İkram Rəhimov həbsdən şikayət yazdı - ŞOK İTTİHAMLAR + CAVAB

  • 10 fev 2019, 10:53

"Realliq.info” saytının baş redaktoru İkram Rəhimov həbsinin səbəbləri ilə bağlı yazıb. Yaxınları vasitəsilə Meydan TV-yə çatdırılan məktubda baş redaktor yazır:

"Mənə qarşı açılan cinayət işində irəli sürülmüş ittihamları tamamilə rədd edirəm. Nəinki indi – 20 illik fəaliyyətim dövründə mən heç bir cinayət əməli törətməmişəm. Hazırda həbsimə əsas gətirilərək irəli sürülən ittihamlar tamamilə gülüncdür, ancaq kifayət qədər aydın səbəbləri var”.

Əvvəlcə bütün saytlarımı blokladılar…

İkram Rəhimov daha sonra yazır: "Mən jurnalist fəaliyyətim dövründə daim müstəqil olmaqla ölkədə azad sözün, tərəfsiz medianın olmasını və inkişaf etməsini arzulamışam. Mənim bir çoxu kimi əmr qulu olmadığım, sifarişləri icra etməməyim daim Mətbuat Şurasının rəhbərliyini narahat edib. Onların qanunsuz maliyyələşməsi, məmurlarla işbirliyi quraraq jurnalistləri hədəf seçmələri, dövlətdən ayrılan vəsaitləri saxta sənədləşdirmələr yolu ilə mənimsəmələri, media nümayəndələrinin susudurulmaq üçün həbs olunmalarına çalışmaları, ölkədə azad sözün qarşısında sipər olmaları daim araşdırmalarımın əsas mövzusu olub və buna görə, Mətbuat Şurası tərəfindən "düşmən” elan edilmişəm. Mənim araşdırmalarımdan sonra onlar səlahiyyətlərindən kənara çıxaraq 2017-ci ilin əvvəllərindən mənim həbs olunmağım üçün hüquq-mühafizə orqanlarının müraciətlər ünvanlayıblar. Bununla kifayətlənməyərək, rəhbəri olduğum "realliq.info” saytının fəaliyyətinin dondurulması üçün öz himayədarlarına – Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova müraciət ediblər. Mənə qarşı təzyiqlərini artıran Əli Həsənov və şəbəkəsi 2017-ci ilin ortalarında "realliq.info” saytına ölkə daxilində heç bir məhkəmə qərarı olmadan blok qoymaqla qanunları pozublar. Ə.Həsənov daha sonra saytın fəaliyyətini təmin etmək üçün aldığım realliq.org, realliq.az, realliqinfo.az, realinfo.az, realliqinfo.org, realliqinfo.com domenlərində də ölkə daixlində blok qoydurub. Bundan sonra mən də sosial şəbəkələrdə və mediada baş verənləri ictimailəşdirməklə Mətbuat Şurası İdarə Heyətinin və Əli Həsnovun qanunsuz əməlləri barədə geniş açıqlamalar vermişəm. Bununla yanaşı Mətbuat Şurası İdarə Heyətinin keçirdiyi iclaslarda jurnalistləri hədələmələrini, rüşvət təklif etmələrini, media nümayəndələrinə müxtəlif təzyiqlər etmələrini təsdiq edən səs yazılarını saytıma yerləşdirməklə dövlətin aidiyyatı qurumlarını tədbirlər görməyə çağırmışam. Lakin Əli Həsənovun tutduğu vəzifə hüquq-mühafizə qurumlarını susmağa məcbur etməklə baş verən cinayət tərkibli əməllərin araşdırılmamasına səbəb olub. Qeyd etdiyim bütün xüsusatları internetdə araşdırmaqla da tapmaq olar”.

