Gəncədəki "Çökək Hamam" "VEGO" Otelin cəngindən xilas olacaqmı ?

  • 11 fev 2019, 09:04

Gəncədə fəaliyyət göstərən "VEGO Otel şəhərin XVII əsrə aid olan tarixi abidəsini illərdir "işğal"a məruz qoyub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunduğu təsbit edilən "Çökək Hamam" (inv №-3870) abidəsi bütün kənar ziyarətçilərinin üzünə bağlanıb.

"Tarixi abidə şəhərin mərkəzində - Cavab Xan küçəsi 48-də yerləşir

"Demokratik.Az" saytına verilən məlumata görə, tarixi abidəni əhatə edən bütün giriş qapılarına qıfıllar vurulub. Nə əcnəbi turistlər, nə də yerli sakinlər əvvəllər olduğu kimi məkanın qədimi arxitektur gözəlliyindən zövq ala, klassik hamam şəraitinə tamaşa edə bilmir. Bu hal isə artıq, haqlı kütləvi narazılıqlar doğurur. Hamamın bir neçə metrliyində olan məsciddə namaz qılan möminlər isə, bu duruma özəlliklə lənət oxuyurlar. Dindarlar hesab edirlər ki, hamamın otel tərəfindən istifadəsi həm dini, həm də mədəni əxlaqa sığmır. 

Bu barədə şikayətlərini ifadə edən Gəncə sakinləri hesab edirlər ki, sözügedən tarixi hamam kimlərinsə kommersiya-qazanc məqsədlərinə xidmət etməklə bir otelin inhisarında deyil, öz əvvəlki müstəqilliyini qazanaraq məhz sadə insanların ixtiyarında olmalıdır. 

Əldə etdiyimiz məlumatlara əsasən, sözügedən "Çökək Hamam" 2014-cü ildən bəri üzbəüz yerləşən məşhur "V&GO" otelin hamamı kimi istifadə edilir. Bura xarici görünüşünə görə tarixi abidə olan hamam kimidirsə,otel müştəriləri üçün əsl "Məşədi İbad" hamamıdır. Otelin müştəriləri, hamama girişi yeraltı tunel vasitəsilə həyata keçirirlər. Otelin içindən hamama xüsusi keçid inşa edilib.

"Demokratik.Az"-a verilən məlumata görə, tarixi abidənin otelin istifadəsinə verilməsi sabiq icra başçısı Elmar Vəliyevlə "V&GO" otelin sahibi Hacı Etibar Həsənov arasındakı sövdələşmə ilə baş tutub. Amma zəruri razılıq sənədləşməsinin Mədəniyyət və Turizm Nazirliyindən də alınması danılmazdır.

Bildirək ki, adıçəkilən otel sahibi uzun illərdir Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən  "Aviasiya təmiri Zavodu"nun direktorudur.

Maraqlı daha bir məqam isə odur ki, Hacı Etibar təkcə tarixi abidəni yox, elə otel binasını da dolayı yolla əldə edib. Belə ki, otel binası əvvəllər dövlət balansında olan bir ATS binası olub və sabiq rabitə naziri Əli Abbasovun icazəsilə Hacı Etibarın mülkiyyətinə - Otelə çevrilib.

Maraqlıdır, görəsən Mədəniyyət və Turizm Nazirliyi tarixi binanı "V&GO" otelin istifadəsinə (icarəyə) verərkən hansı məcburiyyətləri nəzərə alıb? Əgər, nazirliyin Bərpa idarəsi bu kimi tarixi abidələri restovrasiya və təmir etməkdən, belə tarixi-mədəni binaların saxlanma öhdəliyindən bezibsə, onda "Çökək Hamam"ı bir işbazın (otelin-O.N) əlindən almaq gələcəkdə müşkülə çevrilməyəcəkmi?

Təyinatı dəyişdirilməsə də "Çökək Hamam” tarixi kompleksinin "VEGO” otelin gəlir mənbəyinə dönüşdürülməsi, son illər insanların istifadəsindən məhrum edilməsi heç bir haqqa sığmır.  

Ümid edirik ki, aidiyyatı nazirlik məsələyə tezliklə aydınlıq gətirəcək...

Osman Nərimanoğlu

(mövzu diqqətimizdədir)

Təqdim etdiyimiz fotolar müəllifindir:














Demokratik.Az

Oxşar xəbərlər