"Bakı-xəbər"-in müxbirinin Gəncədə şərlədiyi heykələ rəsmi REAKSİYA

  • 21 fev 2019, 22:05

Bir neçə gün əvvəl "Bakı-Xəbər" qəzetinin müxbiri Gəncədə olarkən şəkil çəkdirib şərlədiyi - Cavad xanın adına təqdim etdiyi "heykəl məsələsi"nə rəsmi münasibət bildirilib. Heykəlin Cavad xana aid olmadığı faktı rəsmi ifadə olunmaqla, qəzet müxbirinin mövzu ətrafındakı savadsızlıq və səriştəsizliyi tam təsdiqini tapıb.

Müxbir şərlədiyi "Qoçu Əsgər"lə yan-yana

Gəncə İHB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "Demokratik.Az"-a bildirilib ki, həmin heykəl doğrudan da məşhur Gəncə xanına aid deyil, mövzu müxbirin süni və qeyri-peşəkar uydurmasıdır. Ümumiyyətlə, Gəncədə Cavad xanın adına heç bir büst və ya heykələ də rast gəlinmir:

" Bu xəbəri açığı sizdən eşidib oxuduq, doğru təhlil etmişdiniz. Həqiqətən həmin heykəlin Cavad xana hansısa aidiyyatı yoxdur. Sadəcə, şəhərimizin Cavad xan küçəsində (köhnə Sabir) "Kolorit" restoranının qarşısında müxtəlif filmlərdən götürülmüş daş personajlar düzülmüşdür. Həmin heykəlin özü "O olmasın bu olsun" filmindəki Qoçu Əsgəri canlandırır. Amma, Cavad xana gələcəkdə heykəl qoyulacağı həqiqətən Gəncə İHB-nin də diqqətindədir. Müxtəlif layihələr ətrafında müzakirələr aparılır" - deyə Həsən Məmmədov bildirib.

Bəs, bu "Qoçu Əsgəri" "Kolorit"-in önünə kim qoyub, heykəlin sahibkar tərəfindən düzəldilməsi iddiasının əsası varmı? 

Həm restoran rəhbərliyi, eləcə də İHB rəsmisi saytımıza bildirdilər ki, bu cür heykəllərin düzəldilməsi və dislokasiya yerinin təyin edilməsi birbaşa Gəncə İHB-nin memarlıq və tikinti şöbəsinin səlahiyyətində olub. Adıkeçən şöbə İHB-də ləğv edilsə də, hazırda bu işlərə müvafiq inzibati nəzarət müxanizmi mövcuddur. Kiminsə bu mövzularda özfəaliyyəti yolverilməzdir və bu durumda özfəaliyyətə ümumiyyətlə yol verilməyib. Bundan başqa, heykəl "Kolorit" fəaliyyətə başlamazdan əvvəl də öz hazırki yerində dayanıb.

Mövzuya sərt reaksiya verən, tanınmış araşdırmacı jurnalist Osman Nərimanoğlu isə hesab edir ki, sonradan təkzibə ehtiyac duyan bu tipli xəbərlərin yayılması qeyri-peşəkarlıq və savadsızlıqdır.

"Belə xəbərlər yazmağın bircə adı var, o da savadsızlıq!. Həmin müxbirin bir heykələ münasibətində nə qədər ibtidai jurnalistika bacarığına sahib olduğu aydın görünür. Əgər, özünü jurnalist hesab edən bir şəxs adi heykəlin kimə aid olmasını müəyyənləşdirə, bu barədə araşdırmaya müvəffəq ola bilməyibsə, bu bir qəzet adına çox utancvericidir. Belə müxbirlər təəssüf ki, anlaqsız mövzuları ilə ucuz və cırtdan saytları da cənginə alıb, ümumi media adına xələl gətirir. Məncə, dahi Cavad Xandan buna haqqı çatan peşəkar jurnalistlər yaza bilər. Sadəcə, gülək və üstündən keçək. Nə etməli, bu artıq olub."

 

(Mövzuya dair Osman Nərimanoğlunun əvvəlki yazısı - "Bakı-xəbər"-də GƏNCƏ YALANLARI və heykəli şərləyənin plagiatlığı)

Əlavə məlumat üçün bildirək ki, Gəncənin Cavad Xan küçəsində müxtəlif fəvvarə kompleksləri, şəhərin tarixini, mədəniyyətini əks etdirən eksponatlar yerləşdirilib. Bunlardan, heykəltaraşlıq nümunələri vasitəsilə yerli və əcnəbilərə müxtəlif personajlar təqdim olunub. "Qoçu Əsgər"in, "Nənə və Baba"nın, eləcə də milli muğamımızın təbliği üçün tar, kamança və qaval tutan daş musiqiçi heykəlləri özəlliklə diqqət cəlb edir. Ümumiyyətlə, dünya və Azərbaycan praktikasında şəhərin müxtəlif yerlərində bu cür obrazlı heykəllərin təqdimatı milli-mədəni zövqün inkişafı ilə yanaşı, şəhərsalmada küçə və binaların xoş zahiri görünüşünə hesablanır.

İnanırıq ki, hansısa savadsızın belə yalançı heykəl təqdimatı təkcə Gəncə sakinlərini yox, heykəlin libasına, papağına və duruşuna sərbəst fikir yürüdə bilən heç bir oxucunu aldada bilməyib. Qaldı, tarixi əzəməti Gəncəliləri ayaqda tutan məşhur Cavad Xana heykəl qoyulacağına, bu istək dövlət səviyyəsində mütləq reallaşacaq.

Buna heç bir bilimsiz müxbirin zərrə qədər şübhəsi olmasın!..

Demokratik.Az    



   

Oxşar xəbərlər