Vüqar Əliyev çağırdı, getdim, PA-da mənə ev, maşın, mənzil təklif etdilər…

İ.Rəhimov yazır ki, ötən iki il ərzində bloklanmış saytlarının fəaliyyətinin bərpa edilməsi üçün dəfələrlə müxtəlif qurumlara, ölkə rəhbərliyinə müraciətlər ünvanlayıb. Hər dəfəsində də Ə.Həsənovun əməllərinin araşdırlmasını tələb edib:

"2018-ci ilin ortalarında Əli Həsənovun köməkçisi Vüqar Əliyev tərəfindən Prezident Adminstrasiyasına dəvət edilmişəm. Hər iki şəxslə görüşdə mənə bildirilib ki, saytlar onların göstərişi ilə blok edilib. Həmçinin dedilər ki, "realliq.info” və sahibi olduğum digər saytların blokunun qaldırılması üçün "Delta Telekom” şirkətinə tapşırıq veriblər. Görüş zamanı həmçinin, Vüqar Əliyevin "Delta Telekom”un rəhbərliyinə telefon açdığının, Ə.Həsənovun adından saytların blokunun qaldırılması göstərişini çatdırdığının şahidi oldum. Görüş zamanı aydın oldu ki, saytlar bircə zənglə blok edilib, bu isə qanunların adıçəkilən şəxslər tərəfindən kobud şəkildə pozulmasıdır. Lakin mənim həbs edilməyimə qanunsuz təqdimat verən Baş Prokurorluq bu kimi pozuntuları araşdırmaqla bağlı müracitələrimə baxmamaqla qanunlara sayğısılıq nümayiş etdirdi”.

Baş redaktor yazır ki, Ə.Həsənov və V.Əliyevlə görüşdə ona müxtəlif vədlər verilib:

"Bəlli oldu ki, onlar məni öz şəbəkələrinə cəlb etmək istəyirlər və bunun qarşılığında mənə şəxsi mənzil, maşın, kifayət qədər pul verəcəklər. Mən araşdırmalarımı dayandırmalı, onlara qarşı olan məmurları hədəf seçməli idim. Hətta onu da dedilər ki, belə olan təqdirdə məni bir sıra mükafatlar da gözləyir. Ancaq mən onların təkliflərini rədd etdim. Belə olan halda onlar SOCAR haqqında yazılarıma son verməyimi istədilər. Söylədiklərindən belə məlum oldu ki, SOCAR rəhbərliyi Əli Həsənovun nəzarətində olan media qurumlarına qanunsuz yolla pullar verir və şəbəkənin maliyyələşməsində rol oynayır”.

Əli Həsənov "sonun yaxşı olmayacaq” bildirdi

"Əli Həsənovun təkilflərinə "yox” deməyim, onun qəzəbinə səbəb olmaqla, mənə "sonun yaxşı olmayacaq” kimi hədələrlə yadda qaldı. Bundan sonra dəfələrlə eyni təkliflərdə bulunan Həsənov şəbəkəsi hər dəfə rədd cavabı aldı. Bundan sonra Mətbuat Şurasının rəhbərliyi göstərişilə mənə və saytıma qarşı qarayaxma kampaniyası başlandı. Mətbuat Şurası hər dəfə himayədarlarının tapşırığı ilə "realliq.info” saytını müzakirəyə çıxararaq, məni ittiham etməyə başladılar. Ötən il ərzində həmin təzyiqlərə cavab verməklə həm də Əli Həsənovun qanunsuz saydığım fəaliyyətlərinə toxunmuşam,” – İkram Rəhimov yazıb.

