hadisədə ağır xəsarət alan yaşlı qadın komaya düşüb...

Bugün günorta saatlarında Gəncədə "Ay-Ulduz" şadlıq sarayının yaxınlığında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Demokratik.Az"-a verilən məlumata görə, ərəb şeyxi olduğu ehtimal edilən şəxsin idarə etdiyi "JEEP" avtomobili öz yolundan çıxaraq, "VAZ 21-06" markalı avtomobilə çırpılıb. Hadisə zamanı taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitəsi ("VAZ 21-06") toqquşmanın təsirindən tam yararsız hala düşüb. Taksi sürücüsü yüngül, salonda əyləşən sərnişin, 1958-ci il təvəllüdlü Qasımova Xatirə Rza qızı isə ağır bədən xəsarətləri alıb.

Yaxınlarının verdiyi məlumata görə, hadisədən zərər çəkmiş qadın hazırda komadadır və müalicə məqsədilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. 

"Demokratik.Az"-a verilən məlumata görə, Xatirə Qasımova hadisədən dərhal sonra Gəncə Beynəlxalq Xəstəxanasına aparılsa da, sonradan ərəbin Azərbaycanlı tərcüməçisinin təkidilə şəhər xəstəxanasına yerləşdirilib.

Xəstənin yaxınlarının dediyinə görə, hazırda xəstənin səhhətilə doğru-düzgün maraqlanan yoxdur. Həm hüquq mühafizə orqanları, eləcə də həkimlər komada olan qadının durumuna olduqca soyuq münasibət bəsləyirlər.

İddialara inansaq, hadisənin bəzi detallarının gizlədilməsinə də açıq cəhdlər var. Hadisəni törədən şəxsin ərəb şeyxi olması iddiası nəzərə alınsa, olaya polis etinasızlığı, belə münasibət başadüşüləndir.

O da ehtimal edilir ki, ərəb sürücü sükan arxasında sərxoş olub, elə buna görə də zəruri həkim müayinəsindən belə keçirilməyib. 

Digər zərərçəkmişin - taksi sürücüsünün isə deyəsən şikayətçi olmayacağı artıq təmin olunub. Belə ki, ərəbin göstərişi ilə taksi sürücüsünə hadisədən bir saat sonra yeni VAZ 21-07 markalı avtomaşının açarı verilib.

İnanırıq ki, xəstəxanada can mücadiləsi aparan qadının həyatda qalması, müalicə alması tam nəzarətə götürüləcək. Xoşagəlməz hadisəyə səbəb olan ərəb sürücü məsuliyyətə cəlb olunacaq...

Faktı dəqiqləşdirmək üçün DİN-in Qərb regional mətbuat xidməti ilə də əlaqə yaratdıq. Bildirildi ki, sabah hadisənin detallarına, yuxarıda sadalananlara rəsmi aydınlıq gətiriləcək...

Mövzu diqqətimizdədir, əlavə məlumat verəcəyik..

Demokratik.Az 



Oxşar xəbərlər