Qız qaçıran şəxsin şikayəti rədd edildi və həbsdə qaldı

  • 13 dek 2018, 16:02

Yetkinlik yaşına çatmayan qızı qaçıran şəxsin şikayəti rədd edilib.

Musavat.com xəbər verir ki, yetkinlik yaşına çatmayan qızı qaçırmaqda və qanunsuz silah gəzdirmədə təqsirləndirilən Müqəddəs Qəhrəmanov, Rahib Həsənov və Təhmasib Həsənov yenidən hakim qarşısına çıxarılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müqəddəs Qəhrəmanov 10 il 3 ay, Rahib Həsənov və Təhmasib Həsənov hər biri 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qala Müqəddəs Qəhrəmanov apellyasiya şikayəti verib. Şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub və M.Qəhrəmanovun şikayəti təmin edilməyib.

Xatırladaq ki, hadisə 2017-ci il noyabr ayının 23-də, 16:20 radələrində Ağcabədi rayonu, Minəxorlu kəndində baş verib.

Müqəddəs Qəhrəmanov həmkəndliləri - R.Həsənov və T.Həsənovla birgə həmin kəndin sakini, 2002-ci ildə anadan olmuş, yetkinlik yaşına çatmayan qızı evlənmək məqsədilə zorla qaçırıb. Onlar bulaqdan evlərinə su gətirən qızı zorla avtomobilə əyləşdirib, onu Ağcabədi şəhəri, E.İsmayılov küçəsi, təzə məhəllədə yerləşən fərdi yaşayış evinə aparıblar.

Hadisədən bir neçə saat sonra Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb. Araşdırma zamanı onların üzərində olan soyuq silahlar aşkar edilərək götürülüb.

Oxşar xəbərlər