Baş redaktor deyir ki, 2018-ci il oktyabrın 26-da "realliq.info” saytında müəllifi olduğu "Əli Həsənova açıq məktub – Özümü yerinizə qoya bilmədim” sərlövhəli məqalə yayılıb. Yazının yayılmasından dərhal sonra Dövlət Təhlükəsilik Xidmətinin əməkdaşları tərəfindən izlənilib. İzlənməyi barədə sosial şəbəkələrdə məlumat yaydıqdan sonra "Turan” agentliyinin yaxınlığında saxlanılıb və DTX-nin 4 əməkdaşı tərəfindən həbs edilib:

"Onlar məni DTX-nin istintaq idarəsinə gətirdilər, şahid qismində ifadəmin alınacağını bildirdilər. Həmin vaxt telefonum, kompüterim zorla əlimdən alındı, evimdə və mənə məxsus olmayan avtomobildə axtarış aparıldı, bütün şəxsi əşyalar, sənədlər götürüldü”.

DTX-nin İstintaq İdarəsi 10 illik dostlarımdan zorla əleyhimə ifadə alıb…

"Mənə qarşı irəli sürülən ittihamlardan, DTX İstintaq Baş İdarəsinin müstəntiqi Elkin Mirzəyevin suallarından açılmış işin mahiyyəti anlaşıldı – 10 ildən artıq münasibətdə olduğum və dostluq etdiyim şəxslər zorla "zərərçəkən” qismində işə cəlb edilib, onlardan təzyiq altında izahatları alınıb. Verdiyim ifadələrimdə ittihamları gülünc adlandırmışam, həbsimin bilavasitə Əli Həsənovun sifarişi olduğunu bildirmişəm,” – İ.Rəhimov yazır:

"Əvvəlcə 2 aylığa həbs edildim, daha sonra həbs müddətim qanunsuz olaraq 3 aylığa artırıldı. Qeyd etmək istərdim ki, bu müddət ərində heç bir effektiv istintaq hərəkəti aparılmayıb, müstəntiqin istintaqı uzatmaq istəyinə tabe olmaq zərurəti ilə üz-üzə qalmışam. Bütün bunların fonunda Ə.Həsənovun tapşırığı ilə Mətbuat Şurasının rəhbərliyi, o cümlədən Müşfiq Ələsgərli telekanallara çıxaraq, heç bir məhkəmə qərarı olmadan məni cinayətdə suçlayıb. Bu, həm də istintaqa təzyiqdir. Bütün bunların səbəbi hamıya aydın olduğu halda, Baş Prokurorluq və DTX baş verənlərə susaraq, Əli Həsənova xoş gəlsin deyə, mənə qarşı ittihamları sıralamaqdadır”.

Əli Həsənovun QHT-ləri, şirkətləri, mərkəzləri…

Baş redaktorun fikrincə, həbs edildiyi gün yayılan son yazısında Əli Həsənovu qəzəbləndirən onun prezidentin köməkçisi adından istifadə edərək mətbuata ayrılan vəsaitləri mənimsəməsini və vəsaitləri özünə yaxın şəxslər arasında bölüşdürməsini qeyd etməsi olub:

"Eyni zamanda yazımda qeyd etmişdim ki, Ə.Həsənov jurnalistlər üçün tikilən binalardakı mənzilləri həm də öz qohumlarına, dayı qızlarına, xalaqızlarına və digər yaxın qohumlarına paylayıb. Bu halların araşdırılmalı olmasını da yazımda qeyd etmişdim. Yazıda Ə.Həsənovun teleradionu da şəxsi mülkiyyətinə çevirməsindən, xalqın milli dəyərlərinə zidd olan proqramların hazırlanmasıa şərait yaratmasından, oğlunu telekanallara nəzarətçi təyin etməsindən bəhs olunmuşdu. Məqalədə əsas mahiyyət kəsb edən məqamlardan biri də Ə.Həsənovun müxtəlif adlardan, şəxslərdən yararlanaraq, dövlət vəsaitlərini mənimsəməsi idi. Belə ki, Əli Həsənov Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin təşkilatına ildə daxili və xarici resursların hər birindən 500 min manat qrant ayırılmasını təmin edib. Belə addımlar isə öz növbəsində QHT-lər arasında narazılıqların formalaşmasına gətirib çıxarıb.

