Hakimiyyətdən dindar məhbuslarla bağlı yeni strategiya

  • 20 fev 2019, 08:23

Son günlər baş verən bir neçə hadisə hakimiyyətin dindarlarla münasibətləri yumşaltmaq istədiyini göstərir

Son günlər hakimiyyətin apardığı yumşalma siyasətinin dindarlara qarşı da yönəldiyi müşahidə olunmaqdadır. Bunu təsdiq edən bir neçə detallar diqqəti cəlb edir. Güman ki, qarşıda daha bir neçə yumşalma addımları da olacaq.

İlk nəzərə çarpan addım hazırda Qobustan həbsxanasında saxlanılan ilahiyyatçı Taleh Bağırov və daha bir neçə məhbusla bağlı oldu. Qobustan həbsxanasında saxlanılan və bir müddət öncə aclıq edən Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə fevralın 15-də İnanclı Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin həmsədrləri Eldəniz Quliyev və Rövşən Əhmədli ilə görüşüb.

R.Əhmədli facebook statusunda yazıb ki, İnanclı Məhbusların Hüquqlarını Müdafiə Komitəsi fevralın 12-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə məktubla rəsmi müraciət edib. Bu müraciətdən 3 gün keçməmiş müraciətə müsbət cavab verilib və Penitensiar Xidmətdən zəng edərək komitənin həmsədrlərini, yəni Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev və Qarabağın Azadlığı uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli Qobustan qapalı həbsxanasına dəvət edilib.

Həmin gün həbsxanaya gedən R.Əhmədli və E.Quliyev Qobustanda saxlanılan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovla, Müsəlman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadə və həmçinin Nardaran hadisələrində 19 il müddətinə azadlıqdan mərhum edilmiş Cabbar Cabbarlı ilə görüşüb.

R.Əhmədli bildirib ki, hər bir dustaqla vəkillər üçün ayrılmış otaqda ayrı-ayrılıqda görüşməyə şərait yaradılıb və məhkumlar aclığı dayandırıb. Sitat: "Qobustan həbsxanasında baş verən hadisələr ətrafında aparılan müzakirələr bir sıra müsbət nəticələr əldə olunması ilə yekunlaşa bildi. Tale Bağırzadə komitə həmsədrlərinin, Milli Şura rəhbərliyinin, çoxminli tərəfdarlarının xahişlərini və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının bu görüş üçün xoş məramlı jestlərini nəzərə alaraq aclıq aksiyasını dayandırıb”.

Bundan başqa, hüquq müdafiəçiləri Qobustan həbsxanasının rəisi Aftandil Ağayevlə görüşüblər. Yalnız aclıq edən məhkumlardan Abbas Hüseynovla görüşə bilməyiblər. Çünki həmin vaxt A.Hüseynov Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülübmüş.

Ancaq hər kəsə aydındır ki, hadisələrin bu şəkildə inkişafı siyasi hakimiyyətin iradəsi ilə baş verib. Çünki daha əvvəl İnanclı Məhbusların Hüquqlarını Müdafiə Komitəsi belə bir görüş keçirə bilməyib. Yeri gəlmişkən, bu hadisədən bir neçə gün əvvəl T.Bağırov həbsxanada ailəsi ilə də görüşüb. Ardınca isə hüquq müdafiəçilərinin müraciətinə gözlənilmədən müsbət reaksiya verilib və həbsxana rəisi hüquq müdafiəçilərini qəbul edib, onların məhkumlarla görüşünə şərait yaradıb.

Belə görünür ki, siyasi hakimiyyət son zamanlar cəmiyyətə yönəlmiş "açılım siyasətini” dindarlara qarşı da edir. Taleh Bağırov və aclıq edən məhbuslar məsələsini qeyd etdik. İki gün əvvəl Bakı Apelyasiya Məhkəməsi daha bir siyasi məhbus, 2012-ci ildə həbs edilən Telman Şirəliyevi azadlığa buraxıb.

T.Şirəliyev 2012-ci il oktyabrın 5-də baş vermiş 3-cü "hicab aksiyasının” iştirakçısı kimi həbs olunub və polisə müqavimət, ictimai asayişi pozmaqda ittiham olunaraq 6 il azadlıqdan məhrum edilmişdi. Lakin onun cəzası ötən il başa çatsa da, ötən il dekabrın 20-də Xətai Məhkəməsi onu qadağan olunmuş əşya saxlamaqda təqsirkar bilərək 5 ay 18 gün müddətinə azadlıqdan məhrum etmişdi. Lakin Apelyasiya Məhkəməsi bu cəzanı azaldıb və Şirəliyev azadlığa çıxıb. O, həm də sonuncu "hicab məhbusu” idi.

Göründüyü kimi, artıq iki fakt var. Güman etmək olar ki, Novruz bayramı öncəsi gözlənilən əfv fərmanında dindar məhbusların bir qismi də azadlığa buraxılacaq. Yeri gəlmişkən, bir neçə gün əvvəl "Yeni Müsavat”a açıqlamasında hüquq müdafiəçisi Səidə Qocamanlı bildirmişdi ki, Əfv Komissiyasına dindar məhbusların da siyahısı təqdim olunub.

Hazırda siyasi məhbusların siyahısında əsas çoxluğu məhz dindar məhbuslar təşkil edir. Ümid edək ki, gələn ay əfv fərmanında çoxlu sayda günahsız inanclı məhbusların da adı olacaq.

"Yeni Müsavat”

Oxşar xəbərlər