Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?

  • 17 yan 2019, 12:12

Bu gün səhər saatlarından başlayaraq, Gəncənin tam mərkəzində - şəhər İcra Hakimiyyəti ilə üzbəüz ünvanda yerləşən yaşayış binasının zirzəmisində oyma-dağıtma işləri başlayıb. Əraziyə xeyli sayda işçi və texnika cəlb olunub. (Ünvan: H.Əliyev prospekti 149) 

"Demokratik.Az"-a bina sakinləri tərəfindən daxil olan məlumatda bildirilir ki, qanunsuz işlərə sabiq icra başçısı Elsevər İbrahimov şəxsən rəhbərlik edir.

Sabiq icra başçısı mülki müdafiə məqsədilə istifadə üçün nəzərdə tutulmuş bütün binanın zirzəmisini qanunsuz yolla "mülkiyyətçisinə" çevrilməklə haqlı narazlığa səbəb olub. Vəzifədə olduğu dönəmlərdə binanın birinci mərtəbəsinin hazırki ticarət obyektlərini özəlləşdirən Elsevər İbrahimov indi də bütün binanın zirzəmisinə müxtəlif məsafələrdən qapılar oyduraraq, özünə yeni yeraltı gəlir yerləri inşa etdirir. Pulgətirəcək qapıların isə, binanın həyətə baxan hissəsinə açılması planlaşdırılıb.

Aldığımız məlumata görə, sabiq başçısı təhlükəsizlik qaydalarını da pozaraq, zirzəmidəki qoruyucu panelləri xüsusi dəlici-deşici alətlərlə dağıtdıraraq, istədiyi üslubda "restovrasiya" işləri aparır.

Bu barədə redaksiyamızı bilgiləndirən şikayətçilərin sözlərinə görə, Elsevər İbrahimov bu özbaşınalığını məlum sui-qəsdə uğramış sabiq şəhər meri Elmar Vəliyevin də dönəmində reallaşdırmağa çalışıb. Lakin bir neçə gün sonra Elmar Vəliyevin sərt təpkisi ilə işi yarımçıq dayandırılıb. Adamın indiki durumda niyə belə qızışdığını, etdiklərinin icazəsini kimdən aldığını hələlik bilən yoxdur.

Bina sakinlərinin sözlərinə görə, bir neçə yerə qeyri-rəsmi narazılıq bildirsələr də əraziyə nə bir polis gəlir, nə də başqa bir yetkili. Şəhərin tam mərkəzində nə iş baş verdiyi sanki dövlət yetkililərini maraqlandırmır. Sabiq başçının dağıdıcılığının durdurulmaması sakinləri narahat edir və maraqlı suallar yaradır.

Elsevər İbrahimov neçə saatdır ki, özünə məxsus "Range Rover" markalı avtomaşında əyləşərək, binanın zirzəmisində gördürdüyü işlərə şəxsən nəzarət edir. Narazılıq edənlərə isə, müxtəlif bəhanələr gətirərək öz mülkünü təmir etdirdiyini dilə gətirir. Yüzlərcə metrlik bir binanın zirzəmisi axı, necə ola bilər ki, bir adamın mülkiyyətinə çevrilsin?  

Maraqlıdır ki, hazırki icra başçısı Niyazi Bayramov sələfindən fərqli olaraq, əyləşdiyi binanın 10 metrliyində səs-küyü eşidilən bu özbaşınalığa niyə göz yumur?

Aidiyyatı qurumların, Gəncə İHB-nin, DİN-in, xüsusilə də Fövaladə Hallar Nazirliyinin məsələyə təcili müdaxiləsinə ehtiyac var. Bina sakinləri bu özbaşınalığın təcili durdurulacağına ümid edirlər.

Xatırladaq ki, bundan əvvəl qonşu binada da analoji hadisə baş vermişdi, ADAU-nun kafedra müdiri Nazim Nadirov özünə məxsus gözəllik salonunun zirzəsimisini mənimsəyərək, oranı yeraltı ticarət obyektinə çevirə bilmişdi. Nazim Nadirov Elmar Vəliyevin yaxını kimi tanınıb. Onun H. Əliyev prospekti 151 ünvanında gördüyü işlər də sakinlərin kütləvi narazılığını oyatmışdı, lakin, istədiyini başarmışdı.

Görünür, sabiq icra başçısı da bundan həvəsə gəlib.

(mövzu diqqətimizdədir)

Demokratik.Az    

Oxşar xəbərlər