Yazıdakı Ə.Həsənovu narazı salan məqam onun hədəfə aldığı məmurları sadalamağım, Rusiya xüsusi xidmət orqanlarının tapşırıqlarını icra etməsini qələmə almağım idi. Sosial şəbəkələrdə narazılıqların formalaşmasında xüsusi rol oyanayan bu şəxs dövlət maraqlarına deyil, ona mükafat verən Rusiyanın maraqlarına xidmət göstərməkdədir.

Yazıda Ə.Həsənovun dövlətdən mənimsədiyi vəsaitlərlə oliqarxa çevrilməsi qeyd edildirdi. O, qeyri-rəsmi "Azeinco” MMC-nin rəhbəridir. Həmin şirkət Bakıda və rayonlarda yol çəkilişlərini həyata keçirən əsas şirkətlərdəndir. Layihələri saxta yollarla ələ keçirən bu şirkət dövlətin ayrıdığı milyonlarla vəsaitin Əli Həsənovun büdcəsinə toplanmasını təmin edir. Bu haqda mediada məlumatlar açıqlansa da, Əli Həsənov və onun şəbəkəsinin qanunsuz əməlləri araşdırılmayıb, mənimsəməyə şərait yaradılıb.

Yazıda Əli Həsənovun şəxsi ailə biznesinə çevrilmiş "Kaspi” Tədris Mərkəzinin qanunsuz fəaliyyətindən, məmurun gəlir mənbəyinə çevrilməsindən də söz açılırdı. "Kaspi”yə görə digər mərkəzlərə qanunsuz basqılar edildiyi, təhsil şöbələrinin valideynlərinin "Kaspi”yə yönləndirməsindən danışılırdı.

Məqalədə prezidentin köməkçisinin azad mediaya, azad fəaliyyət göstəmək istəyənlərə aşıq savaş açması tam çılpaqlığı ilə açılırdı. Həbsim məhz bunlara görə Ə.Həsənovun sifarişi və DTX-nin İstintaq Baş İdarəsinin düzüb qoşduğu saxta ittihamlarla gerçəkləşib. İstintaqın gedişi, "zərəçəkənlər”in zorla ifadəyə məcbur edilməsi ilə bağlı baş verən qanun pozuntuları haqqında Baş Prokurorluğa ünvanladığım müracitlərimə gülməli, utandırıcı cavab verilib. Prokurorluq müraciətimi DTX-ya göndərib və araşdırlmasını istəyib. Yəni, məni həbs edən istintaq idarəsinin qanunsuz saydığım əməllərini elə həmin idarə araşdırmalıdır”.

Məktub müəllifi sonda bir daha vurğulayır ki, o, bilavasitə Əli Həsənov və onun şəbəkəsinin qanunsuz əməllərini araşdırdığı üçün həbs edilib:

"Prezidentin köməkçisi vəzifəsini daşıyan bu şəxsin "SOCAR”, "Azeinco”, QHT-lər vasitəsilə milyonlar qazanmasını, Azərbaycan mətbuatına düşmən kəsilməsini yazmaq görünür, DTX və digər qurumlar tərəfindən həbs edilmək deməkdir. Azərbaycan mətbuatının bəzi müstəqil nümayəndələri də mənim başıma gələnlərə baxıb Əli Həsənov barəsində yazmaqdan çəkinir və həqiqəti söyləməkdən qorxurlar. Lakin unudurlar ki, mətbuatın və dövlətin düşməninə çevrilən Əli Həsənov, Vüqar Əliyev, Əflatun Amaşov, Müşfiq Ələsgərli və digərlərinin qanunsuz əməllərinə qarşı birgə çalışmaq lazımdır”.

İkram Rəhimov 2018-ci il oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin CM-in 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs kimi saxlanılıb. İ.Rəhimov ittihamları rədd edir.

"Əli müəllimin hansı fondu var ki, təşkilata pul versin?”

