Azərbaycanda dəvələrin sayı getdikcə azalır

  • 05 yan 2019, 09:48

Nazirlik rəsmisi bunun tələbatın az olması ilə bağlı olduğunu deyir

Qədim Şərqin ən geniş təşəkkül tapmış heyvandarlıq sahələrindən biri dəvəçilikdir. Dəvəçilik Hindistan, Pakistan, Əfqanıstan, İran, Suriya, Ərəbistan, bəzi Afrika və Orta Asiya ölkələrində inkişaf  edib. Bu arealın daha çox İslam dini ilə bağlı olduğu, dəvəçiliyin də bura ərəblər tərəfindən yayıldığı güman olunur. Bəzi məlumatlara görə, Afrikanın Aralıq dənizi sahillərində 20-dək dəvə cinsi yetişdirilir.

Dəvələrin saxlanıldığı ölkələrdə ondan həm yük və minik vasitəsi kimi istifadə edir, həm də əti, südü, yunu və dərisindən yararlanırlar.

Ərəb mətbəxinin şahı hesab olunan dəvə əti kimyəvi tərkibinə görə mal ətindən zəngindir. Südünün yağlılığı 50 faizdən artıqdır. Dəvə yeganə heyvandır ki, dənizin şor suyunu içməklə orqanizminin suya olan tələbatını ödəyə bilir. Dəvə yunu zərif yunlardan qiymətli sayılır. O çox dözümlü heyvandır, 1 ton yükü 90-100 km məsafəyə aparmaq qabiliyyətinə malikdir.

Dəvələr kəskin görmə və qoxubilmə qabiliyyətinə malikdir. Bu canlı istiyə ən dözümlü heyvan sayılır. Dəvələr 70 dərəcə istiyə, 50 dərəcə soyuğa davam gətirə bilirlər. Yaşlı dəvə gündə 25-30 litr su içir. Amma onlar yeganə canlıdır ki, 10-12 gün susuz da yaşaya bilir. Dəvələr günlərlə ac qala da bilirlər ki, bu zaman onun köməyinə hörgüçləri gəlir. Hörgüçlərdə vücud ağırlığının beşdə biri qədər yağ toplanır. Ac qalan dəvə orqanizminin yaşaması üçün hörgüçlərindəki yağı sərf edir. Hörgüçlərdə yağ azalarkən onlar yana əyilir.

Dəvələrin südündən həm də təbabətdə geniş istifadə edilir. Şərq ölkələrində "şubat” adlandırılan dəvə südü tibb elminin inkişaf etmədiyi dövrlərdə mədə-bağırsaq, vərəm əleyhinə ən yaxşı müqavimət vasitəsi sayılıb. Vaxtiilə Şərq ölkələrində döyüşə gedən əsgərlərə dəvə südü içirdirlərmiş ki, onun orqanizmi xəstəliklərə və susuzluğa dözümlü olsun.

Azərbaycanda sovet dövrünədək dəvəçilik geniş inkişaf edibmiş. Lakin sovet dövründə bu sahə tənəzzülə uğrayıb. Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin mütəxəssisi Müzəffər Abbasovun "Yeni Müsavat”a dediyinə görə, 1950-ci ildə Azərbaycanda 3 min dəvə olubsa, 90-cı illərdə 100-200 arasına düşüb: "Son illərdə dəvəçilik sahəsində ciddi bir artım görünmür, hətta 2015-ci ilə nisbətən azalma var. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2018-ci il yanvarın 1-nə Azərbaycanda 202 dəvə olub.”

Mütəxəssis bildirir ki, Azərbaycanda dəvəçilik məhsullarına ciddi bir tələbat yoxdur: "Ət olaraq yalnız Bakıda cüzi miqdarda tələbat olur. Südünün hər hansı formada istehlakına dair məlumat yoxdur. Yunundan yəqin ki, istifadə olunur, amma bu, rəsmi uçota düşəcək həddə deyil”.

Qeyd edək ki, Azərbaycanda daha çox ikihörgüçlü dəvə cinsləri saxlanılır. Bu dəvələrin 6-7 yaşına kimi boy və çəkisi artır. Artıq 3-4 yaşında dəvələrin diri çəkisi 900 kq-a çatır. Dəvələr Azərbaycan şəraitində laktasiya ərzində 1600-1700 kq-a qədər südvermə qabiliyyətinə malikdirlər. Bundan əlavə, orta hesabla hər dəvədən ildə 8-10 kq yun götürmək mümkündür.

Statistika Komitəsinin məlumatına görə, Abşeron iqtisadi rayonunda 81, Aran iqtisadi rayonunda 50, Cəbrayıl rayonunda 67, Şərur rayonunda 21 dəvə var.

Nazirlər Kabinetinin 27 aprel 1999-cu il tarixli 74 saylı qərarı ilə Abşeronda "Qobu” Damazlıq Dəvəçilik Təsərrüfatı yaradılıb. Bir vaxtlar dəvəçiliyin inkişafı ilə bağlı dövlət tərəfindən müəyyən addımların atılacağı deyilsə də, reallıqda heç bir tədbir həyata keçirilmədi. M.Abbasov bildirir ki, Azərbaycanda dəvəçiliyin inkişafı üçün şərtlər var, amma tələbat olmadığı üçün artım baş vermir: "Bilirsiniz, 20-ci əsrədək dəvədən əsasən nəqliyyat vasitəsi kimi istifadə olunduğuna görə Azərbaycanda çox saxlanılıb. Təkərli nəqliyyat vasitələri, maşınlar, qatar və sair meydana çıxandan sonra dəvə əsas nəqliyyat vasitəsi olmayıb. Buna görə də tələbat getdikcə azalıb.  Hazırda da dövlətin heyvandarlıqda əsas prioritetləri iribuynuzlu, xırdabuynuzlu maldarlıq və quşçuluğun inkişafıdır. Dəvəçilik ərzaq təhlükəsizliyinin təminatında da hər hansı yer tutmadığına görə dövlət tərəfindən onun inkişafının stimullaşdırılması üçün hər hansı tədbir nəzərdə tutulmur”.

Oxşar xəbərlər