Mehman Hüseynova dəstək aksiyası keçirilib – Saxlanılanlar var

  • 03 yan 2019, 21:26

Yanvarın 3-də blogger Mehman Hüseynov üçün keçirilən dəstək aksiyasında mətbuat nümayəndələri də saxlanılıb.

AnTV.az-ın xəbərinə görə, bir qrup ictimai fəal "Neftçilər” metrostansiyasının çıxış hissəsində bloger Mehman Hüseynovun azad edilməsi tələbi ilə aksiya keçiriblər.
Onlar blogerə qarşı yeni cinayət işini qondarma sayaraq, hakimiyyətin ünvanına sərt tənqidlər səsləndiriblər.

20 dəqiqə sonra aksiya polis əməkdaşları tərəfindən dağıdılıb.

Aksiyanı işıqlandıranlardan Sevinc Vaqifqızı, Əfqan Sadıqov, Fərid Abdinov, Nurlan Qəhrəmanlı eləcə də Fatimə Mövlamlı, Fərid Abdinov, Dilarə Miriyeva, Gülnarə Akif Qizi və başqaları saxlanılıblar.

Bu haqda sosial şəbəkədə ictimai fəallar məlumat yayıblar. Bildirilib ki, jurnalist Sevinc Vaqifqızı 24-cü bölməsinin qarşısında saxlanılıb.

jurnalistlər-saxlanılıb-768x472-696x428

Qeyd edək ki, yanvarın 3-də müxalif partiyalar da Mehman Hüseynova yeni cinayət işinin açılmasına etiraz olaraq bəyanat veriblər.

Xatırladaq ki, həbs müddətinin bitməsinə iki ay qalmış, Mehman Hüseynova qarşı yeni ittihamlar irəli sürülüb.

Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Oxşar xəbərlər