Meydan TV məqalədə adı çəkilən Əli Həsənovla Vüqar Əliyevin məsələyə münasibətini öyrənə bilməyib.

Mətbuat Şurasının üzvü Müşfiq Ələsgərli isə deyilənləri təkzib edib, onu "cinayətkar” adlandırmadığını deyib:

"İkram Rəhimov DTX tərəfindən həbs edilib, maddələri də bəllidir. O, həbsindən əvvəl Mətbuat Şurasını qınayan yazı yazmışdı, mən də onun haqqında məqalə yazmışdım. Onun təqsirləndirildiyi maddələrin bizə aidiyyatı yoxdur”.

M.Ələsgərli rəhbərlik etdiyi təşkilatla bağlı deyilənləri də yalan adlandırıb:

"O adam kim idi, mən bilmirəm. Nə normal jurnalist olub, nə də hər hansı münasibətimiz olub. Niyə haqqımızda yazır, mən bilmirəm. Əli müəllimin hansı fondu var ki, təşkilata pul versin? Çox absurd iddiadır. Həbsindən əvvəl də belə yazırdı. Niyə bizdən danışır, deyim: 2017-ci ilin sentyabr ayında onun rəhbərlik etdiyi qəzet haqqında Mətbuat Şurasına şikayət edilmişdi. Biz də onu çağırdıq, normal şəkildə söhbət etdik. Dedik, məqalədə etik kodeks, balans prinsipi pozulub. Yazılarda böhtan, birtərəfli münasibət vardı. Ona xəbərdarlıq etdik, dedik, bu cür hərəkətlərə son qoysun. Nədənsə bu cür münasibətimiz onda qıcıq yaratdı. Mətbuat Şurası 100-lərlə belə şikayətə baxır, hər kəs də normal yanaşır. Amma İkram Rəhimovda qıcıq, əsəb yaratdı. Elə həmin vaxtdan da başlayaraq haqqımızda neqativ, mediaya yaraşmayan yazılar yazıb. Biz ona cavab verməmişik. Bir-iki dəfə də cəhd etdi ki, bizi təxribata çəkib nələrsə etsin, biz ciddi reaksiya vermədik. Ondan sonra daha biz ondan gələn şikayətlərə baxmadıq. Çünki Nizamnaməyə əsasən, xəbərdarlıq edib "qara siyahı”ya salmışıqsa, ondan gələn şikayətlərə baxmırıq. Özünə izah etdik ki, bundan nəticə çıxarmırsa, başqaları onun haqqında hüquqi ölçü götürə bilər. Çünki prosedur belədir; insanlar gəlirlər, normal peşəkar mühitdə bunu həll etmək istəyirlər. Mətbuat Şurasında iş həllini tapmırsa, üz tuturlar hüquq-mühafizə orqanlarına. Biz də izah etmişik, etik kodeksə uyğun olmayan yazılara son qoysun ki, haqqında başqa işlər qaldırılmasın. Hər halda buna reaksiyası onun media adamı olmamasından irəli gəlir. Media adamı olsaydı, bu şeyləri başa düşərdi. Bizim onunla başqa bir problemimiz olmayıb. Həqiqətən də sonradan onunla bağlı şikayətlər oldu və dedik ki, həmin şəxs haqqında yüksək rəyimizi çıxarmışıq, daha şikayətlərə baxmırıq. Başqa mexanizmimiz də yoxdur. Bundan sonra adamlar özləri birbaşa onunla haqq-hesab çəkməyə başladılar. Görünür şikayətlər ediblər və həbs olunub. Amma o, yenə dediyini deyir. Niyə belə edir, nə demək istəyir, mahiyyəti mənə bəlli deyil. Nə mənim, nə də Mətbuat Şurasının onun həbsi ilə bağlı məsələlərə qarışacağımız yoxdur”.

Oxşar xəbərlər