Əfv Komissiyası daha bir iclas keçirdi

  • 16 fev 2019, 08:54

Əliməmməd Nuriyev: "Neçə nəfərin əfv ediləcəyini cənab prezident özü müəyyən edir”

Əfv Komissiyasının növbəti iclası keçirilib. İclasda əfvlə bağlı müraciətlərə baxılıb. Komissiyaya 1000-dən artıq müraciətin daxil olduğu bildirilir. Qurumun ötən iki iclasında 200-ə qədər müraciətə baxılıb.

Əfv Komissiyasının Novruz bayramına qədər işlərini yekunlaşdıra biləcəyi ehtimal edilir. Artıq gələn ay əfv sərəncamının imzalanacağı ümidləri kifayət qədər böyükdür.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev "Yeni Müsavat”a açıqlamasında komissiyanın son iclasından danışdı:"Artıq bir neçə iclas keçirilib. Bundan sonra da bu şəkildə iclaslar davam edəcək. Müraciətlərin hər birinə baxılacaq. Konkret olaraq indiyə qədər sayca neçə müraciətə baxıldığı barədə nəsə deyə bilmərəm. Çünki məlumatlı deyiləm. İclasların sonunda nə qədər müraciətə baxıldığı məlum olacaq. Bütövlükdə neçə nəfərin əfv ediləcəyini cənab prezident özü müəyyən edir. Əfv Komissiyasının üzvlərinin hüquq müdafiəçiləri ilə görüşləri hələ ki, getmir. Amma hüquq müdafiəçilərindən və vətəndaşlardan komissiyaya daxil olan müraciətlər mütləq müzakirə olunur”.

Hüquq müdafiəçisi Səidə Qocamanlı tezliklə İnsan Haqları üzrə Birgə İşçi Qrupunun toplanacağını söylədi: "Əfvlə bağlı fəaliyyətimizi davam etdiririk. Siyahılar üzərində işləyirik. Sonda siyahımızı Əfv Komissiyasına təqdim edirik. Novruz bayramı ərəfəsində adətən əfv sərəncamı verilir. Bu ümid verir ki, əfv olacaq. Hüquq müdafiəçiləri olaraq bizi narahat edən məhbuslarla bağlı müraciətlərimizi etmişik. Hələlik görülən iş bu səviyyədədir. Əfv Komissiyası işləyir. Amma son söz məlumdur ki, prezidentə məxsusdur. Çünki əfv etmək prezidentin səlahiyyətindədir. Biz sadəcə ümid edə bilərik. Çox istəyirik ki, siyahılar qapansın. Bizim siyahıda olan şəxslər azadlığa buraxılsınlar. Çünki onların arasında cəzalarının böyük bir hissəsini çəkənlər var. Onlar barədə cəzaçəkmə müəssisələrindən verilən xasiyyətnamələr nəzərə alınsın. Nəhayət ki, siyasi məhbuslarla bağlı Avropadan Azərbaycan üzərinə sallanan ”Damokl qılıncı" yox olsun. Başqa ölkələrdə də siyasi məhbuslar var. Amma məhz bu problemə görə Azərbaycana Avropadan gələn təzyiqlər bizi çox ciddi narahat edir. Qarşımızda həll olunmalı daha vacib məsələlər var. Hamımız torpaqlarımızın qaytarılması üçün səylə çalışmalıyıq. Başımızı siyasi məhbuslarla bağlı problemlər qatmamalıdır. Amma təəssüflər olsun ki, biz hələ siyasi məhbus probleminin üstündə qalmışıq. Bu bizi çox narahat edir. Gələn ay verilməsi gözlənilən əfvin necə olacağı barədə danışmağa çətinlik çəkirəm. Hər halda ümid edərdim ki, bizim siyahıdan 1-2 məhbus deyil, daha çox insan azad olsun".

Xatırladaq ki, sonuncu dəfə 2018-ci il mayın 24-də prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub.

Oxşar xəbərlər